Əsas səhifə Biznes Müsahibə Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

873

“Uğur formulu” rubrikasında həmsöhbətimiz Face Studio gözəllik salonları şəbəkəsinin yaradıcısı və rəhbəri Rüfət Badirovdur. 

Bizplus.az Finans.az-a istinadla Rüfət Badirovla müsahibəni diqqətinizə çatdırır:

Bu biznesə gəlişiniz necə olub?

Təxminən 10 il əvvəl, mən Amerikaya köçmək istəyirdim, lakin valideynlərimin bundan xəbəri yox idi və onları bir növ fakt qarşısında qoymaq üçün TOEFL testindən belə uğurla keçmişdim. Həll olunacaq yeganə məsələ mənə getməyim üçün müəyyən vəsaitin verilməsi idi. Ancaq valideynlərim buna müsbət baxmadılar və mənim xasiyətimə bələd olduqlarından məsələyə kifayət qədər incə yanaşdılar. O zaman anam artıq salon işlədirdi, ümumiyyətlə müstəqillik dövründə ilk salon açanlardan olub Bakıda. O mənə təklif etdi ki, bir yeni salon açaq, sən o salonu 3-4 ay ərzində işlək vəziyyətə gətir və oradan gələn gəliri sənə hər ay Amerikaya dolanışıq üçün göndərək. O zaman heç bir təcrübəm olmadığına görə, belə qısa bir zamanda gəlir əldə etmək mənə inandırıcı gəldiyindən dedim əla fikirdi, razıyam. Beləliklə, təxminən 20 min manatla ilk salonumuzu açdıq və belə alındı ki, mən valideynlərim tərəfindən heç bir dəstək olmadan tək başına biznesi yürütməli oldum. Nəticədə, ilk 2 il biz faktiki olaraq ziyanla işlədik, ayaqda qalmağımızın əsas səbəbi isə o idi ki, salonun icarəsi üçün haqq ödəmirdik.

Bəs yaranmış vəziyyətdən necə çıxdınız?

Dediyim kimi iki il ziyanla işləyəndən sonra mən qərara gəldim ki, artıq nə isə etmək lazımdır ki, yerimizdə addımlamayaq. O zaman dəyəri təxminən 50 min manat olan lazer aparatı almaq istəyirdim ancaq məlum məsələ idi ki, bu qədər vəsaitim yox idi. Belə olan halda çox böyük riski gözə alaraq yaşadığımız evin təminatı ilə bankdan 3 illiyinə 40 min manat kredit götürdüm və şəxsi avtomobilimi də sataraq həmin aparatı əldə etdim. Bu fikri reallaşdırarkən məndə qəti bir əminlik var idi, bu iş alınacaq və belə də oldu. Biz nəhayət ki, gəlirliliyə çıxdıq və həmin krediti belə 2,5 ilə tam bağladım.

Yaxşı işçi anlamına hansı keyfiyyətlərin varlığını daxil edirsiniz?

Əvvəla ondan başlayım ki, mənə görə biznesin inkişafında düzgün personal seçimi mühüm rol oynayır. Bu zaman ən çox önəm verdiyim keyfiyyət isə intizamdır. Şəxsi müşahidələrimə görə, bütün işçilərə eyni fəaliyyət üçün bərabər şərait yaradılsa da nəticə fərqli olur. O işçi ki intizamlıdır və boş vaxtlarını öz üzərində işləməyə, ən son trendləri izləməyə sərf edir, onların bir qayda olaraq faydalı iş əmsalı və bunun da nəticəsi olaraq gətirdikləri gəlir digərlərinə nisbətən xeyli yüksək olur. Bu yerdə bir haşiyəyə çıxaraq bir işçimizin hekayəsini misal gətirmək istərdim. Həmin adam 12 uşaqdan ibarət olan bir kasıb ailədə doğulub. 2-3 il öncə bizdə gündəlik 5 manata usta köməkçisi kimi işə başlayanda yaşamağa yeri olmadığından damda belə gecələməyə məcbur qalırdı. Bu gün isə o bizim ən yaxşı ustalardan birinə çevrilib. Şəxsi avtomobil və ipotekaya ev əldə edib. Sırf bu şəxsə münasibətdə möhkəm intizamla yanaşı, əlbəttə ki, imkansızlığdan irəli gələn güclü motivasiyanı da qeyd etməliyəm.

Rəqabətin biznesin inkişafında rolunu necə dəyərləndirirsiniz?

Çox böyük dəyər verirəm. Biz o zaman başlayanda bu bazarda artıq öz sözünü demiş bir brend var idi mən daim çalışırdım ki, onların fəaliyyətində olan bütün müsbət məqamlar bizim işimizdə öz əksin tapsın və geniş tətbiq olunsun. Artıq biz bu bazarda müəyyən mənada möhkəmlənməyə və ad çıxarmağa başlayandan sonra onlarla rəqabətə qoşulduq. O bir salon açanda, artıq rəqabətin diktəsi ilə mən də yeni bir salon açırdım. Belə bir rəqibin olması heç zaman səni rahatlamağa qoymur və daim inkişaf itməyə sövq edir. Bunun nəticəsi olaraq bu gün paytaxtda bizdən daha böyük şəbəkəyə malik salon yoxdur. İlin sonuna daha bir salon açmaqla filialların sayını 9-a çatdırmağı planlaşdırırıq.

Sözünüzdən belə çıxdı ki, öz seqmentinizdə faktiki olaraq lidersiniz, bu sizdə rahatlıq hissi yaratmayacaq ki?

Bir zamanlar biz bu bazara girəndə burda artıq yerlər bölünmüşdü. Kimisi birinci, digəri ikinci olduğunu deyib bir anlıq arxayınlaşmışdılar və bizdə, ambisiyalı, enerjili və pul qazanmaq iştahalı biznesə yeni qədəm qoyanlar bu məqamdan yararlanıb bu gün bu yerlərə gəldik. Bu baxımdan mənim üçün əsas olan bu gün onların etdiyini təkrarlamamaq və daim inkişaf etmək, müasir trendlərlə ayaqlaşmaqdır.

Bu bazarda kimləri özünüzə rəqib sayırsınız?

Rəqib deməzdim, çünki onlarla maraqlarımız hər hansı formada kəsişmir ancaq Beutech, Shafa Studio, Anar Ağakişiyev bunların gördükləri işləri yüksək qiymətləndirir və təqdir edirəm.

Qara piarla rastlaşmısınızmı və buna reaksiyanız necə olub?

Facebook-da Empire Beauty adlanan bir qrup var və mən bu yaxınlarda xəbər tutdum ki, orada bizimlə bağlı məhz belə piar aparılır. Sonradan məlum oldu ki, həmin qrupun yaradıcısı olan şəxsin bacısının Bakıda iki gözəllik salonu var. Məhz qara piara yəni uydurma iddialara ən effektiv reaksiya diqqət yetirməmək, etinasızlıq göstərməkdir. Yox o halda ki həqiqətən deyilənlərin bir əsası var, biz buna böyük həssaslıqla yanaşırıq və həmin məsələlər ən yüksək səviyyədə həll olunur. Mən hərdən eşidən də ki bu və ya digər salon məhkəməyə verilib, bu mənə çox qeyri adi gəlir. Bu illər ərzində bizdə bir dəfə də olsun belə hala rast gəlinməyib. Hər hansı narazılıq olduqda bir müştərinin birbaşa mənimlə əlaqə saxlamaq imkanı var. Bunun üçün hər bir filialda inzibatçının yanında şəxsi mobil nömrəm qeyd olunub. Mənim şəxsi yanaşmam belədir ki, hər zaman ilk yerdə müştəri məmnunluğu olmalıdır.

Bir prosedurun qiyməti filialdan və bunu edənin ustalıq səviyyəsindən asılı olaraq dəyişirmi?

Bilirsiniz, əvvəlki illərdə ustaların fərdi bacarıqlarından asılı olaraq qiymət fərqləri olurdu ancaq, indi biz bunu bir xidmət növü kimi qəbul edirik və harada və kim tərəfindən edilməsindən asılı olmayaraq vahid qiymət tətbiq edirik. Bu cür yanaşma keyfiyyət standartına baxışla bağlıdır, yəni iş təcrübəsindən asılı olmayaraq görülən iş mütləq yüksək səviyyədə olmalıdır.

Bəs ustaların iş keyfiyyətinin artırılması istiqamətində hansı işlər görülür?

Bizim ustalar cari ildə Maltada, Türkiyədə, Rusiyada, İspaniyada olublar, yaxın vaxtlarda Dohada olacaqlar. Bir neçə gündən sonra isə bizim ən yaxşı ustalardan biri İngiltərənin paytaxtı Londonda “Vidal Sasoon” tərəfindən təşkil olunacaq nüfuzlu treninqlərdə iştirak edəcək.

Bu səfərlərin maliyyələşməsi necə həyata keçirilir?

Bu treninqlərdə iştirakla bağlı xərclərin yarısı ustaların özü tərəfindən ödənilir. Bu cür yanaşmanın əsas məqsədi odur ki, onları həmin səfərlərə əsasən peşəkar bacarıqların artırılması vasitəsi kimi baxmağa motivasiya etməkdir

Biznesin inkişafı üçün şərait əvvəlki illərə nisbətən dəyişibmi?

İlk illərdə biznesimizin inkişaf etməsini əngəlləyən kifayət qədər bürokratik maneələr var idi. O yerə gəlinmişdi ki, bir dövlət qurumunun əməkdaşları suyun temperaturunun normaya uyğun olmaması kimi məsələlərə diqqət yetirirdilər. Ancaq son 3-4 ildə belə gülünc hallarla artıq demək olar ki rastlaşmırıq. Mənim şəxsi qənaətimə görə bu gün biznesin inkişafına dövlət dəstəyi çox yüksək səviyyədədir.

İş qrafikiniz necədir?

Hər gün saat altıda yuxudan durub gedirəm idmana. Daha sonra gəlirəm bu filiala çünki yeganə iş otağım məhz burada yerləşir. Onu da deyim ki, heç də həmişə bu cür olmayıb. Vaxtilə 4 filialda iş otağım var idi, ancaq zaman keçdikcə bu məsələyə yanaşmam dəyişdi, belə ki, icarə olunan sahəsinin hər bir kvadrat metri xeyir gətirməlidir. Saat 3-ə kimi burda ümumi fəaliyyətlə bağlı sənədləri nəzərdən keçirdikdən sonra gün ərzində ən azı 2-3 filialda olmaq şərti ilə həftə ərzində hər filialda minimum 2 dəfə olmağa çalışıram.

Uzun müddətli istirahətə gedirsinizmi?

Mən hər il avqust ayı istirahətə gedirəm və yalnız sentyabrda işə qayıdıram. Hesab edirəm ki, istirahət çox vacibdir, bundan sonra daha böyük enerji ilə və daha aydın fikirlərlə işə davam edirsən. Bu cür yanaşma işçilərə də şamil olunur. Belə ki, bizim sahənin özəlliyi belədir ki, xüsusilə dırnaq işlərində monotonluq çoxdur və bu, bir müddət sonra işin keyfiyyətinə mütləq şəkildə təsir edir. Ona görə mən hətta məcburi şəkildə xadiməyə kimi hamını məzuniyyətə göndərirəm.

Ərə getmə və falçılar mövzusu üzərində qurulan son reklamlarınız kifayət qədər səs səda saldı. Bu ideyalar nədən qaynaqlanıb?

Kevin Devin adlı müəllifin reklamla bağlı bir kitabı var. Orada deyilir ki, hər bir cəmiyyətin ağrılı mövzuları var və əgər siz ictimai fikirdə bir partlayış etmək istəyisinizsə, onları qabartmaq lazımdır ki, effekti olsun. İndiki kimi yadımdadır, Türkiyədə 2-3 il öncə avqustda hovuzun ətrafında oturub həmin kitabı oxuduqca fikirləşirdim ki, yaxşı bizim cəmiyyətin ağrılı mövzusu nə ola bilər və ağlıma ilk gələn elə ərə getmək oldu. Razılaşın ki, elə bir ailə yoxdur ki, orada bu mövzu nə zamansa qabardılmasın. O ki qaldı falçı mövzusuna həmin ərəfədə mətbuatdan oxumuşdum ki, bir xanım əri ilə bağlı bir məsələnin həlli üçün gedib falçının yanına. Həmin falçı isə ona böyük bir cadunun olunduğunu deyərək bunun həllinin cinlərə 300 min manatlıq qonaqlıq verməkdən keçdiyini bildirib. O xanım da aparıb həmin vəsaiti verib onlara və həmin dələduzlarda sonradan həbs olunub. Bu hadisə məndə böyük şok effekti yaratdı, yəni necə olur ki, insanlar bu cür cəfəngiyyata inanırlar. Bilirəm ki, bu roliklər bir mənalı qarşılanmayıb, bu baxımdan bir məsələyə məxsusi olaraq aydınlıq gətirmək istəyirəm. Bu roliklər əsla auditoriyanın səviyyəsini kiçiltmək məqsədi daşımır. Biz bu reklamlara bəzilərinin həyat prinsiplərini yenidən gözdən keçirməsi üçün bir vasitə kimi baxırıq. Bu reklamda bir çoxları özlərini görüb də, bu acı həqiqətlə barışmadıqda isə ən asan yolu öz neqativini bu tip məsələləri qabardanlara yönəltməkdə görürlər. Ancaq bizim üçün əsas olan bu rolikləri sadəcə təbəssümlə qarşılayıb keçən azsaylı tamaşaçılardı. Məhz onların şərhləri bizi gələcəkdə də bu tip mövzuları gündəmə gətirməyə həvəsləndirir və bunun ardı olacaq.

Bu sahədə kifayət qədər təcrübəyə malik və tanınan bir brendin yaradıcısı kimi bu biznesi başlatmaq istəyində olanlara hansı məsləhətlər verərdiniz?

Biznesdə risk labüddür, müəyyən bir zaman kəsiyində istənilən bir sahibkar bu məqama çatacaq, əsas olan bu riskin hərtərəfli gözdən keçirilməsidir. Yəni hər zaman B planı olmalıdır. Biznes planda mütləq, hədəflərlə yanaşı, gəlir səviyyəsinə çıxılacaq dövrə kimi müəyyən maliyyə ehtiyatının olması mühümdür. Yəni sən icarəyə yer götürüb işə başlayıb bir neçə ay ziyanla işlədikdə, əməkhaqqı, icarə haqqı və digər xərclərin ödənilməsi üçün ehtiyat maliyyə vəsaitinə sahib olmalısan. Ancaq istənilən halda əgər öz ideyalarına inamları varsa risk etməyinə dəyər və uğursuzluqla üzləşdikdə məyusluğa qapanmadan bir daha özlərini sınasınlar.