Əsas səhifə Biznes Biznes məqalələri “Elon Mask beynimizi kompüterə bağlamağı planlaşdırır”-İlkin Nəsirli

“Elon Mask beynimizi kompüterə bağlamağı planlaşdırır”-İlkin Nəsirli

154

İlkin Nəsirli: “İnsanları super ağıllı və daha sağlam etmək üçün Elon Mask beynimizi kompüterə bağlamağı planlaşdırır”

İxtiraları və gördüyü işlərlə bütün dünyaya özünü sübut edən Elon Mask yenə də dünya mətbuatını həyəcanlandıracaq açıqlamalar verib. İnsan beyni ilə kompüterləri birləşdiməyi hədəfləyən Mask, insanlığın taleyini dəyişdirməyə hazırlaşır. Biz də elektronika mühəndisi ilə Maskın dünyanı lərzəyə gətirən, bəlkə də klassik insanlığı “bitirəcək” layihəsini müzakirə etdik. Həmsöhbətimiz İlkin Nəsirlidir.
İlkin 1994-cü ildə Gəncədə anadan olub. Azərbaycan Texniki Universitetinin Elektronika, telekommunikasiya və radiotexnika ixtisasını bakalavr və magistr dərəcələri üzrə bitirib. Hazırda süni intellekt üzərində çalışır. Həmçinin müəllimdir və gənc nəslə daha rahat şəkildə, cizgi filmləri vasitəsilə elektronikanı izah edir: “Bizim sahə çox geniş, əvvəli və sonu bilinməyən elm sahəsidir. Mən öyrənmək üçün çox əziyyət çəkmişəm. Ona görə də bir mövzu üzərində aylarla dayanmaq əvəzinə, fərqli metodlar ilə elektronikanı öyrətməyə çalışıram”.
İlkin Nəsirli
İlkin Nəsirli
İki il bundan öncə Tesla Motors və SpaceX-in qurucusu, Cənubi afrikalı iş adamı Elon Mask NeuraLink adlı yeni bir şirkət qurduğunu və insan beynini kompüter interfeyslərinə bağlamaq üçün texnologiyalar üzərində çalışdığını bildirmişdi. Ötən gün isə layihənin hazır olduğunu ictimaiyyətə açıqladı. Bəs texnoloji inqilab effekti verəcək layihə nədir? Əgər bu, həyata keçərsə, insanlığı nə gözləyir?
“İnsan beyninə mikroçip yerləşdiriləcək”
Maskın şirkəti qurmaqda məqsədi insan beyninə mikroçip yerləşdirib, neyronları müşahidə etmək, gələn informasiyanı rəqəmsal siqnallara çevirib kompüterə ötürmək idi. İlkin deyir ki, iki ildir bu layihə haqda xəbər gözləyib və araşdırmalar aparıb: “Elon Mask PayPal, SolarCity, Tesla avtomobilləri, SpaceX layihələri ilə bizlərə mümkünsüzü mümkün etməyə inandırmağı bacardı. Bu layihə digərlərindən fərqlidir və çox zəhmət, risk tələb edir. Məlumatlara görə, layihə artıq siçanlar üzərində test olunub. Birinci mərhələdə 1000 ədəd neyronu izləmək üçün saç telindən də nazik olan implantlar neyronlarla rabitə bağlantısı yaradacaq və bununla da neyroendogen qrupuna daxil olan xəstəlikləri sağaltmaq mümkün olacaq. Məsələn, parkinson xəstəliyi, avtoqəzalarda beyindən qaynaqlanan xəstəliklər müalicə olunacaq, görmə qabiliyyətini itirmiş insanların görmə, eləcə də eşitmə, danışma qabiliyyətləri bərpa olunacaq. Qocalarda tez-tez qarşılaşdığımız hippokamp bölgəsində olan zədələnmiş neyronlar nəticəsində unutqanlıq, yadda saxlamama kimi problemlər aradan qalxacaq. Yəni beyindəki neyronlar bu çiplər vasitəsilə, rəqəmsal sinir şəbəkələri ilə əvəz olunacaq. Bundan əlavə, nevroloji müayinə metodu olan elektroensefaloqrafiyanı artıq neuralink özü analiz edib, insanı depressiyadan çıxaracaq. İflic olan insanlar da yenidən öz əvvəlki vəziyyətlərinə dönə biləcəklər. Neuralink çipləri beyinə aşağı gərginlikli cərəyan verməklə, xroniki depressiya kimi psixi xəstəlikləri də yaxşılaşdıracaq. Bu, hazırda xaricdəki xəstəxanalarda tətbiq olunan müalicə metodudur”.
İlkin Nəsirli
İlkin Nəsirli
İlkinin sözlərinə görə, birinci mərhələdə bu layihənin məqsədi xəstəlikləri aradan qaldırmaq olsa da, daha geniş mövzunu əhatə edir. Gələcək layihələrdə çip internetə bağlanacaq və kompüterlərə ehtiyac olmadan internetdən məlumatları ala biləcəyik. Yəni kitabı oxumağa, əzbərləməyə, başa düşməyə ehtiyacımız olmayacaq. Sadəcə pdf fayl kimi yükləyəcəyik və biləcəyik. Biri ilə danışanda, birini dinləyəndə çox böyük vaxt itiririk, amma beyinlə bu işləri görsək, sürətli məlumat alış-verişi edə bilərik. Bir kitab oxuyanda beyində neyronları birləşdirməyə çalışırıq. Bu layihə əziyyət çəkməyə ehtiyac olmadan özü neyronları birləşdirməyə şərait yaradacaq. Telepatiya ilə də bu mümkündür. Yəni insan beyni ətrafa elektromaqnit dalğalar yayır və biz bu dalğaları başa düşüb, rəy bildirə biləcəyimiz texnologiyanı yarada bilsək, danışmağa və eşitməyə ehtiyac olmadan internetə və ya otaq daxilində Wifi-a qoşulmaqla çox sürətli məlumat alış-verişi edə bilərik.
“Zəkalı olmalıyıq ki, həyatda qala bilək”
Bildiyimiz kimi, süni intellektlər müəyyən sahələrdə artıq insan zəkasının üzərindədir. Elon Mask düşünür ki, süni intellektlər bir müddət sonra insanlar üçün böyük problemlər yarada bilər: “Məsələn, özü düşünən, qərar verən bir süni zəkanın olduğunu təsəvvür edək və o zəkadan təbiəti qorumağı xahiş edək. Süni zəka düşünüb ən rahat metodu seçəcək və işə insanları yox etməklə başlayacaq. Çünki təbiətə ən çox ziyan vuran canlı məhz insandır. Bu zaman süni intellektlər ilə problemlərimiz yaşanacaq. Bu problemləri aradan qaldırmaq üçün biz öz yaratdığımız süni intellektlərdən də zəkalı olmalıyıq ki, həyatda qala bilək”.
Təkamülün növbəti inqilabı
İlkin neuralinklə bağlı gələcəkdə problemlərin olacağını düşünür. Deyir ki, neuralink məhsulu xoş görünsə də, bu gün internetdə viruslar dolandığı kimi, insan beyni də internetə bağlansa, belə problemlər sözsüz yaranacaq. Bu da kompüterlərimizə yox, birbaşa beynimizə zərər yetirəcək. Və ya hakerlər tərəfindən yaddaşımızda olan məlumatlar oğurlanacaq və bu da böyük problemlərə gətirib çıxara bilər. Bu gün facebook, Whatsapp bütün yazışmalarımızı demək olar ki, izləyə bilir. Süni intellektlər hansı insanın necə, hansı təbiətə malik olduğu haqqında analiz edə bilir. Eyni zamanda, fikirləşək ki, bu layihə ilə insanların beyninə daxil olur və nə düşündüklərini, necə hərəkət edəcəklərini, nələri edib, nələri etmədiklərini bilirlər. Bu da məlumat əxlaqının pozulmasına gətirib çıxara bilər. Bundan əlavə, bu layihə həyata keçdikdən sonra varlı təbəqə daha zəkalı, uzun ömürlü olacaq, aşağı təbəqə isə artıq fərqli bir canlı növünə çevriləcək və beləliklə, təkamülün növbəti inqilabı ola bilər”.
“Fantastika filmlərində gördüyümüz insanlara çevrilə bilərik”
Layihənin ən maraqlı tərəflərindən biri isə, insan beynindəki xatirələri silmək imkanının olmasıdır. Yəni çip yerləşdirilir və beyin kompüter vasitəsilə idarə edilir. Səni incidən xatirələri beyindən silə bilirsən. Şirkətin açılışında danışan Elon Mask, bu cihazdan istifadə edənlərin beyinlərini ələ ala biləcəklərini vurğulayıb. Neuralink insan növünün gələcəyini dəyişdirəcək və təkamülünü istiqamətləndirəcək inqilabi texnologiyadır. Şirkətin məhsullarının potensial imkanları saymaqla bitmir. Bir sözlə, fantastika filmlərində gördüyümüz insanlara çevrilə bilərik. Mask, cihazı istifadə edənlərin zamanla süni intellektə məxsus beyinə sahib olacağını vurğulayıb. Əvvəlki açıqlamalarında isə, süni intellektin təhlükələrinə diqqət çəkib və bu texnologiyanın bəşəriyyətin sonu ola biləcəyini söyləyirdi. Məhz buna görə, insanları süni intellektlərlə mübarizə apara biləcək vəziyyətə gətirmək üçün araşdırmalarını davam etdirir. Mask, insan beyninin süni intellekt ilə işləməsi nəticəsində üstün bir zəkanın meydana gələ biləcəyini, bəzi nöqtələrdə insanların süni intellektlə inteqrasiya edə biləcəyini söyləyib: “İnsanların böyük bir qismi saydıqlarımızı bir çiplə həll edə biləcəyimizi bilmirlər. Şirkətimizin məqsədi insan beynini süni intellektə bağlayaraq bir növ ortaq yaşam yaratmaqdır. Əlbəttə ki, bunu kim istəsə, istifadə edə biləcək. Bəs niyə beynimizi süni intellektə bağlayaq?
Birincisi, həyatınızdakı heç nəyi unutmamaq, ikincisi, adi bir insandan yüz dəfə daha sürətli düşünmək üçün. Hadisələrə və dünyaya fərqli baxışlarla baxmaq və böyük məlumatları təhlil etmək üçün süni intellektlə beyin birləşməlidir. Bir sözlə, superağıllı olmaq üçün beyninizi kompüterə bağlayacaqsınız”.
Elon Mask hazırda insanlar üzərində təcrübələrin başlaması üçün ABŞ-ın Qida və Dərman Tənzimləmə Təşkilatından təsdiq gözləyir. 2020-ci ildə artıq layihəyə start verməyi planlaşdırır. Çiplərdən ilk olaraq klinikalarda xəstəliklərin müalicəsində istifadə olunacaq. Daha sonra fərdi istifadə üçün veriləcək. Ən əsası isə, insan beynini yarmadan bu prosesin necə həyata keçiriləcəyi üzərində işləyir.
Qeyd edək ki, NeuraLink beyin funksiyalarının kompüter məlumatlarına necə çevrildiyinin və ya beyin hüceyrələrinin necə stimullaşdırıldığının izahını vermir.
Bunlar hamısı fantastika kimi görünsə də, realdır. Necə ki, 100 il bundan öncə telefonlar, uçan maşınlar, televizorlar insanlara fantastika kimi gəlirdi.

Rəy bildir

Please enter your comment!
Please enter your name here