Amerikalı model və “Kylie Cosmetics” şirkətinin təsisçisi Kayli Cenner “Forbes” jurnalının bu il 30 yaşından yuxarı olmayan dünyanın ən gənc milyarderləri siyahısının birinci yerinə layiq görülüb.
Bizplus.az-ın “Forbes”a istinadən verdiyi məlumata görə, 22 yaşlı amerikalı sahibkarın sərvəti 1 mlrd. dollar dəyərində qiymətləndirilir. Ötən ilin noyabr ayında K. Cenner “Kylie Cosmetics” şirkətinin səhmlərinin 51%-ni kosmetika istehsalçısı “Coty” şirkətinə 600 mln. dollara satıb.
Reytinqin ikinci və üçüncü yerlərində 23 və 24 yaşlı Aleksandra və Katarina Andresen bacıları qərarlaşıb. Qızlardan hər biri atalarının qurduğu Norveçin “Ferd” investisiya şirkətinin səhmlərinin 42%-nə sahibdir. Bacıların hər birinin sərvəti 1,1 mlrd. dollar dəyərində qiymətləndirilir.
Ötənilki reytinqlə müqayisədə siyahının ilk onluğunda 1,1 mlrd. dollarlıq sərvətlə Braziliyanın “Diagnosticos da America” tibb şirkətinin icraçı direktoru, 29 yaşlı Pedru de qodoy Bueno, “Draexlmaier” avtomobilləri üçün komponentlər tədarük edən Almaniya şirkətinin sahibi, 29 yaşlı Liza Drekslmayer (sərvəti 1 mlrd. dollar) və “B. Braun” əczaçılıq şirkətində pay sahibi olan, 30 yaşlı almaniyalı Lüdviq Teodor Braun (sərvəti 1 mlrd. dollar) yer alıblar.
Bununla belə, siyahıda ən zəngin iş adamı adına irlandiyalı Con Kollison layiq görülüb. Onun sərvəti 3,2 mlrd. dollar dəyərində qiymətləndirilir. 29 yaşlı Con böyük qardaşı Patriklə birlikdə “Stripe” ödəmə sistemini quranlardandır.