Əsas səhifə Biznes Biznes məqalələri Eleven Kings’in “ilk mərhələsi” və ABŞ səfəri haqda

Eleven Kings’in “ilk mərhələsi” və ABŞ səfəri haqda

864

Hazırda üzərində işlədiyimiz startap, “Eleven Kings” futbol oyunu ilə bağlı fəaliyyətimizi mərhələlərə bölsək, deyə bilərəm ki, 2017-ci ilin iyul ayından başlayan ilk mərhələ 2019-cu ilin 31 mart tarixində yekunlaşdı. Bu mərhələyə ideyanın yaranması, komandanın formalaşması, prototipin hazırlanması, pre-seed investisiyaların cəlb olunması, ABŞ-da təqdimat kimi prosesləri aid edə bilərik.

İlk inkişaf mərhələsi

Oyunun Beta versiyasını istifadəyə vermək bizim üçün çətin idi. Çünki komandamız kiçik idi. Şəkildə gördüyünüz bu 4 nəfər – Nicat, Sərxan, Elşad və mən hər işə qaçırdıq. 2017-ci ilin sonlarından kodlaşdırmaya başlanılsa da 2018ci ilin avqustunda hələ görülməli xeyli iş var idi. Belə bir məqamda Turn LLC şirkətinin ortaqları həm layihəyə ilkin investisiya etməklə, həm də saytın Beta versiyasını istifadəyə vermək məsuliyətini üzərlərinə götürməklə startapın gələcək taleyinə ciddi təsir etdilər.

2018-ci ilin avqustunda Facebook-da paylaşdığım bu şəkil də məhz həmin razılığın əldə edilməsi ilə bağlı idi.

Həmin vaxtdan sonra dəfələrlə Samir, Nurlan və Elşadla gecə 1ə, 2yə kimi ofisdə işlədiyimiz günlər oldu.

Və nəhayət 2018ci il dekabrın 27si komanda mənə ad günü hədiyyəsi olaraq EK-nın Beta versiyasını təqdim etdilər 🙂

Bu şəkil isə 2019-cu il martın sonu, Elgün və Samirlə birgə 31 avqust 2018-də başladığımız mərhələnin yekunu olaraq çəkilib.

Elşad və Samirin komandasının səyi nəticəsində bizim üçün xəyal olan bir oyun platformasını real olaraq istifadəyə verdik. Bundan sonra startapa olan inam kifayət qədər artdı və startap daha ciddi qəbul edilməyə başladı. Elə bunun nümunəsi kimi, artıq Silikon Vadisindən bizi təqdimat etməyə dəvət etməyə başladılar, yerli sahibkarlar investisiya etmək üçün daha çox maraqlanmağa başladılar.

“Founders Space”dən dəvət və ABŞ səfəri

Fevralın əvvəli dünyanın ən məşhur akselerasiya mərkəzlərindən olan “Founders Space”dən Silikon vadisində investorlar qarşısında çıxış etmək üçün dəvət gəldi. Burada bir məqamı qeyd edim ki, Silikon Vadisində bu kimi tədbirlər və investorlar qarşısında çıxış demək olar hər gün baş verir, yəni bizim seçilməyimiz də fövqəladə bir hadisə deyildi. Amma bu, bizim üçün möhtəşəm bir şey idi. Çünki yuxarıda da qeyd etdiyim kimi, artıq oyunumuz işləyirdi və real istifadəçiləri vardı deyə kənardan da ciddi qəbul olunmağa başlamışdı. Üstəgəl dəvət edən tanınmış bir mərkəz idi. Və adı üstündə, “seçib” dəvət edirlər. Bu artıq bir dəyərdir. Həm də oyunumuz artıq işlək olduğundan mənə maraqlı idi ki, ABŞ-da və Avropada (şirkətlər, investorlar tərəfindən) bu startapa reaksiya necə olacaq.

Ona görə də dərhal bilet alıb, San Fransiskoya uçdum (Aktiv ABŞ vizamın olmağı burada tam yerinə düşdü). Ümumilikdə 4 tədbirdə investorlar qarşısında çıxış etdim, daha bir neçə tədbirdə, o cümlədən məşhur startap tədbirlərindən olan “Startup Grind” tədbirində iştirak etdim.

Hətta çıxışlarımı dinləyən bir investor növbəti gün mənə email yazaraq idarə heyəti ilə birgə mənimlə görüşmək istədiklərini bildirdi və bir neçə gün sonra bizim görüşümüz baş tutdu.

Reaksiyalar barədə onu deyə bilərəm ki, investorların və mentorların münasibəti gözlədiyimdən yaxşı oldu. Çünki düşünürdüm ki, onların verəcəyi suallar, baxış bucağı daha fərqli olacaq, bizim nəzərə almağımız xeyli mövzuları ortaya çıxaracaqlar. Amma çıxışlar zamanı verilən bütün suallara tutarlı cavablar verirdim. İnvestorlar da bildirirdi ki, yaxşı hazırlaşmısan, gedəcəyin yolu düzgün hesablamısan. Bu, məni xeyli sevindirirdi.

Amma bunlarla yanaşı ortaya ciddi iş qoymaq lazım idi. Çünki ilkin reaksiyalar əla olsa da ortada hələ ciddi bir iş yoxdur və bu ciddi işi yaratmayanadək mənim ABŞ səfərim sadəcə bir turistik səfərdir 🙂

Amma bizim hədəfimiz qlobal oyun brendi yaratmaqdır və inkişaf yolumuz, planlarımız, addımlarımız dəqiq və həyəcanvericidir. Buna görə də çıxdığımız yolda iddialıyıq. Mart ayında növbəti investisiyanı cəlb etdikdən sonra işimiz daha da sürətləndi.

İkinci mərhələ başladı!

2019-cu ilin Aprel ayından “Eleven Kings” üçün ikinci mərhələnin başladığını deyə bilərik. Artıq daha böyük komandamız var və oyunun təkmilləşdirilməsi istiqamətində, həmçinin Android, iOS mobil tətbiqləri üzərində iş gedir. Eyni zamanda oyun sektorunun influencerləri və tanınmış qlobal şirkətlərlə əməkdaşlıq üçün danışıqlar davam edir. Bir neçə gün sonra Rusiya və Belorusiyaya, May ayında isə Çexiya, Polşa, Almaniyaya səfərlərimiz planlaşdırılıb.

Deyə bilərəm ki, yay aylarında “Eleven Kings”lə bağlı ciddi xəbərlər eşidə biləcəyik. Risklidir, həyəcanlıdır və çox maraqlıdır! 🙂

ORXAN RZAYEV 

Rəy bildir

Please enter your comment!
Please enter your name here