“Facebook” şirkətində işləyən azərbaycanlı gənc

Date:

Paylaş:

Vüsal İbrahimli: “Əvvəllər ayda 200 şirkət işlə bağlı yazırdısa, “Facebook”dan sonra bu rəqəm 2 dəfə artdı”.

Amerikada təhsil almaq arzusu olur, ancaq Azərbaycanda təhsil alır. Buna baxmayaraq, karyerası gözlədiyindən sürətli və uğurlu davam edir. Həm də ailə qurur, iki uşaqla Amerikada təhsilin asan olmayacağını düşünür. Ancaq işlə bağlı tez-tez Amerikaya səfər edir. Bir gün isə Amerika xəyalını gerçəkləşdirmək qərarı verir və ailəsi ilə birlikdə bu ölkəyə köçür.

“İndi Amerikada aldığım maaşı Azərbaycandan çıxanda qazanırdım. O cür şəraiti sırf Amerika xəyalına görə qoyub gəlmişəm” deyən müsahibimiz “Facebook” şirkətinin baş ofisində korporativ maliyyə üzrə analitik vəzifəsində çalışan həmyerlimiz Vüsal İbrahimlidir.

– Karyeranıza nəzər salanda aktiv biri olduğunuz görünür. Maraqlıdır, bu, məktəb illərində də belə olub, yoxsa universitetdən sonra daha aktiv olmusunuz?

– Məktəb vaxtı da aktiv şagird olmuşam, dərslərimi yaxşı oxumağa, əla qiymətlər almağa çalışırdım. Düzdür, 10-11-ci siniflərdə ali məktəbə hazırlaşdığım üçün heç də bütün fənlərdən qiymətlərim əla olmurdu, ancaq buna çalışırdım. Astronomiyaya böyük marağım var idi, coğrafiyanı çox yaxşı oxuyurdum. Ancaq bakalavr təhsilini İqtisad Universitetində almışam. Həmin ərəfədə universitetdə Xüsusi İstedadlar Qrupu (XİQ) açıldı və mən orda təhsil alan ilk tələbələrdən oldum. Ondan sonra daha da aktivləşdim. Bir də mənim kumirim var idi, ona baxıb həvəslənirdim.

– Maraqlıdır, o kumir kim idi?

– Bu mənim kiçik dayım olub. Mən universitetə hazırlaşdığım dönəmdə o, Avropada təhsil alırdı. Valideynlərim ixtisas seçimində dayımla məsləhətləşməyimi istəyirdilər. Aramızda yaş fərqi az olduğu üçün dayımla çox yaxşı anlaşırdıq. 2000-ci ildə mən İqtisad Universitetinə qəbul olanda, o da Harvard Universitetində təhsil qazandı. 1999-cu ildən 2009-cu ilə qədər dayım həyatımda önəmli rol oynadı. Bir çox işlərdə onunla məsləhətləşirdim. Sahəmiz fərqli olduğu üçün zamanla bu məsləhətlərə ara verildi. Sonra artıq mən başqalarının həyatında rol oynamağa başladım.

– Atanızla bağlı da danışaq. Ona kitab da həsr etmisiniz…

– Bunu özüm qeyd edəcəkdim (Gülür). Çünki atam mənə qarşı çox tələbkar və güvənli idi. Məni bir şəxsiyyət kimi yetişdirdiyi üçün və etdiyi fədakarlıqlara görə 50 illik yubileyini keçirdim və haqqında kitab yazdım.

– Atanızın tələbkarlığından danışaq…

– Tələbkar və güclü vizyon yaradan adamdır. Onun tələblərini yerinə yetirməyəndə, günüm qara olurdu (Gülür). Həmişə məktəbə və hətta universitetə belə, gəlib dərslərimlə maraqlanırdı. Müəllimlərimə deyirdi ki, əgər Vüsal oxumasa, ayaqqabınızı çıxarıb başına vurun. Onun bu sözü bütün məktəbdə yayılmışdı. Özü istədiyi ali təhsili ala bilməmişdi, kolleclə kifayətlənmişdi, ancaq mənim üzərimdə tələb qoyurdu, deyirdi ki, pullu-pulsuz fərq etmir, ən yüksək fakültəyə girməlisən, nə lazımdır dəstək olacam. Mən 2000-ci ildə İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul oldum. O vaxt üçün prestijli və çətin qəbul olunan fakültələrdən idi.

– Ödənişli təhsil aldınız, yoxsa?

– Ödənişli idi, ancaq qaçqın olduğumuz üçün təhsil haqqı ödəmirdim. XİQ-də oxuduğum üçün isə rektor təqaüdü alırdım.

– Bəs magistr təhsili?

– Magistr təhsilimi Xəzər Universitetində Biznesin idarə edilməsi üzrə aldım. Təhsil haqqımı isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ödədi.

– Niyə?

– O vaxt İqtisad Universitetində rektorumuz keçmiş rabitə naziri Əli Abbasov idi. O, biz dördüncü kursda oxuyanda nazir təyin olundu. XİQ-i o yaratmışdı. Bildirmişdi ki, XİQ-də ən aktiv, yüksək nəticə göstərən, nümunəvi tələbələrin xaricdə təhsil alması, yaxud ölkədə güclü universitetlərdə oxumaları üçün təhsil haqqı cəhətdən kömək ediləcək. Mən Xəzər Universitetində magistr təhsili üçün qəbul olanda, Əli müəllimə məktub yazdım, nazirlik tərəfindən mənim təhsil haqqım təqaüd proqramı formasında universitetə ödənildi. 2004-2007-ci illərdə Xəzər Universitetində magistr təhsili aldım. Ona görə uzun oldu ki, arada təhsilimi dayandırıb hərbi xidmətə getdim, qayıtdıqdan sonra davam etdim.

– Bir çox hallarda təhsili yarımçıq qoyub hərbi xidmətə getmirlər, iş, təhsil cəhətdən arada fasilə olmasını istəmirlər…

– Hərbi xidmət dövrü mənə əsgərliklə yanaşı, yaxşı iş təcrübəsi də qazandırdı. Çünki mən həmin dövrdə Müdafiə Nazirliyinin nəzdində bir idarədə ingilis, rus, türk dillərində əsgər-tərcüməçi olmuşam.

– Tərcümə işini də bilirdiniz?

– Mən bakalavr təhsili aldığım dönəmdə könüllü olaraq İqtisad Universitetinin elm şöbəsində tərcüməçi çalışırdım. Eyni zamanda ingilis dili müəllimimizin və dayımın məni cəlb etdiyi könüllü layihələrdə tərcüməçi işləyirdim. Tərcüməçi kimi fəaliyyətim əsgərliyə gedənə qədər çox olmuşdu.

– Ölkə xaricinə çıxmağınız, fərqli ölkələrin iş təcrübəsi ilə tanışlığınız nə vaxt oldu?

– Tələbəlik illərindən sonra Avropada yay məktəblərində çox olmuşam. Mən getdiyimdə həm də ölkəmizin təbliğatını aparırdım. Çoxlu təqaüdlü yay universitetlərində iştirak etmişəm. Onlardan ən yadda qalanı İsveçrədəki ETH-Surix (İsveçrə Federal Texnologiya İnstitutu) olub. Nəinki Azərbaycan, ümumiyyətlə, Orta Asiya, Şərqi Avropa, Orta Şərq – bütün bu regiondan bircə mən seçilmişdim. İsveçrədə Albert Enşteynin oxuduğu, həm də dərs dediyi universitetdə qalıb işləmək və oxumaq təklif olundu. O təklifi qəbul etməməkdə böyük səhv etdiyimi düşünürəm. Azərbaycanı orda heç kim tanımırdı. Ölkəmizə qayıdana yaxın hamı mənə “Mister Azərbaycan” deyirdi. Adımı deyə bilmirdilər, “Azərbaycan” deyə çağırırdılar. Qayıtdığımda mənə iş təklif edən şəxs dedi ki, güclü təbliğat bacarığın var, sən gələnə qədər heç kim ölkənizi tanımırdı, indi hamı “Azərbaycan” deyir. Sonra dəb düşdü, hamı orda bir-birini ölkəsinin adı ilə çağırmağa başladı.

Sonra da işlədiyim, magistr təhsili aldığım dönəmdə də ölkə xaricində təlimlərə, kurslara tez-tez göndərirdilər. Demək olar ki, hər üç aydan bir ölkə xaricinə gedirdim.

– Azərbaycandakı karyeranız nə vaxt başladı?

– Bakalavr təhsilimi bitirdikdən sonra Azərbaycanda “AXA MBASK” sığorta şirkətində və “Azersun Holding”də çalışdım. Sonra hərbi xidmətə getdim. Qayıtdıqda isə Amerika bankı olan “TBC kredit”in Azərbaycan nümayəndəliyində işlədim. Sonra audit karyeram başlayıb. Təxminən 6-7 il qlobal audit şirkətlərində çalışdım. Eyni zamanda Azərbaycanda bir neçə beynəlxalq audit şirkətinin nümayəndəliyinin açılmasında birbaşa əməyim olub. Sonra Dünya Bankının Bakı ofisinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə həyata keçirdiyi layihədə maliyyə meneceri olaraq çalışmışam. XİQ-də və MBA fakültəsində 3 ilə yaxın ingilis dilində mühasibatlıq, maliyyə, sığortadan dərs keçmişəm. Amerikaya gəldiyimdə isə “Oxfam”ın Azərbaycandakı ofisində ölkə üzrə maliyyə meneceri kimi çalışırdım.

– Bəs Amerikaya getmək fikrinə nə vaxt gəldiniz?

– Mən həmişə Amerikada – Harvard, Stanford kimi universitetlərdə oxumaq istəyirdim. Universitetə qəbul olduğum ilk ildən belə fikrim var idi. Azərbaycanda təhsil alandan sonra karyeram gözlədiyimdən də sürətli və uğurlu davam etdi. Həm də ailə qurduqdan sonra iki uşaqla Amerikada təhsilin asan olmayacağını düşündüm. Ona görə, Azərbaycanda davam etdim. Ölkəmizdə olanda, işlə bağlı Amerikaya gəlib-gedirdim. Dünya Bankının layihəsində çalışırdım, Amerikaya treninqlərə göndərirdilər. Bir müddət sonra fikirləşdim ki, Avropanı gəzdim, Azərbaycanda yaxşı iş təcrübəsi qazandım, artıq Amerikanın zamanıdır. Gördüm ki, ailə ilə gəlib orta ştatlardan başlaya bilərəm. Amerikaya risk edərək gəldim. Təkbaşına ayaqda qalmağa çalışdım. Təbii ki Azərbaycanda öz şirkətim, layihələrim var idi. Burdan ora işləyirdim, ordakı işlərin bir qismini bura köçürdüm, ona görə ayaqda qala bildim. Onu deyim ki, indi Amerikada aldığım maaşı Azərbaycandan çıxanda qazanırdım. O cür şəraiti sırf Amerika xəyalına görə qoyub gəlmişəm.

– Azərbaycanda da şirkət qurmuşdunuz?

– Audit sahəsində 4 il çalışdıqdan sonra – 2011-ci ildə öz yerli audit şirkətimi qurdum və sonra həmin şirkət qlobal audit şirkətlərindən birinin nümayəndəliyinə çevrildi. Universitetdə dərs demişdim, auditlə bağlı fərqli şirkətlərdə (“BDO”, “Moore Stephens”, “Nexia”) çalışıb təcrübə yığmışdım. Ona görə belə bir şirkət qurmuşdum.

– Amerikaya gedəndə iş var idi, yoxsa tapdınız?

– İlk olaraq Virciniya ştatına gəldik. 4-5 ay işləri araşdırdım, iyun ayında getdik, dekabrda öz işimi qurdum. O işdə çox yaxşı nəticə əldə etdik. Virciniyada azərbaycanlıların konsaltinq şirkətini qurduq. İki il orda yaşadıq. Sonra ailəmlə Kaliforniyaya köçmək qərarı verdik. 4 ildir ki, Kaliforniya ştatındayıq. Kaliforniyaya gəldikdə bir neçə qısamüddətli layihələrdə çalışdıqdan sonra iki qrup yoldaşımı Azərbaycandan dəvət etdim. Onlardan biri ilə Silikon Vadisində “Senpex” startapını qurduq. Həmin şirkət 3 ildir ki, fəaliyyət göstərir. Hazırda həmin şirkətdə çoxlu azərbaycanlılar çalışırlar. Sonra isə digər qrup yoldaşım və bir Amerika vətəndaşı ilə birlikdə üçümüz borcların idarə olunması ilə bağlı startap qurduq. Orda həm təsisçiyəm, həm də maliyyə və əməliyyatlar üzrə müavin vəzifəsindəyəm. O startapda da fəaliyyətimiz davam edir.

– Amerikada şirkət qurmaq üçün çox maliyyə lazım oldu?

– Maksimum 500 dollar xərci var. O pul qeydiyyatdan keçmə və s. işlərə sərf olunur. Şirkətin illik qeydiyyat-saxlama xərci isə 50-200 dollardır.

– Amerikada Stanford Universitetində data analizi və elmi üzrə ixtisasartırma dərəcəsində təhsilinizi davam etdirirsiniz. Bu bir az fərqli sahədir...

– Amerikaya gələndə azərbaycanlı alim, professor Lütfi Zadə ilə görüşdüm, məsləhətlərini aldım. Elə bir ərəfə idi ki, Silikon Vadisinə yeni gəlmişdim. Gah startap qurmaq, gah da proqramist olmaq istəyirdim. Lütfi Zadə bizə dedi ki, artıq kompüter elmləri öyrənməyin, bu, artıq adi ixtisasa çevrilib. Dedi ki, informasiya elmi (data elmi) deyə yeni bir ixtisas meydana gəlib. Hansı ki data analitikası da onun içərisində gedir. Onun həmin fikri mənə qəti qərar verməyə kömək etdi. Ona görə belə bir təhsil almaq fikrinə gəldim.

– İnsanın işinin, vəzifə artımının xarakterinə bağlılığından da danışaq. Məsələyə sizin təcrübənizdən yanaşaq.

– Məktəbdə oxuyanda da, tələbə vaxtı da, işlədiyim yerlərdə də həmişə aktiv, üzdə olmuşam. Gözə girməyə meyilli deyiləm, amma belə görürəm ki, özümdən asılı olmayaraq gözə girirəm. Harada olsam, məni önə çəkirlər. Uşaq vaxtımdan bu yana həmişə hara getmişəmsə, düşünürəm ki, məni olduğumdan yüksək qiymətləndiriblər. Məsələn, 24 yaşım olanda mən bir audit şirkətində assistent idim, başqa qlobal audit şirkətinə müsahibəyə getdim, məni baş auditor götürdülər. Sonra 27 yaşım olanda başqa qlobal audit şirkətinə menecer işi üçün müraciət etmişdim, məni direktor götürdülər. “Azersun”da 9 ay işlədikdən sonra məni “ANS press”ə rəhbər olmaq təklif etdilər. “Azersun”da işləyəndə, sığorta, lizinq şirkətlərinə müsahibəyə getmişdim, direktor qoymaq istəyirdilər. O vaxt isə cəmi 20-21 yaşım var idi. Vaşinqtonda Amerika-Azərbaycan Ticarət Palatasında adi işçi kimi təcrübə keçmək üçün getmişdim. Onlar məni sədr müavini götürmək istədilər. Lakin, viza məsələsinə görə o iş alınmamışdı. Bir neçə gün öncə Silikon Vadisinin başqa bir nəhəng şirkəti məni orta işçi vəzifəsi üçün müsahibəyə çağırdı, müsahibədən sonra menecer vəzifəsi təklif etdilər. Savad, bilik, təcrübə öz yerində, amma xarakter də önəmlidir. İnsan hara getsə, xarakterini də özüylə aparır. Düşünürəm ki, mənim bu cür irəli çəkilməyimdə xarakterimin, özümə əminliyimin, risk etməyə meylli olmağımın da rolu böyükdür. Məndə olan bu qabiliyyəti ilk olaraq babam üzümə demişdi. O vaxtı mən ən çox atam və kiçik dayımla məsləhətləşirdim. Babam bir dəfə məni qırağa çəkərək səmimi şəkildə dedi ki, mənə elə gəlir sənin artıq kiminsə məsləhətini almağına gərək yoxdur, özün hər işi hamıdan yaxşı bilir və edirsən. Özünə oxşa və belə də davam et. O vaxtdan sonra mən həyatımda çox qərarları təkbaşına verməyə başladım.

– Bəzən kadr çox sürətli irəliləyəndə rəhbəri onu qəbul etmir, bu irəliləmə onda qıcıq yaradır. Belə hallarla üzləşirsiniz?

– Deyirlər ki, Azərbaycanda rəhbərlik hansısa kadr çox tez yüksələndə, onu qəbul etmir, təhlükə hesab edir. Amerikada da elədir. Burda çox layihələrdə işlədim, həmişə rəhbərlər məni özlərinə təhdid hesab edirdilər. Onlarla cəmi 2-3 ay işləyə bilirdim. Ancaq həmişə rəhbərimin rəhbəri mənim tərəfimi tuturdu. Bu da göstərir ki, haqsız deyildim.

– “Facebook”da işə düzəlməyiniz necə oldu?

– Şirkət mənimlə agentlik vasitəsilə əlaqə saxladı. Birinci müsahibədə dedilər ki, sizi ikinci müsahibəyə dəvət edəcəyik. Dedim ki, mənə başqa yerlərdən təklif var, bunu bu gün-sabaha gözləyirəm. Bir gün keçəndən sonra birbaşa işə dəvət etdilər. Burda işə düzəlmək asan oldu. Müqavilə ilə işləyirəm. Bir dəfə müqaviləmi uzatdılar, indi də uzatmağı təklif edirlər.

– İş təklifi çox olur?

– “Facebook”da işlədiyimi “Linkedin” profilimdə qeyd edən kimi “Google”, “Amazon” kimi şirkətlər mənə yazmağa başladılar. Əvvəllər ayda 200 şirkət işlə bağlı yazırdısa, “Facebook”dan sonra bu rəqəm 2 dəfə artdı. O qədər yerdən zəng edirdilər ki, “Linkedin”də iş axtarmadığımı qeyd etdim, çünki müraciətlərin hamısına cavab verə bilmirdim. “Google”, “Amazon” məni müsahibə etdi, amma qərar verməmişəm, hələ ki “Facebook”da qalmağı düşünürəm. Silikon Vadisində “Facebook” la yanaşı, ən yaxşı iş yerləri sayılan”Google”, “Linkedin”, “Salesforce” kimi şirkətlərdən təklif olarsa, fikirləşə bilərəm.

Azərbaycanda aldığım təhsil və yığdığım təcrübə ilə burda çox böyük işlər ortaya qoymuşam. Azərbaycandakı qlobal audit şirkətləri mənə çox yaxşı təcrübə qazandırmışdı. Üstəlik ölkəmizdə oxuduğum hər iki universitetin təhsili yüksək idi. Amerikanın təxmini 5000 universiteti var, mənim Azərbaycanda oxuduğum universitetlərdə aldığım təhsil onların 4500 universitetinin təhsilindən yaxşı olmuşdur deyə düşünürəm.

– Silikon Vadisi ilə bağlı məlumatlandırma xarakterli bir layihəniz olmalıdır. Onunla da bağlı məlumat verərsiniz.

– “Silikon Vadisi”nə yeni gəldiyimdə bura ilə bağlı bir layihə etmək istəyirdim. “Silicon Valley for Dummies”– Bilməyənlər, anlamayanlar üçün Silikon Vadisi. O vaxt vatsapda 5 nəfərlik qrupa başladıq. 4 ilin içində ancaq şəxsi tanışlıqlarla üzvlərimiz 40-50 nəfər oldu. Silikon Vadisinə gəlmək istəyənləri və maraqlananları o qrupa əlavə edirdik. İndi o qrupun sosial şəbəkə səhifəsini və qrupunu yaratmışıq. İnsanlar o səhifəyə üzv ola bilərlər. Biz o səhifədə Silikon Vadisi haqqında anlayışı olmayanların bura gəlmək, burdakı iş imkanları, şirkətlər və s.lə bağlı məlumatlar verəcəyik və yeni ideyaları və startup açmaqla bağlı təklifləri nəzərdən keçirəcəyik.

– Silikon Vadisində qalmaq elə də asan deyil. Belə mühitdə dəstək olanlar oldumu?

– Onlar təbii ki, mənim ən çətin günlərimdə fiziki cəhətdən ola bilməsələr belə, mənəvi cəhətdən yanımda olan dostlarımdı. Onların dəstəyi olmadan mən bu amansız rəqabət mühitində çox qala bilməzdim.

– Silikon vadisində – güclü rəqabət olan bir yerdə çalışan şəxs kimi gənclərə məsləhətiniz nə olardı?

– Çalışsınlar həmişə texnika və innovasiya ilə bağlı gündəmi izləsinlər. İxtisas seçimində çoxlu araşdırma etsinlər. Python proqramlaşdırma dilini və SQL sorğu dilini öyrənsinlər, Amerikada artıq orta məktəblərdə və bütün top universitetlərdə ixtisasından asılı olmadan Python proqramlaşdırma dilini tədris edirlər. Bu dilləri bilən insanlar Amerikada 2-3 il təcrübə yığmaqla 150-200 min dollar maaş alırlar. Bu ixtisas data üzrə analitik və ya data üzrə elmi işçi kimi adlanır. Bu sahədə dünyada görünməmiş ekspert qıtlığı var. Data (xam məlumat) çoxdur, analiz edib şirkətlərə faydalı məlumat verə biləcək ekspertlər isə azdır.

Artıq, dünyada istənilən sahədə texniki biliklər tələb olunur. Texnika artıq adi və orta insanın gördüyü işləri sürətlə əvəzləyir. Analitik və yaradıcı ixtisaslar seçsinlər və həmişə özlərinə güclü mentorlar tapsınlar. Mən şəxslən çox insana mentorluq etmişəm. Bir insana bir dəfə söz deməklə o yolu axıra kimi gedə bilməz, ona yaxşı mentor lazımdır.

– Sonuncu sualım sizə bir ata kimi olacaq. Siz öz övladlarınıza atanız sizə yanaşdığı kimi yanaşırsınız, yoxsa necə?

– Düşünürəm ki, övladlarım məndən çox şanslıdırlar. Çünki, elmin və texnologiyanın mənbəyi olan yerdə böyüyürlər. Mən də onlarla atam kimi tələbkaram, lakin ixtisas seçimlərini qabiliyyətlərinə buraxmışıq. Çoxlu məşğələlərə yazdırmışıq, indidən proqramlaşdırma, data analitikası və şahmat kimi beyni güclü çalışdıran sahələrə sövq etdiririk. Evdə Azərbaycan dilində danışmağımıza baxmayaraq, onları Azərbaycan Mədəniyyət Mərkəzimizdəki Azərbaycan dili dərslərinə göndəririk.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...