Əsas səhifə Biznes Elman Rüstəmov: Kriptovalyuta ilə bağlı Mərkəzi Bankın mövqeyi konservativdir

Elman Rüstəmov: Kriptovalyuta ilə bağlı Mərkəzi Bankın mövqeyi konservativdir

1037
Paylaş

Mərkəzi Bank kriptovalyuta problemlərini, “blockchain” texnologiyalarından istifadə problemlərini və bu sahədə tənzimləmə üzrə beynəlxalq təcrübəni diqqətlə izləyir. Kriptovalyuta ilə bağlı bankın mövqeyi konservativdir. Kriptovalyuta paralel maliyyə monetar sistemi deyil, yüksək riskli investisiya aktividir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

““Blockchain” – qabaqcıl texnologiyadır. Yaxın beşillikdə maliyyə sektoru, real sektor, idarəetmə sistemi də daxil olmaqla, bütün sistemdə dəyişikliklərə gətirib çıxaracaq. Bank “Blockchain” texnologiyalarının maliyyə-bank sektorunda tətbiqinə yardım edəcək. Bu sahədə artıq aparıcı məsləhətçi şirkətlərlə danışıqlara başlamışıq. Əvvəlcə “Blockchain”in hüquqi infrastrukturunu yaratmalıyıq, sonra isə onun texnoloji tətbiqinə keçməliyik”, – deyə Elman Rüstəmov bildirib.

Bank sədri diqqətə çatdırıb ki, sərt xarici şok olmazsa, daxili valyuta bazarında sabitlik qorunacaq. Proqnozlaşdırılan neft qiymətləri çərçivəsində tədiyə balansının cari hesabı tarazlıdır, valyuta bazarında tələb-təklif arasında tarazlığı, manatın məzənnəsinin sabitliyini təmin etmək iqtidarındadır. Növbəti ildə pul bazarının inkişaf proqramları üzrə tədbirlər aidiyyəti orqanlarla birlikdə həyata keçiriləcək. Bank sektorunda restrukturizasiya davam etməlidir, kapitalizasiya tədbirləri davam etdirilməlidir. Problemli aktivlər həllini tapmalıdır.