Suallar tarixdə ən uğurlu texnologiya investorlarından biri, Piter Tiildən olacaq.
Piter Tiil həm bakalavr, həm magistr təhsilini Stenford Universitetində almışdır. Facebook-un ilk kənar investorlarındandır, həm də Paypal-ın təsisçilərindən biridir. Uğurları, aldığı mükafatlar haqqında çox yazmaq istəmirəm. İnternetdə bu barədə xeyli məlumat var.
Fərqli, qeyri-ənənəvi fikirləri və yanaşmaları ilə tanınmış Tiilin, mənim də özümdən soruşub hələ cavab tapa bilmədiyim məşhur iki sualını bu yazıda sizinlə paylaşmaq isdəyirəm:
- On ilə çatmaq istədiyin hədəfi növbəti altı ayda reallaşdırmağı niyə düşünmürsən?
Bu suala cavab vermək bütün uzun müddətli hədəflərimizə qısa müddətdə çatmaq və ya bunun yolunu tapmaq demək deyil. Sadəcə, bu yolla hədəfə çatmaq üçün bizə doğrudan da on il tələb olunub olunmadığını müəyyən edirik. Biz təyin edirik ki, bu həqiqətən də hədəfdir, yoxsa, bizim özümüzə təkrarladığımız bir xülya.
- “Demək olar ki, heç kəsin səninlə razılaşmadığı bir şey (bir həqiqət) de mənə.”
Bu sualın başqa bir versiyası belədir: Hazırda heç kimin başlamadığı, sənin başlayacağın və uğurlu olacağın halda hansısa sahədə inqilabı dəyişikliklər edəcək, sənə milyardalar qazandıracaq hansı biznes var?
Piter, bütün nəhəng şirkətlərin sirləri olduğunu, və yaxud, hansısa sirri taparaq uğur əldə etdiklərini deyir. Özümüzdən soruşsaq, bu sual, zehnimizi müxtəlüf təmayüllərin, bunlarla bağlı şişirdilmiş xəbərlərin, söhbətlərin hipnozundan, tilsimindən təmizləməyə və ya zehnimizi belə təsirlərdən qorumağa kömək edir, bizi orijinal olmağa, təkrarsızlığımıza qayıtmağa, məsələlərə, planlarımıza və ətrafda baş verənlərə oradan baxmağa vadar edir. Piterin təbiri ilə desək, biz, boyük şirkətlər kimi, hansısa bir sirri və ya sirləri açıb, müvafiq sahədə inqilab etmiş, dünyanın nəhəng bizneslərindən birini qurmağa aparan yola qədəm qoymuş oluruq.
Bu iki sualla həm də, Henri Fordun çox az sayda insan edir dediyi o çətin işi etmiş olacağıq yəni məqsədləri şəkildə düşünəcəyik.
“DÜŞÜNMƏK DÜNYANIN ƏN ÇƏTIN IŞLƏRINDƏN BIRIDIR: HƏR HALDA BUNA GÖRƏDIR KI, ÇOX AZ SAYDA ADAM EDIR BUNU.”
İndi bu iki çətin sualı özünüzə verin və cavablandırın. Bu, asan görünə bilər, amma cəsarət lazımdır ki, bu sualı soruşub, üzərində düşünəsən və cavab tapmağa çalışasan.
Əgər, sadəcə ətrafdakıları təkrarlayaraq hamının məşğul olduğu işlərdən birinə başlayıb, sadəcə pul qazanmaq üçün vaxt sərf etmək (bunun heç bir eybi yoxdur, orijinallığımızı yoxlamağımıza da mane olmamamılıdır), istəmirsinizsə, çətin olsa da, bu suallara vaxt ayırmalısınız.
Bu gün təsəvvür belə edə bilmədiyiniz yerlərdə olmaq, kiçik yox, çox böyük bir ehtimalla mümkündür…
Bunun üçün özünüzə verdiyiniz bəsit, gərəksiz, neqativ suallardansa, bu çətin suallara vaxt ayırmaq daha ağıllı, daha məntiqlidir…
İsmayıl Vəliyev