Azərbaycanın ən böyük biznes strukturu olan Dövlət Neft Şirkəti (SOCAR) yerli biznesə dəstəklə bağlı yeni layihəyə başlayıb. Bundan sonra SOCAR-ın istifadə etdiyi və ölkə daxilində istehsal edilməsi mümkün olan mal-materialların və texniki avadanlıqlara xidmətlərin yerli sahibkarlardan alınması asanlaşdırılacaq. Bu məqsədlə, yeni portal yaradılacaq və SOCAR-ın tələbatı olan mal və xidmətlər barədə ətraflı məlumat veriləcək.
Bu məsələ SOCAR-ın prezidenti Rövnəq Abdullayevin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə edilib.
Görüşdə kiçik və orta sahibkarlığa dəstək və idxalın əvəzlənməsi üçün əməkdaşlıq imkanları müzakirə olunub, yerli istehsalın təşviqi üçün yeni rəqəmsal portalın yaradılması haqqında anlaşma memorandumu imzalanıb.
Memoranduma əsasən, SOCAR-ın il ərzində istifadə etdiyi və ölkə daxilində istehsal edilməsi mümkün olan mal-material tələbatı və texniki avadanlıqlara göstərilən xidmət növləri haqqında məlumatların yeni rəqəmsal portalda yerləşdirilməsi nəzərdə tutulur.
Əvvəllər açıq tenderlərdə elan olunan və əsasən böyük təchizatçıların imkanlarına uyğun gələn bir sıra satınalma elanları artıq yeni portalda kiçik və orta sahibkarlar üçün münasib şərtlər əsasında təqdim olunacaq. Portal İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə ediləcək.
Portalda SOCAR-ın istehsalat məqsədləri üçün mütəmadi istifadə etdiyi mal-material və xidmətlərin siyahısının yerləşdirilməsi və daha əvvəl xaricdən əldə edilən həmin mal və xidmətlərin son satınalma şərtlərinin göstərilməsi də planlaşdırılır.
Həmin şərtlərə uyğun təklif verən kiçik və orta sahibkarlar ilə birbaşa və uzunmüddətli əməkdaşlıq sazişlərinin bağlanması nəzərdə tutulur.
Portalda eyni zamanda nisbətən sadə texnologiyalar əsasında istehsal olunan mal-material, ehtiyat hissələri, alətlər və texniki xidmətlər haqqında məlumatlarla birlikdə istehsalçının müvafiq lisenziyası ilə istehsal edilmiş mürəkkəb texnoloji avadanlıqların ehtiyat hissələri və həmin avadanlıqlara istehsalçının lisenziyası əsasında xidmətlərin göstərilməsinə dair elanlar da yerləşdiriləcək.
Verilən təkliflər SOCAR-ın texniki tələblərinə, korporativ standartların şərtlərinə, müvafiq lisenziya, icazə və spesifikasiyalara uyğun olmalıdır.
Mərasimdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, şirkətin təchizat ehtiyaclarına dair əsas məlumatların portalda təqdim edilməsi, yerli sahibkarlara təchizat imkanları haqqında məlumatların qabaqcadan və şəffaf şəkildə çatdırılması ölkədə yeni istehsalat sahələrinin formalaşmasına stimul verəcək, kiçik və orta biznesin inkişafına imkan yaradacaq.
Bundan başqa, “SOCAR-ın korporativ standart şərtlərinin və beynəlxalq keyfiyyət tələblərinin əsas meyarlar kimi tətbiq olunması yerli istehsalçıları öz məhsul və xidmətlərinin keyfiyyətini yüksəltməyə təşviq edəcək. Beləliklə, ilkin mərhələdə idxalın əvəzlənməsini və valyuta ehtiyatlarının ölkə daxilində qalmasını nəzərdə tutan bu layihə gələcəkdə həm də yerli istehsalçıların ümumi rəqabət qabiliyyətinin yüksəlməsinə və onların ixrac potensialının artmasına müsbət təsir göstərəcək”.
Vüsal Qasımlı bildirib ki, portal qısa zamanda təqdim olunacaq.