“Foreks” bazarlarına yatırılan vəsaitlər kəskin azalıb

Date:

Paylaş:

Azərbaycanda xarici maliyə bazarlarındakı törəmə alətlərə – Foreks bazarlarına yatırılan vəsaitlər kəskin azalıb. Bakı Fond Birjasının (BFB) açıqladığı göstəricilərə əsasən, 2019-cu ilin birinci rübündə birjanın törəmə alətlər (Foreks) bazarında ötən ilin eyni dövrü ilə müqayisədə 3 qat azalma olub. Ötən il həcmi 1 milyard 896 milyon manata çatan bazarının həcmi bu il təqribən 3,1 dəfə azalaraq 610 milyon manata düşüb.

«Foreks» bazarına yatırımların azalmasının səbəbi maliyyə bazarlarındakı qeyri müəyyənlik və investorların gözləmə mövqeyi tutmasıdır. Bu barədə FED.az-a Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) İdarə Heyətinin sədri Ceyhun İbrahimov bildirib. Onun sözlərinə görə, son 6 ay ərzində «Foreks»ə yatırımların həcminin kəskin azalması müşahidə edilir, səbəbi Foreks əməliyyatlarının əvvəlki kimi gəlirli olmamasıdır: «Bazarda ən çox ticarət olunan alətlərə nəzər salsaq, məsələn, avro-dollar cütlüyündə məzənnə dəyişikliyi son 6 ay ərzində 200-250 point civarında, yəni 2-3 sent arasında dəyişir. Müqayisə üçün bildirək ki, bundan əvvəlki 6 ayda avro-dollar məzənnəsi 2-3 dəfə artıq dəhlizdə dəyişirdi».

Başqa sözlə, bir neçə ay əvvəl avro-dollar məzənəsi 1,12-1,20 arasında dəyişirdisə, hazırda bu göstərici 1,12-1,13 arasında dəyişir. Dəhlizin daralması investorların gəlir götürmək imkanını da zəiflədib. 

Durğunluq bütün birja alətlərində, o cümlədən neftin qiymətində də hiss olunur. Belə ki, son aylar «qara qızıl»ın qiyməti müəyyən həddə sabitləşib: «Neftin qiyməti son 6-7 ay ərzində 4-5 dollar arasında dəyişir və hazırda 65-70 dollar arasındadır».

Neft hasil edən dövlətlər üçün bu sabitlik sərfəli olsa da, «Foreks» oyunçuları üçün gəlirlərin azalması deməkdir. Məsələ bundadır ki, «Foreks»də gəlir qiymətlərin artıb- azalmasından əldə edilir, sabitlik isə gəlirləri kəskin aşağı salır.

C.İbrahimov bildirir ki, adətən durğunluqdan sonra bazarda canlanma olur: «Hər belə sabitlikdən sonra biz böyük qiymət dəyişikliklərini müşahidə edirik. Sadəcə indi investorlar səhv etməmək üçün daha çox gözləmə mövqeyində qalmağa çalışırlar.

Ekspertin sözlərinə görə, Foreks bazarındakı bu durğunluq bu sahəyə maraq göstərənlərin sayını azaltmayıb: «Foreks-də hesab açanların sayı artır. Amma say artımına baxmayaraq hətta mövcud müştərilər də əməliyyatların həcmini kəskin azaldıblar. Yəni kiçik investorlar da böyük investorların nə qərar verəcəklərini gözləyirlər».

Hərçənd AFBİA-nın rəhbəri bildirir ki, əslində hazırda Foreks bazarında yatırım və gəlir götürmək üçün böyük imkanlar var, məsələn iştirakçılar pullarını səhm bazarlarına yatıra bilərlər. Amma Azərbaycandan olan investorlar pullarını nədənsə, daha çox maliyyə alətlərinə (məsələn, avro-dollar cütlüyünə) və neftin qiymətinə yatırırlar.

Halbuki, yatırımları səhm bazarına yönəltməklə daha böyük gəlir götürmək olar: «Hazırda Foreks əməliyyatları üçün ən gəlirli bazar səhm bazarı sayılır. Xüsusilə ABŞ-ın səhm bazarı kəskin volotilliklə (qiymət dəyişiklikləri ilə – investorlar üçün sərfəlidir) yadda qalır». ABŞ-da açıqlanan iqtisadi göstəricilər, eləcə də siyasi bəyanatlar, o cümlədən, prezident Trampın tvitləri özünü səhm bazarında da göstərir və qiymətləri dəyişir: «Məsələn, 1-ci rübün hesabatlarının açıqlanması «Alibaba»da, «Facebook»da və «Google»də kəskin qiymət dəyişikliklərinə səbəb oldu, o cümlədən son hadisələr «Boeing»in səhmlərinin qiymətlərinə də təsir etdi. Amma təəəssüf ki, Azərbaycandakı Foreks istifadəçiləri xarici səhm bazarından daha çox valyuta bazarına meyl göstərirlər».

Qeyd edək ki, son dövrlər Türkiyə bazarlarında da kəskin volotillik var və ilk baxışdan belə kəskin qiymət dəyişiklikləri Foreks investorları üçün cəlbedici ola bilər. Amma C.İbrahimov Foreks istifadəçilərinə hələlik Türkiyə bazarına yatırım etməyi məsləhət görmür: «Türkiyədə vəziyyət daha açcınacaqlıdır. Baxmayaraq ki, türk lirəsinin məzənnəsi kəskin dəyişir, bazarda onu təhlil edərək, öncədən görmək və proqnoz vermək çox çətindir, hətta mümkün deyil».

AFBİA-nın rəhbəri bildirir ki, bu gün türk lirəsinin məzənnə dəyişmələri çox riskli sayılır: «Çoxsaylı risklər, o cümlədən siyasi risklər var və bu da maliyyə bazarlarına, buradakı əməliyyatlara təsirini göstərir.  İstənilən zaman bir neçə 100 point qiymət dəyişikliyi ola bilər. Bu da investolar üçün çətindir».

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...