“Fiat Chrysler Automobiles” (FCA) alyansı ABŞ-ın Ədliyyə nazirliyi və dizel avtomobil sahibləri tərəfindən irəli sürülmüş iddiaların tənzimlənməsi üçün 700 milyon dollarlıq təzminat ödəməkdən imtina edib. İddiaçılar alyansı dizel avtomobillərində ziyanlı tullantıların səviyyəsini gizlətməyə imkan verən xüsusi proqram təminatının quraşdırılmasında, həmçinin müstəqil ekoloji testlərin məlumatlarını saxtalaşdırmaqda ittiham edirlər.
“Bizplus.az” “İnsider.az”-a istinadən bildirir ki, FCA konserninin federal və Kaliforniya ştatının nizamlayıcılarına 311 miyon dollar, bu sahədə qanunvericiliyin pozulması faktlarını araşdıran ştat hakimiyyətinə isə 75 milyon dollar ödəyəcəyi bildirilib. Alyans, həmçinin avtomobil sahiblərinin iddialarını qarşılamaq üçün 280 milyon dollar ödəməlidir. Bundan başqa, konsernin ətraf mühitin çirklədilməsinə görə də müəyyən məbləğ ödəməsi tələb olunur. Əvvəllər FCA konserni ona qarşı sürülmüş ittihamları rədd edib və alyansın rəhbərliyi belə bir proqram təminatını hazırlamağa belə cəhd göstərmədiyini bildirib. Lakin, keçən ilin oktyabrında şirkət araşdırma ilə əlaqədar yaranan ziyanların qarşılanması üçün 815 milyon dollar ayırıb.
2017-ci ilin may ayında ABŞ-ın Ədliyyə nazirliyi FCA alyansından 104 min dizel avtomobilini geri çağıraraq, onların proqram təminatını yeniləməyə məcbur edib.
Yerli hakimiyyətin iddiasına görə, FCA alyansının hərəkətləri azot oksidinin yol verilən səviyyəsinin artmasına gətirib çıxarıb. Bu isə, smoqun yaranmasına və respirator xəstəliklərin inkişafına səbəb olub.