“Emosional zəka əldə etmək asan olsaydı, hamı lider olardı” – Uğur hekayəsi

Date:

Paylaş:

Natiq Hacıyev: “İnsan karyerada uğur qazanmaq istəyirsə, özünü də, digərlərini də həvəsləndirməlidir”

Biliyin, sertifikatların, dərəcələrin ola bilər. Amma o düşünür ki, bunlarla yanaşı, irəli getmək üçün vacib amillərdən biri də insani keyfiyyətlərdir. Çünki karyerada adamı irəli aparan xüsusiyyətlərdən biri də insanlarla gözəl ünsiyyət qurulmasıdır. Bunu bacaran insanların həm də geniş şəbəkəsi olduğunu deyən müsahibimiz ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyevdir.

– Karyerasının ilk illərində xaricdə və ölkədə iş təcrübəsi imkanı olanların qarşısında iki yol olur: xaricdə qalmaq, ya da ölkəyə qayıtmaq. Sizin də xaricdə çalışmaq şansınız olub, amma karyeranızın böyük hissəsi Azərbaycana bağlıdır.

– Təhsilimin əsas hissəsini ölkəmizdə almışam. Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsində həm bakalavr, həm magistraturanı bitirmişəm. Sonra karyera fəaliyyətinə başladım. 2004-cü ildə Avropa İttifaqının Nazirlər Kabineti yanında “Nazirlər Kabineti aparatının təkmilləşdirilməsi” layihəsində işlədim. Bir ildən sonra burada qazandığım təcrübə məni daha yüksək hədəflərə həvəsləndirdi. Anladım ki, bunu etmək üçün mütləq əlavə təhsil lazımdır.

2007-ci ildə ABŞ Dövlət Departamentinin “Edmund S.Muskie” təqaüd proqramını qazanıb Amerikaya yolda düşdüm. Bu proqramın şərtlərindən biri o idi ki, təhsilimizi bitirdikdən sonra məzunlar qayıdıb ən azı iki il ölkədə fəaliyyət göstərməlidir. 2009-cu ildə təhsilimi başa vurdum. Proqramın digər iştirakçılarından bəziləri iş tapıb ABŞ-da qaldılar, amma mən geri döndüm. Birincisi, ailəmdən uzaq düşmək istəmirdim – atam rəhmətə getmişdi, anam və bacım burda idi, onlara dəstək lazım idi. Digər tərəfdən, burada artıq müəyyən bir karyera yolum var idi. Qayıdıb, o yolu davam etdirmək, ölkədə öz ixtisas sahəmə töhfə vermək üçün çalışmaq istəyirdim.

ABŞ-ın sabiq prezidenti Con Kennedinin fikrini təkrarlamış olsam, soruşmurdum ki, vətən mənə nə verib, mənim ona nə verə biləcəyim barədə düşünürdüm.

– Yəqin ki xaricdə qalıb çalışmadığınıza görə, sonra heç peşman olmayıbsınız…

– Yox, təəssüflənmirəm. 2009-cu ildə təhsilimi başa vurub qayıdanda xaricə getməyi məcbur edə bilən iş qıtlığı yox idi. Qayıtdıqdan sonra ilk qoşulduğum təşkilat “British Council” idi. Orada proqramlar üzrə menecer kimi fəaliyyətə başladım. Onlar da uzun müddət istədikləri kadrı tapa bilmirmişlər, mənim kimi bir işçi lazım imiş.

Əslində, söhbət xaricdə və ölkədə yaşamağımdan da getmir. Mənim istəyim Azərbaycan üçün nə isə etməkdir. Ola bilsin ki, bir gün xaricdə olum, Azərbaycanla bağlı iş görüm.

– Xaricdə alınan təhsilə, bizdə kadrlar və işəgötürənlər üstünlük kimi baxırlar. Bu təhsil sizə hansı üstünlükləri qazandırdı?

– Hələ ölkəmizdə təhsil aldığım müddətdə müxtəlif beynəlxalq təşkilatlarda gənclər üçün keçirilən proqramlarda iştirak edirdim. Bundan çox şey öyrənirdik. Komanda ilə işləmək, analitik, kritik düşüncə və s. istiqamətdə özümüzü təkmilləşdirirdik.

ABŞ-dakı təhsilimin birinci ilində ancaq intensiv təhsil aldım, ikinci ildə isə oxumaqla yanaşı, Azərbaycanın BMT yanında daimi nümayəndəliyində təcrübə keçdim. Elmi işimi yaza-yaza səfirlərlə, BMT-dəki nümayəndələrlə müsahibələr aparırdım, BMT-nin kitabxanasına çıxışım oldu. Nyu-York şəhərində yaşadım. O iki il hərtərəfli gözəl təcrübə idi.

Və bizim təhsilin bir hissəsi kimi praktiki layihələr etmək vacib idi. Komandalarla praktiki layihələr edirdik, müəyyən ölkələrin, yaxud böyük təşkilatların, şirkətlərin problemlərini araşdırırdıq, onlara təkliflər verirdik. Bu da, çox yaxşı təcrübə idi.

Ümumi olaraq qazandırdığı üstünlüklərə gəlincə, birincisi, xaricdə təhsil almaq yeni mədəniyyətin içində olmaqdır. Mənim oxuduğum təhsil müəssisəsində (SIT Graduate Institute) təhsil alanların 70 faizi xaricilər idi. Orada hər ölkədən adam tapmaq olurdu. Hərənin bir mədəniyyəti olur, onlarla tanış olursan, fərqli mədəniyyətlərə məxsus insanlarla tolerant şəkildə bir yerdə yaşamağı öyrənirsən.

İkincisi, dil biliyin təkmilləşir. Düzdür, mənim ingilis dili biliyim yaxşı idi. Bakı-Türk Anadolu liseyində oxumuşdum, orda da tədris ingilis dilində olduğu üçün dillə bağlı elə bir problemim yox idi, amma yenə də dil biliyim bir az da təkmilləşdi.

Üçüncüsü, ölkəndən, ailəndən ayrı olanda təkbaşına qərar vermək, çətinliklərin öhdəsindən gəlmək kimi bir bacarıqların da formalaşır.

– Xaricdə təhsil aldığınız müddətdə olan tanışlıqlar burada işinizə nə dərəcədə yarayır?

– Əslində, Bakıya qayıdandan sonra burda dissertasiya işimi davam etdirdim. Xaricdəki professorlarla olan əlaqələrim burda da mənə kömək oldu. Onların rəylərini, bəzi məsələlərdə məsləhətlərini aldım. Dostların öz yeri var. Hər hansı ölkənin adını çəksəniz, ordan ən azı bir nəfərlə bir yerdə təhsil almışıq. Hər ölkədə bir dostum var. Ölkələrinə səfər edəndə görüşürük, danışırıq, məsləhətləşirik.

– İnsanı karyerada irəli aparan, sahib olduğu üstünlüklər toplusudur. Sizə görə, bu topluya nələr daxildir?
– Mən 2011-ci ildən ADA universitetində işləyirəm. Amma liderlik təlimləri ilə bağlı fəaliyyət kimi bir hobbim də var. Bununla bağlı dost-tanışa məsləhətlər verirəm, Azərbaycanda layihələr həyata keçirən bir sıra beynəlxalq təşkilatlarda məsləhətçi kimi çıxış edirəm. Bu istiqamətdə “Liderlik” haqqında bir təlimatın yazılmasında da iştirak etmişdim. Sizin sualınıza cavab elə orda qeyd etdiyim bir neçə vacib faktorlardan ibarətdir.

Birincisi, emosional zəka lazımdır. Yəni, insan özünü dərk etməlidir. Hər vəziyyətdə bunu bacarmalıdır. Özünü dərk edən insanların dəyərləri, məqsədləri olur. Bu, şəxsi həyatda da belədir. İkincisi, özünü tənzimləmə çox vacibdir. Emosiyalarını idarə edəndə hər hansı vəziyyətdən çıxış yolunu tapmaq üçün emosiyalara qapılmırsan. Üçüncüsü, həvəsləndirmə-motivasiyadır. İnsan karyerada uğur qazanmaq istəyirsə, özünü də, digərlərini də həvəsləndirməlidir. Dördüncü, empatiya hissi – özünü başqaların yerinə qoymaqdır. Biz insanlar beləyik ki, tez qərar verir, tez tənqid edə bilirik. Amma empatiya hissi vacib elementlərdən biridir ki, uğur qazanmağa kömək edir. Beşinci isə sosial, ünsiyyət bacarıqlarının olmasıdır. İnsanlarla ünsiyyəti bacarmaq lazımdır. Bunu bacaran insanların geniş şəbəkəsi olur.

– Amma bunların hər biri heç də asan əldə olunan məsələ deyil.

– Sadaladıqlarım, liderliyin əsas komponentlərindən sayılır. Təbii ki çətindir. Emosional zəka əldə etmək asan olsaydı, hamı lider olardı. Amma bunlar öyrənməklə əldə edilən bacarıqlardır.

– Siz öyrənibsiniz artıq?

– Hələ də öyrənirəm. Təbii ki, bunun üçün həm də ətrafda müvafiq mühit – emosional zəkalı insanlar olmalıdır ki, öyrənməyə təkan versin. Nə qədər çalışsanız da, tək əldən səs çıxmaz.

– Karyera irəliləyişinə nail olanların hər birində müəyyən bir çətin dövr olur. Elə dövr ki, nə qədər irəlidə olsa da, o günləri heç unutmur. Sizdə elə bir zaman olubmu?
– Bu sual məni bir az arxaya baxıb fikirləşməyə sövq etdi. Bu, məndə şəxsi məsələ ilə bağlı olub. 2005-ci ildə bakalavr təhsilimi bitirəndə 21 yaşım var idi. Həmin vaxtlarda atamı itirdim. Diplom işi yazan vaxtlarım idi, həyətdə yas mərasimi keçirilirdi, mən otaqda diplom işi yazırdım. Bu dövrlər mənim üçün çətin idi. Dəstəyin, sanki bir qanadın yox olur. Amma bu, bir növ insanı güclü olmağa sövq edir. Düşünürəm ki, atam bu gün sağ olsa, nailiyyətlərimə sevinərdi. Çünki özü də alim olub, Milli Aviasiya Akademiyasında elmi işlər üzrə prorektor idi. İstiqamətlərimiz fərqli olsa da, mən də bu gün universitetdə çalışıram.

– ADA Universiteti Fondundan, burdakı işinizdən danışaq.

– ADA Universiteti Fondu 2007-ci ildə təsis olunub, mən isə 2011-ci ildən qoşulmuşam. Strateji inkişaf üzrə menecer kimi başladım, daha sonra fondun rəhbəri postuna keçdim. Fondun məqsədi universitetin təhsil və tələbə yönümlü fəaliyyətini təmənnasız dəstəkləməkdən ibarətdir. Unikal sistemdir. Burda önəmli tərəflərdən biri də özəl sektorla universitetin əlaqəsini gücləndirməkdən ibarətdir. Fond bu istiqamətdə körpü rolunu oynayır. Bizim əsas işimiz ondan ibarətdir ki, özəl sektorla əlaqələr quraq, universitetin tələbələrinə xidmət edən təqaüd fondu üçün vəsaitlər cəlb edək, elmi araşdırmaları dəstəkləyəcək maliyyə resursları tapaq.

– İş və şəxsi həyat. Burada vaxt ayırmaq cəhətdən balansı qoruya bilirsiniz?

– Bunu qorumaq lazımdır. Uğurlu şəxslər həm də o adamlardır ki, iş və şəxsi həyat balansını qoruya bilirlər. Hazırkı işimi həm də ona görə sevirəm ki, bu tarazlığı qorumağa imkan yaradır.



– Yəni, evdə xanımdan şikayət olmur?

– (Gülür) Yox olmur. Bəlkə də ona görə olmur ki, biz eyni təşkilatda çalışırıq. ADA Universitetində tanış olub ailə qurmuşuq. İş cədvəllərimizin nə qədər intensiv olduğunu yaxşı bilirik. Və birlikdə bu tarazlığı qorumaq üçün çalışırıq.
– Ənənəvi sual: uğurunuzun sirri nədir?

– Bu sirdir, niyə deyim ki (gülür)? Bu gün mən üzərimə düşən işi bacardığım qədər yaxşı səviyyədə görməyə çalışıram. Demirəm ki, uğursuzam, amma düşünürəm ki, uğurlarımın çoxu hələ qabaqdadır. Məncə, 60 yaşım olanda müəyyən hədəfə çatsam, sizinlə paylaşacaq daha çox misallarım ola bilər.


Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...