Rus pulu ilə milyarder olan türk iş adamı – Erman Ilıcak

Date:

Paylaş:

O, Türkiyənin yeddinci varlı şəxsidir. Sərvətini sıfırdan yaradıb. SSRİ-nin dağılmasından sonra 30 min dollarla şirkət təsis edərək əvvəlcə ofislərin təmiri kimi kiçik həcmli işləri həyata keçirib. Müəssisə getdikcə böyüyərək Rusiyada keçirilən satınalmaların əsas qaliblərindən birinə çevrilməyi bacarıb. Söhbət “Rönesans Holding”in sahibi Erman Ilıcakdan gedir.

erman ılıcak

Rusiyada biznes qurmaq istəyəndə anası psixoloqa müraciət edir

Erman Ilıcak 1967-ci ildə Malatyanın Darende mahalında dünyaya gəlib. Atası Bəkir Ilıcak ixtisasca hüquqşünas olub. 1969-cu ildə Ankaraya köçüblər. Beləliklə, atasının işinə görə həyatları Malatya – Ankara arasında keçib. Erman ibtidai və lisey təhsilini TED Ankara Kollecində tamamlayıb. 1990-cı ildə ODTÜ İnşaat Mühəndisliyi Hissəsindən məzun olub. Amerikada idarəetmə üzrə magistr dərəcəsi alıb. Amerikadan qayıtdıqdan sonra 24 yaşında Türkiyənin məşhur iş adanı Şarık Taraya məxsus “Enka” şirkətinin Rusiya üzrə layihələrində mühəndis kimi işə başlayıb. Özü bu haqda “çətin şərtlərdə gecə-gündüz işlədim” deyə bəhs edir: “Bu ölkədəki fürsətləri gördüm və Taradan “icazə” alaraq öz şirkətimi qurdum”.

Qeyd edək ki, anası ilk əvvəl onun Rusiyada şirkət qurmasına qarşı çıxıb. Hətta oğlunun sonu bilinməyən bir macəraya atıldığını düşünərək binalarının üst mərtəbəsində yaşayan psixoloq qonşusundan kömək də istəyib. Ana psixoloqun oğlunu bu qərardan döndərəcəyini düşünsə də, Ilıcak beynindəkiləri reallaşdırmaq məqsədilə Rusiyaya üz tutub.1993-cü ildə işçilərdən biri özü, digəri mühasib və tərcüməçi olmaqla Sankt-Peterburqda evlərin təmiri şirkətini qurub. Bu gün 11 ölkədə faəiyyət göstərən “Rönesans Holding”in ofisi o zaman kiçik və ucuz otelin bir otağında yerləşib.

Erman Ilıcak həmin zamanları belə xatırladır: “ Həyatda ən böyük müəllimim universitetdə oxuyarkən tanış olduğum Şarık Tara olub. Onu böyük qardaş hesab edirəm. Tələbəykən onun şirkətində 2 il “part time” işlədim. Təhsilim bitəndən sonra 3 il yenə “Enka”da davam etdim. Şarık Tara mən daxil olmaqla inşaat sektorunda minlərlə insanı heç bir qarşılıq gözləmədən yetişdirib. 25-26 yaşında idim, Ş.Tara ilə eyni stola oturub rəhmətlik Vehbi Koçla müzakirələrində iştirak edirdim. Bax o, işçiləri ilə özü arasında bu qədər fərq qoymayan insandır. Düzünü deyim, həmin müzakirələr sonradan yaratdığım şirkətin fəaliyyətində mühüm təsirlərə malik oldu”.

Kiçik təmir işlərindən milyon dollarlıq tenderlərə

erman ılıcak

Nəzərə çatdıraq ki, “Rönesans Holding” əvvəlcə kiçik diametrli təmir layihələri ilə yola çıxır. Müəyyən müddət sonra yeni bazarlara açılır. Bir zamanlar 5 nəfərin işlədiyi holdinq “REC Beynəlxalq İnşaat Sənaye Sərmayə və Ticarət MMM” ünvanıyla beynəlxalq podratçı şirkəti xüsusiyyətini belə qazanır. Rusiya, Türkiyə, Liviya, Türkmənistan, Səudiyyə Ərəbistanı və Ukrayna kimi bir çox ölkəni əhatə edən geniş coğrafiyada fəaliyyət göstərməyə başlayır.

“Rönesans Holding” alış-veriş mərkəzləri, ofis binaları, sənaye təsislər, universitetlər, aerodromlar və sair layihələr üzrə podratçı funksiyasında çıxış edir. Dünyanın ən böyük beynəlxalq podratçı şirkətləri arasında ilk yüzlüyə daxildir. Rusiyada isə ikinci böyük xarici şirkətdir. Amma bunlara nail olmaq ona elə də asan başa gəlməyib: “Rusiyaya ilk gedişimdə Sankt-Peterburqun əla bazar olduğunu anlamışdım. Amma işlərin diametri Moskva qədər cazibədar deyildi. Deməli, hər şey belə başladı. “Enka”da işlədiyim müddətdə 30 min dollar yığdım. O dövrün Rusiyasında bu sərmayə işə başlamaq üçün kifayət qədər kafi rəqəm idi. Əvvəlcə şirkəti ortaqlıqla qurmaq istədim. Belə ki, Liviyada birgə işlədiyim dostumun işlərə nəzarət etməsini, Ankarada yaşayan xalamoğlunun isə mühasib işlərini aparmasını təklif etdim. Amma həyat yoldaşları onları uzaq Rusiyaya buraxmadılar. Beləliklə, yola təkbaşıma çıxdım. 1994-cü ilin yanvarında “Rönesans İnşaat” şirkətini qurdum. Hər gün ‘İz Ruk v Ruki’ ( “Əldən Ələ” adlı məşhur elan qəzeti) alırdıq. Bu gün birlikdə işlədiyimiz və şirkətin əhəmiyyətli mövqelərinə yüksələn üç rus işçimin adını da o elanlardan tapmışam. İlk vaxtlar 5-6 min dollarlıq təmir işləri icra edirdik. Eyni zamanda sabun, inşaat vəsaiti kimi bəzi məhsulları Türkiyədən kiçik ölçəklərlə gətirib satırdıq ki əlimizdə nağd pul olsun. İlk ilin sonunda inşaatdan 600 min dollar gəlir götürməklə 1 milyon dollarlıq dövriyyə reallaşdırdıq. Bir sözlə, çarx dönməyə başlamışdı”.

erman ılıcak

İş adamının sözlərinə görə, 1996-cı ilə qədər şirkəti kiçik təmir işləri ilə məşğul olub. İlk böyük sifarişi elə həmin il alıb: “10 milyon dollarlıq dövlət tenderinə qatıldıq. O dövrdə Sankt-Peterburq bazarında bizimlə bərabər Finlandiya və bir neçə rus inşaat şirkəti fəaliyyət göstərirdi. “Rönesans İnşaat” tenderin qalıbi oldu. Və arxası corab söküyü kimi gəlməyə başladı. Məsələn, 1997-ci ildə Rusiyanın ən böyük şirkəti “Baltika” tenderdə rəqabəti təmin etmək üçün bizi də müsabiqəyə dəvət etdi. Adətən şirkət tenderdə işləri finlərə verirdi. Bu dəfə biz qalib gəldik. Əslində, tenderdə finlərin təklif etdiyi rəqəmin yarısını irəli sürdük. Az vəsaitlə finlərdən daha sürətli və ucuz iş reallaşdırdıq. O gündən sonra ”Baltika”nın reallaşdırdığı 120 tenderdən 111-ni biz qazanmışıq. 1997-ci ildən 2003-cü ilədək təkcə “Baltika” üçün 150 milyon dollarlıq iş görmüşük”.

Erman Ilıcak Rusiyanı çökdürən 1998-ci ildəki iqtisadi böhrandan da qazancla çıxır: “Hər kəs Rusiyanın 10 ildən tez ayağa qalxmayacağını düşünürdü. Seçim etmək zamanı gəlmişdi. Öz-özümə dedim ki, başlanğıcda bu iş pul qazanmaq, rahat həyata çatmaq üçün idi. Amma artıq puldan daha əhəmiyyətli bir şey var. Bundan sonra hər kəsə sıfırdan, böyük bir şirkətin yaradılmasının mümkün olacağını göstərmək lazım. Və bu qərarı verib Türkiyədən Sankt-Peterburqa qayıtdım. Biz şirkət olaraq, Rusiyanın bütün bölgələrinə yayılmağa başladıq”.

“Rönesans İnşaat” artıq 2005-c ilin sonunda dünyanın ən böyük inşaat şirkətləri arasında 86-cı sıraya yüksəlir. 2006-cı ildə ilk əllilikdə yer alır. 2010-ci ildə nəşr olunan 225 ən böyük beynəlxalq podratçı şirkətlərin siyahısında 75-ci, 2012-ci ildə 69-cu sırada dayanır. E.Ilıcak Rusiyadakı uğurunun sirrini belə dəyərləndirir: “Hər şeydən əvvəl tədbirli olmaq lazımdır. Sonra verdiyiniz sözə əməl etməli və tuta bilməyəcəyiniz vədi əsla verməməlisiniz. Çünki ruslar sözlərinin sahibidirlər. Qarşılarındakından da eyni münasibəti tələb edirlər. Bir də, insan həyatı boyu dostlarından bir divar hörməlidir. Onu hörə bilmədisə, tez yıxılacaq. Bizim müvəffəqiyyətimizin bir sirri də türk-rus sintezini yaxşı həyata keçirməkdir”.

5 işçisi olan “Rönesans İnşaat” “Rönesans Holding” kimi

erman ılıcak

Hazırda “Rönesans Holding”: inşaat – “RC Rönesans İnşaat Taahhüt A.Ş”, daşınmaz əmlak – “Rönesans Emlak Gelistirme Holding A.Ş (“Rönesans Sağlık Yatırım A.Ş, “Rönesans Gayrımenkul Yatırım”, “Desna Gayrımenkul Yatırım”, “İstanbul Seaport”), enerji-“Rönesans Enerji Üretim A.Ş” (-“Rönesans Elektrik Enerji Topdan Satış A.Ş) sektorunda fəaliyyət göstərir. “Forbes”ə görə, Erman Ilıcak 2,5 milyard dollarlıq sərvətiylə Türkiyənin yeddinci ən varlı insanıdır.

2011-ci ildə şirkətin podratçı kimi dövriyyəsi 2 milyard dollar təşkil edib. Daşınmaz əmlakdan və enerji sektorundan 180 milyon dollar gəlir götürüb. Şirkət Türkiyə xaricində 11 ölkədə – Avstriya, Azərbaycan, Ukrayna, Rusiya kimi inkişaf etməkdə olan ölkələrdə layihələr icra edir. Bu layihələrə ofislər, otellər, qarışıq strukturlar, hava limanları, fabriklər, dövlət binaları, enerji stansiyalarının tikintisi daxildir. Yeri gəlmişkən, Erman Ilıcakın şirkəti milyarder Roman Abrovomiçə məxsus 52 mərtəbəli hərəkət edən binanın inşasını aparır. “Rönesans Holding“ Türkmənistanda isə sırf nazirlik binalarını tikir. Rusiyaya gəlincə, 2013-cü ilə olan rəqəmlərə görə, “Rönesans Holding” burada 37 layihənin podratçısı olub.

Bu arada holdinqdə 36 min nəfər çalışır. Onlardan 20 min nəfəri Rusiyada işləyir. Yerdə qalan 16 min işçi digər ölkələrdə bu arada Ermanın 36 min nəfər işçisindən cəmi 4 min 500 nəfəri türkdür.

Həyatının lüksü avtomobilidir

erman ılıcak

Onu da bildirək ki, iş adamı evlidir. Üç övladı var. Medianın gündəmində olmağı sevmədiyindən mətbuatda ailəsi ilə bağlı xəbərlər, demək olar ki, yer almır. Digər tərəfdən, şirkəti əsasən Ankarada fəaliyyət göstərdiyindən İstanbulun özündə belə onu az tanıyırlar. Erman Ilıcakın həyatda ən böyük lüksü isə avtomobildir – “Bentley”: “Sükan arxasına özüm əyləşəndə yarım saat boyunca musiqi dinləyirəm. Basketbolu da həyatımın lüksü hesab edirəm. Məktəb illərində həmişə basketbol oynayardım, bu həyatımın ən qiymətli anlarıdır”.

Sudan quru çıxır

Türkiyədə 2013-cü ildə korrupsiya iddiaları ilə başlayan həbslər zamanı bir çox iş adamının arasında Erman Ilıcakın da adı çəkilsə də, sonradan bu xəbərlər təkzib olundu.

Maraqlı ola bilər: Batmaqda olan şirkətlərlə milyarder olan türk iş adamı

©publika

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...