Əsas səhifə Biznes Gəncədə yaranan, Sumqayıtda inkişaf edən, ABŞ-da qlobal bazara açılan “Black Street”

Gəncədə yaranan, Sumqayıtda inkişaf edən, ABŞ-da qlobal bazara açılan “Black Street”

7028
Paylaş

Mediamark şirkətinin direktoru, sosial media mütəxəssisi Orxan Rzayev ABŞ-a biznes səfəri ərəfəsində maraqlı məqamları izləyiciləri ilə paylaşıb:

Bir neçə gün öncə (Mayın 11-i) ABŞ-a ikinci səfərim baş tutdu. Ötən ilin dekabrındakı səfərdə vəziyyət fərqli idi: Buraya ilk səfərim olduğundan hər şey yeni, hər şey fərqli idi. Bu haqda 5 bloq yazısı dərc etmişdim.

Bu dəfə isə vəziyyət tam fərqli idi. İndi ABŞ-la tanışlıq üçün yox, biznes məqsədilə səfər etmişəm. Səfər əsnasında Gəncədə əsası qoyulan, Sumqayıtda inkişaf edən, ABŞ-ın Kansas ştatında qlobal bazara açılan “Black Street” brendinin sahibi Fuad Ağayevin qonağı oldum. Artıq bir neçə gündür ki, Kansas-dayam. Hazırda ABŞ bazarında online satışın qurulması prosesini təhlil edirik. Bu haqda yaxın günlərdə Fuadla video-bloqumda ətraflı danışacağıq. Əminəm ki, o videonu izləyən əksər gənc dostlarımızın biznesə olan baxışında ciddi dəyişiklik baş verəcək.

Mənə maraqlı olan isə başqa hadisədir: Sumqayıtda fəaliyyət göstərən bir mağaza bir neçə aydır ki, ABŞ-da iki Mall-da eyni adla fəaliyyət göstərir. İndi isə artıq öz məhsulunu çıxarıb və bu məhsul bu gündən etibarən ABŞ-da satışdadır:

Black Street Jaguar Shoes / Black Street Zebra Shoes

Dünən ayaqqabını əlimə alanda qəribə bir hiss bürüdü məni. Təsəvvür edin, 20-22 yaşlı 4 azərbaycanlı gəncin 7 il öncə yaratdığı, aksessuar satmaqla başladığı kiçik bir mağaza bu gün artıq ABŞ-da bir şirkətdir, öz adına məhsul istehsal edir və ABŞ bazarında satmağa başlayır və hədəflərini qlobal qoyur. Bəlkə də bir neçə il sonra “Black Street” növbəti dünya brendi olacaq və biz fəxrlə bunun Azərbaycanda yaranan, azərbaycanlıların yaratdığı bir brend olduğunu danışacağıq hər yerdə.