Alver saytlarında kolleksiya sahibinin satışa çıxardığı modellərə də rast gəlmək olar.
Formula1 get-gedə ölkəmizdə də populyarlaşır. Əlbəttə, ölkəmizdə keçirilən Azərbaycan Qran Prisi dünyanın ən sürətli idman növünə olan marağı daha da artırır. Həm yarışları canlı izləyənləri, həm də mütəmadi olaraq TV-dən izləyənləri F1 maşınlarının qiymətləri maraqlandırır. Sözün düzü ən yeni texnikanı heç bir komanda satmaz, çünki rəqiblər bu maşını almaqla komandanın sirlərinə yiyələnə bilərlər. Amma bir müddət keçdikdən sonra, xüsusən də müflis olmuş komandalar texnikalarını satışa çıxarırlar. Eyni zamanda, alver saytlarında vaxtılə hansısa kolleksiya sahibinin satışa çıxardığı modellərə də rast gəlmək olar. Avtosfer.az xəbər verir ki, F-1.az Britaniyanın RaceCarsDirect portalında hazırda satışda olan 15 F1 maşınının olduğunu müəyyən edib. Gəlin onları birlikdə nəzərdən keçirək.
Ensign N177
1977-ci ildə Ensign komandanın hazırladığı bu maşını 1977-1979-cu illərdə çempionatda Kley Reqatsoni, Jaki İks, Nelson Pike, Patrik Tambe və Derek Deli idarə etmişdilər. İlk debüt yarışındaca Reqatsoniyə 6-cı yerə görə 1 xal qazandırmışdı. Ən yaxşı nəticəsi isə 4 dəfə 5-cilik olmuşdu. Bu maşını almaq istəyən sürət həvəskarı 295 min funt sterlinq (645 min manat) ödəməli olacaq…
Toleman TG185
Toleman komandasının 1985-ci ildə hazırladığı son maşındır. Komanda Ayrton Senna kimi həm sürətli, həm də varlı sürücünü itirdikdən sonra yeni maşını mövsümün əvvəlinə hazırlaya bilməmişdi. Benetton şirkəti ilə sponsor müqaviləsi imzalandıqdan sonra maşın mövsümün 4-cü yarışına hazırlanmışdı və əsas sürücü kimi Teo Fabi tərəfindən idarə olunmuşdu. Nürburqrinqdə italiyalı sürücü bu maşınla poul qazanmışdı, amma təəssüf ki, start aldığı 13 yarışın yalnız 2-də finiş görə bilmişdi: 12-ci və 14-cü yerlərdə. Mövsümün sonunda isə komanda Benetton şirkətinə satılmışdı. Bu gözəl maşını almaq istəyən kolleksioner 225 min funt sterlinqindən (492 min manat) keçməli olacaq…
Arrows A9
Arrows komandasının 1986-cı il üçün hazırladığı A8 modelinin təkmilləşmiş versiyası idi, amma Tyerri Butsen həm Almaniyada, həm də Avstriyada start aldığı yarışların heç birində finişə çata bilməmişdi. Kristian Danner isə cümə və şənbə günlərini A9-la keçirsə də, bazar günü yarışa A8-lə qatılmışdı. Maşın gələcək sahibinə cəmi 175 min funta (383 min manat) başa gələcək…
Tyrrell 017
Ken Tirrellin başçılıq etdiyi komandanın 1988-ci il üçün hazırladığı bu maşını Conatan Palmer və Culian Beyli idarə etmişdilər. Mövsüm ərzində Palmer 3 dəfə ilk altılıqda finiş gördüyü üçün 5 xal qazanmaq mümkün olmuşdu. Hazırda maşın tam işlək vəziyyətdədir və cəmi 99 min funta (217 min manat) sizin qarajı bəzəyə bilər…
Jordan 195
Eddi Cordanın sahibi olduğu komandanın 1995-ci il üçün hazırladığı bu maşını Rubens Barrikello və Eddi İrvayn idarə etmişdilər. Jan Alezinin karyerasında yeganə qələbə qazandığı Kanada Qran Prisində Rubens 2-ci olmaqla komanda tarixində ən yüksək nəticəni göstərmişdi. İrvayn isə finiş xəttini 3-cü keçməklə komanda başçısını göyün yeddinci qatına qaldırmışdı. Komanda həmin mövsümü 21 xalla Mühəndislər Kubokunda 6-cı yerdə başa vurmuşdu. Bu məhsuldar maşının cari sahibi 97.5 min funt (214 min manat) müqabilində dəyişə bilər…
Arrows A18
satışa çıxarılan növbəti maşın isə əfsanədir. Onun burnundakı 1 rəqəmi isə satıcının marketinq gedişi deyil. Deymon Hill 1996-cı ildə titulu qazandıqdan sonra Frənk Uilyams tərəfindən istefaya göndərilmişdi, britaniyalı sürücü o zaman autsayder olan Arrows komandası ilə müqavilə bağlaya bilmişdi. Əlbəttə, Yamaha motoru çox zəif və etibarsız idi, ona görə də sürücü yalnız mövsümün 9-cu yarışında, doğma Silverstounda 6-cı yeri tutmaqla ilk xalını qazanmışdı. Amma iki yarış sonra Macarıstanda yalnız son döngələrdə qələbəni əldən vermişdi. Lüksemburqda Arrows-un digər sürücüsü Pedro Paulu Dinits 5-ci yeri tutmaqla komandanın xal ehtiyatını 9-a çatdırmışdı. Çempionun idarə etdiyi maşının sizin kolleksiyaya düşməyi üçün cəmi 68 min funt (150 min manat) ödəməyiniz kifayətdir…
Yuxarıda dərc etdiyimiz maşınların qiymətləri aşkar göstərilib, amma RaceCarsDirect-də daha təzə maşınlar var ki, onların qiyməti yalnız razılaşdırma yolu ilə danışıqlar nəticəsində bəlli olur. Sözün düzünü deyim ki, satışa çıxarılan modellər arasında ən təzəsi BAR komandasının 2002-ci ildə Jil Vilnövə və 2003-cü ildə Censon Battona məxsus maşınları oldu. İstənilən halda, hər bir F1 maşını bütün kolleksiyaların bəzəyi ola bilər…
©avtosfer