Dünyaca məşhur “Fast-food” restoranlar şəbəkəsi “Burger King” yeniliyə imza atıb. Belə ki, şirkət Finlandiyanın paytaxtı Helsinkidə ilk səssiz maşına servis xidmətini (drive-thru) təqdim edib. Yeni açılan restoranda işçilərlə heç bir ünsiyyətə girmədən sifarişinizi əldə edib sizə ayrılmış avtomobil dayanacağında səssiz mühitdə yeyə bilərsiz.
Şirkətin belə bir addım atmasının əsas səbəbi kimi Finlandiya əhalisinin, yəni finlərin mümkün qədər digər insanlarla ünsiyyətdən qaçması və səssizliyi, sükunəti sevməsi göstərilir. Hətta, dünyada “finlər boş söhbət etməyi sevmirlər” kimi bir stereotip də mövcuddur.
Sifarişlərin mobil tətbiqetmə vasitəsilə alındığı və məbləğin sifarişçinin kartından avtomatik olaraq silindiyi bu “səssiz” sistem sayəsində “Burger King” Finlandiya xalqına özünü sevdirməklə yanaşı, gəlirlərində də artım müşahidə edib. Belə ki, bu innovasiya nəticəsində sifariş prosesi 7-8 dəqiqəyədək azalıb, mobil tətbiqetmənin yüklənmə sayında 45%-lik artım müşahidə olunub, mobil tətbiqetmə reytinq cədvəlində beşinci yerə yüksəlib və “səssiz” satışların başladığı ilk ayda satış həcmində iki qat artım olub.