Əsas səhifə Biznes Biznes məqalələri “Game of Thrones”dən marketinq dərsləri

“Game of Thrones”dən marketinq dərsləri

148

Dünyada yaşayan bütün insanlar ikiyə bölünür: Game of Thrones serialına baxanlar və baxmayanlar. Bəşəriyyət tarixinin ən möhtəşəm TV əsəri hesab olunan Game of Thrones nəyin hesabına bu qədər uğurlu oldu? İlk növbədə TV serial janrına bir çox inqlabi yenilik gətirməklə. Həmin yeniliklərin ən böyüyü heç şübhəsiz əsərin ağlasığmaz sayda qəhrəmanları və bu qəhrəmanların yaratdığı dərin obrazlardır. Bu səbəbdən Game of Thrones bir çox sahə mütəxəssisləri tərəfindən tədqiq olunmaqdadır. Marketinqin də bu serialdan öyrənə biləcəyi bir çox dərs var. Hazırkı yazıda serialın qəhrəmanlarına fokus edərək hər birindən ala biləcəyimiz marketinq dərslərini yazacam. Ümid edirəm yazını bəyənəcək və öz rəyinizi də paylaşmağı unutmayacaqsız.

Game of Thrones qəhrəmanları

Vacib qeyd: Yazını oxuyursunuzsa güman edirəm ki, Game of Thrones serialına baxmısız. Serial bitdiyinə görə də spoiler barədə xəbərdarlıq etməyə ehtiyac görmürəm. Qəhrəmanların adlarını Azərbaycan dilinə tərcümə etmədən verdim ki, hansındasa yanlışlıq olmasın.

HIGH SPARROW

Yüksək ideallara sadiq fanatik – High Sparrow seriala ibrətamiz bir obraz qazandırdı. Amma fanatik olması ona məsələlərə daha geniş bucaqdan baxmağa imkan vermədi. Hər bir problemin həllini ancaq cəza verməkdə gördü. Öz keçmiş təcrübəsinə tam olaraq etibar etdi, sifarişçisi olan Serseyanın əsl niyyətini gözardı etdi. Nəticədə isə onun tərəfindən gələ biləcək təhlükəni sezə bilmədi. Hər bir marketer də ona tapşırılan məsələni həll etmək üçün ilk öncə bazar araşdırması keçirməli, sifarişçisinin (rəhbərliyinin) əsl niyyətini anlamalı və mövcud şəraiti dəyərləndirərək cəza ilə yanaşı təbliğat-təşviqat alətlərindən də düzgün istifadə etməyi bacarmalıdır.

Bronn

Muzdlu döyüşçü olan Bronn serial boyu Lannisterlərə sadiq qalmağı ilə yadda qaldı. Əjdahaya qarşı döyüşdə belə o, Lannisterlərin ordusunda vuruşdu. Ən son aldığı qətl tapşırığında isə ağıl ilə davranaraq yenə də Lannisterlərin sözünə güvəndi. Nəticədə arzuladığı qəsri və rütbəni əldə edərək Westerosu idarə edənlərdən biri oldu. Marketer üçün Bronn davamlılığın və məqsədədoğru irəlləməyin gözəl bir nümunəsidir. Müştərisinə loyal qalaraq, onun bütün istəklərini yerinə yetirərək və müştərinin gözlədiyindən də artığını (həyatını xilas edərək) edərək məqsədə nail olmağın mümkünlüyünü nümayiş etdirdi.

THEON GREYJOY

Theon serialın ən yazıq obrazlarından biridir – uşaq ikən atası tərəfindən girov olaraq Stark ailəsinə verildi, Stark ailəsində sevgi ilə rəftar edildi və ailə üzvü kimi qəbul olundu. Buna baxmayaraq Stark ailəsinə və öz doğma bacısına bir neçə dəfə xəyanət etdi. Faciəvi səhvlər ilə dolu həyatında yenə də özündə güc taparaq etdiyi səhvləri hardasa düzəldə bildi. Sonda isə öz canını gələcək kral uğrunda fəda etdi. Theon obrazı marketer üçün bir vacib həqiqəti çatdırır: sənə dəyər verən müştərini heç vaxt satmayacaqsan. Ani qazanc uğruna olsa belə sənə loyal olan müştəri yeni, daha pullu müştəridən biznes üçün daha dəyərlidir.

STANNIS BARATHEON

Stannis Baratheon Dəmir Taxta ən real iddiası olan namizəd idi. Əhali və zədagənlər tərəfindən geniş dəstək toplayaraq hücuma keçdi, amma ard-arda məğlubiyyətlər yaşadı. Əsas məqsədindən yayınıb kiçik hədəflərə üz tutdu. Real gücünə arxalanmayaraq kral adına yaraşmayan sehrə güvəndi, qələbəsi uğrunda öz qardaşını və doğma qızını qurban verdi. Bütün kartlar əlində olduğu təqdirdə yenə də məğlub oldu. Stannis obrazı biz marketerlərə psevdo-güclərə arxayın olmadan, planlı şəkildə məqsədə doğru getməyi öyrədir. Əsas məqsədə aparmayan hədəflər , qanunsuz və brend dəyərlərinə uyğunsuz alətlərdən istifadə brend üçün faciəvi nəticələnəcəkdir.

MELISANDRE

Melisandre cadugədir. Serial boyu çox sayıda səhvlər etdi, yanlış kral namizədini dəstəklədi, inancı uğrunda az yaşlı qızı belə qurban gətirdi. Son sezonda müsbət addımlarla yadda qalsa da ümumi obraz olaraq marketerlər üçün kifayət qədər ibrətamizdir. Etdiyinin düzgünlüyünə inana bilərsən, amma etdiklərin müştəri maraqlarına cavb vermirsə, ondan artıq səy tələb edirsə zəhmətin uğursuz olacaq. Hər bir marketer yanlış yolda olduğunu görəndən sonra səhvini qəbul etməli və vaxt itirmədən düzgün istiqaməti tapmalıdır. İşini bitirəndən sonra da getməyi bacarmalıdır.

DAARIO NAHARIS

Daario çox bacarıqlı döyüşçüdür – 3 döyüş tərzində vuruşa bilir və cəngavər kodeksinə riayyət edir. Sevdiyi qadın uğrunda hər şeyə qadırdir, öz komandirinin başını kəsib sevgilisinin ayaqları altına atır və ona sadiqliyini ifadə edir. Amma bu qədər qəhrəmanlıqlarına baxmayaraq Kraliçə onu özünə layiq bilmir, özü ilə birgə həyatının ən vacib səfərinə aparmır. Marketerlər üçün Daario qısa müddətdə parlayan ulduz məhsul kimidir – bir anda populyarlaşır, amma öz məqsədini yerinə yetirib kənara atılır. Həmin ulduz məhsul brendə çevrilə bilsəydi müştəri loyallığını qoruyub saxlayardı.

YARA GREYJOY

Yara Greyjoy da brend dəyərlərindən kasad bir obraz kimi qarşımıza çıxır. Marketinq və brend strategiyası olmadan müəyyən addımlar atır, amma uğur qazana bilmir. Yalnız kraliçəyə sadiqlik andı içəndən sonra özünə bir məqsəd qazanır və sonda Dəmir Adalarını geri qaytarır. Bazara yeni daxil olan brendlər də bir mərhələyə qədər lider brendlərin kölgəsində inkişaf edir, amma öz brend kimliyi qazana bilməsə yox olmağa məhkumdur.

OBERYN MARTELL

Oberyn Martell heç şübhəsiz Game of Thrones serialının ən çox bəyənilən qəhrəmanlarından biridir. Amma bizim gözümüzdə nə qədər qəhrəman kimi görsənsə də ancaq şəxsi məqsədlərini güdür. Bacısının qisası ilə səhnəyə çıxır, amma öz gücünə arxayın olaraq döyüşdə məğlub olur, faciəvi şəkildə öldürülür. Qısa müddətli məqsədlər güdən brend və marketerlər də eyni aqibəti yaşamağa məhkumdur. Uzunmüddətli strategiya olmadan, SMART məqsədlər qoyulmadan bazarda uğur qazanmaq alınmayacaq.

SANSA STARK

Serialın ən parlaq obrazlarından biri Sansa Stark məqsədlərinə nail olan nadir qəhrəmanlardan biridir. Ailəsinə sadiq qalaraq Şimalın müstəqilliyi uğrunda çalışdı və istədiyini əldə edərək Şimalın Kraliçəsi oldu. Sansa brend dəyərlərinə sadiq qalmağın ən yaxşı nümunəsidir – ən çətin anlarında belə müdrik qərarlar verərək məqsədinə doğru irəlləyirdi.

ROBB STARK

Robb Stark atasının intiqamını almaq, bacılarını xilas etmək üçün Şimal ordularını toplayıb cənuba hücuma keçdi və ard-arda qələbələr qazandı. Amma aşiq olaraq siyasi məqsədlərinə xilaf çıxdı və xəyanətin nəticəsində öldürüldü. Marketinqdə də romantik hisslərə yer yoxdur – bütün maraqlı tərəflərin qəbul etdiyi bir marketinq plan varsa ona riayyət etmək və məqsədə nail olana qədər uğrunda çalışmaq lazımdır.

VARYS

Varys hər zaman ikinci planda qalsa da hadisələrin ümumi axarına və əsas qəhrəmanların bir-birinə olan münasibətlərinə güclü təsir göstərə bilirdi. Dövlətə və tac-taxta ən layiq namizədə dəstəyi ilə yadda qalan Varys bu məqsəd uğurunda min-bir hiylə işlədib öz həyatını belə qurban verməyə hazır idi. Marketinq şöbələri və bu şöbələrin müdirləri də inandıqları həqiqəti rəhbərliyə və sahibkara deməyi, öz mövqeyini müdafiə etməyi və altdan-altdan siyasət işlədərək marketinq strategiyasının və planlarının icrasına mane olanları ortadan qaldırmağı bacarmalıdırlar.

MARGAERY TYRELL

Anası ilə birgə çox incə siyasət yeridən Margaery hamının nifrət etdiyi gənc kralı idarə etməyi bacardı. Qaynanasın sürəti olsa da, daha yumşaq və daha ədalətli idi. Əsilzadə olaraq tərbiyə alması ona insanlarda yaxşılıqları görməyə öyrətmişdi. Marketinq konsultantları da bu cür yanaşmanı rəhbər tutaraq şirkət və marketinq rəhbərlərini tərbiyə etməyi, onlara düzgün yol və yanaşmanı göstərməlidirlər.

NED STARK

Öz həyatını cəngavər şərəfi və ədalət prinsipləri ilə yaşayan Ned Stark xəyanətin qurbanı oldu. Marketer Ned Stark obrazından nə öyrənə bilər? Hər hansı vacib bir marketinq qərarını verəndən öncə bazarı araşdırmağı, bazarın bütün oyunçuların güddüyü maraqları nəzərə almağı və öz siyasətini ona görə müəyyən etmək lazımdır.

SAMWELL TARLY

Samwell Tarly-in silahı onun qələmi və oxuduğu kitablarıdır. O, qılıcların oynadığı meydanda biliyin nə qədər vacib olduğunu sübut etdi və durmadan öz elmini artırmağa çalışdı. Marketinq sənət qədər elmdir – bu elmi yorulmadan və davamlı şəkildə öyrənib öz işində tətbiq etmək lazımdır.

BRIENNE OF TARTH

Qadınların cəngavər olmadığı bir dövrdə Brienne andına sadaqəti və cəsarətilə öz adına hörmət etdirməyi bacardı. Bu qəhrəmanlığı ona sonra cəngavərlərin ən üst rütbəsi sayılan Kral Mühafizəsinin başçısı ünvanını qazandırdı. Şərəfi və izzəti ilə yaşayan Brienne marketerlərə düzgünlüyü və xəyanət etməməyi öyrədir – xüsusən vəzifəsindən sui-istifadənin geniş yayıldığı yerli marketinq icmasına.

TYRION LANNISTER

Tyrion obrazının təkamülü serialın onurğa sütunudur desək yanılmarıq. Heç kimin sevmədiyi bir şəxs sonda Kralları taxta oturan qəhrəmana çevrildi. Necə? İnsanların etdiyi səhvlərdən ibrət götürərək və ən yaxşılarından öyrənərək. Marketer üçün də netvorkinq ən güclü silahlarından biri olmalıdır. Öyrənib inkişaf etdiyi şirkətlərdə işləməyə çalışmalıdır.

GREY WORM

Grey Worm Kraliçəsinin əmrlərinin sözsüz-sualsız icraçısıdır. Bu həyatda sadə bir məqsədi var: qul olan xalqlara azadlıq gətirmək. Amma sonda əmr sahibinin öz məqsədindən yayınmasına səs qaldırmaması ilk və ən böyük səhvi oldu. Marketer şirkətin əsas məqsədinin qoruyucusu olmalıdır – bu məqsədə cavab verməyən rəhbərliyin istənilən qərarına etiraz etməyi bacarmalıdır.

DAENERYS TARGARYEN

Sıfırdan ən üst səviyyəyə – Dəmir Taxtın sahibi olmağa qədər qalxmağı bacaran Daenerys sona qədər serialın ən müsbət obrazı ünvanını daşıdı. Amma rəhbərlik etmək istədiyi xalqa terror tətbiq etməsi onun müsbət obrazına heç yaraşmadı. Xalq kral üçün müştəridirsə marketer müştərisinin ağına-qarasına baxmamalıdır. Müştəri şirkətə pul qazandırırsa onun nazı ilə oynamaq lazımdır.

JON SNOW

Jon Snow demək olar ki mənfi cəhətlərdən məhrum bir personaj idi. Yeganə mənfi cəhəti heç bir iddiasının olmamasıdır. Bir brendsənsə bazar liderliyi iddian olmalıdır. Lider olmasan bazarın ucqarlıqlarında qalmağa məhkumsan. Lider kimi doğulmayan brendlərin də sonradan lider olması mümkün deyil – liderə yaraşan brendinq etməyənə və bazar liderliyinə aparacaq marketinq strategiyasını tətbiq edənə qədər.

CERSEI LANNISTER

Game of Thrones-un yeganə dərs alınmayacaq qəhramanı varsa o da Cersei-dir. Yox, ondan da bir dərs almaq olar: Cersei həyatını uşaqları üçün yaşadı. Böyük oğlu əsl cani olsa da onun zülmünü dəstəklədi. Öz qardaşı ilə yaxınlıq etdiyini hər kəsdən gizlətməsi serialın əsas muharibəsi olan 5 krallığın savaşını alovlandırdı. Marketer hər hansı bir marketinq səhvi etdikdə öz səhvini boynuna almalı, bu səhvini ört-basdır etmək üçün başqa səhvləri etməkdən çəkinməlidir.

ARYA STARK

Arya Stark serialın əsl marketeridir. İlk başdan özünə məqsədlər təyin edib, siyahısındakı adamları öldürmək üçün tələb olunan ən güclü bilik və bacarıqlara yeyələndi. Bu biliyi ilə Westerosun ən güclü döyüşçülərini belə məğlub etməyi bacardı. Bir şirkətdə öz məqsədlərinə nail olandan sonra isə xidmət edə biləcəyi yeni şirkətlər axtarışına çıxdı.

Game of Thrones serialını izləyən üçün yazdıqlarımın daha sonrasını düşünmək və öz sahəsinə uyğun dərsləri çıxartmağa kömək edəcəyinə inanıram. Marketerlərə faydalı olması ümidilə.

Rəy bildir

Please enter your comment!
Please enter your name here