3 ay bundan öncə Samsung şirkəti qatlana bilən Galaxy Fold smartfon modelinin test versiyalarını jurnalistlərə göndərmişdi. Bu test nəticəsində isə məlum oldu ki, Galaxy Fold-un ekranı 1-2 günlük istifadədən sonra sıradan çıxır. Nəticədə şirkət smartfon modellərini geri çağırdı və onun satışlarını bilinməyən vaxta kimi təxirə saldı. Uzun müddətlik sakitlikdən sonra şirkət bu smartfonun nə zaman satışa çıxacağı barəsində məlumatı verdi.
Engadget saytının sözlərinə əsasən Samsung şirkətinin təqdim etmiş olduğu press-relizdə Galaxy Fold-un sentyabr ayında satışa çıxacağını bildirib. Lakin yalnız hələki seçilmiş bazarlar üçün. Təəssüflər olsun ki, şirkət smartfonun ilk olaraq hansı bazarlarda satışa çıxacağını bildirməyib. Buna baxmayaraq şirkət smartfonun yeni dizaynını təqdim edib.
Yeni dizayna əsasən qoruyucu örtüyün kənarları gövdənin daxilində gizlədilib. Bu ona görə edilib ki, istifadəçilər səhvən və ya bilərəkdən həmin qoruyucu hissəni çıxartmasınlar. Samsung həmçinin qatlana bilən ekranlara əlavə olaraq metal materialdan hazırlanmış örtük də əlavə edib və şarnir ilə gövdənin arasındakı məsafəni azaldıb. Şirkət həmçinin bildirib ki, hal hazırda o, tətbiqlərin optimizasiyası üzərində çalışır.