Əsas səhifə Biznes Dövlət bu şərtlərlə biznes kreditləri üzrə dəstək olacaq

Dövlət bu şərtlərlə biznes kreditləri üzrə dəstək olacaq

13
Paylaş

Koronavirus ilə əlaqədar zərər çəkən sahələrdə fəaliyyət göstərən biznes subyektlərinin mövcud bank kreditlərinin faizlərinin bir hissəsi dövlət tərəfindən ödəniləcək. Həmçinin, bundan sonra yeni veriləcək biznes kredirlərinin 60%-nə dövlət zəmanət verəcək, faizinin 50%-ni ödəyəcək.

Bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, indiki böhranın unikallığı ondan ibarətdir ki, bu, heç bir nəzəriyyədə, dərslikdə bəhs edilən iqtisadi böhran deyil və qeyri-müəyyənlik elementi belə bir dönəmdə verilən qərarların sürət və keyfiyyətini ön plana çıxarır:

“Biz iqtisadiyyatımızı sağlam, dayanıqlı və rəqabətədavamlı bir iqtisadiyyat kimi görmək istəyirik. Biz dar günündə dövlətinə söykənmək üçün mənəvi haqqı olan, gündəlik fəaliyyətində yüksək sosial-korporativ hissini qoruyan bir iqtisadiyyatı görmək istəyirik. Biz növbəti günlər və həftələr ərzində koronavirus pandemiyasının iqtisadiyyata mümkün təsirlərini aradan qaldırmağa istiqamətlənmiş proqramların son dizaynını həm həmkar qurumlarla, həm də özəl sektorun nümayəndələri ilə bəlli bir son nəticəyə gətirəcəyik. Cənab Prezidentin bizə verdiyi tapşırıq ondan ibarət idi ki, biz iqtisadiyyata dəstək proqramını 1 milyard manatla məhdudlaşdırmayaraq daha geniş bir proqram şəklinə gətirə bilək”.

M.Cabbarov iki yeni təklif olunan proqramın üstündə xüsusilə dayanıb:

“Bunlardan birincisi olaraq qarşımza çıxan 1 milyard manatlıq proqram mövcud kredit portfelinin dəstək proqramıdır. Məlumdur ki, bir sıra sahibkarlarımızın bank kreditləri var. Biz bu kreditlerin elementlərini digər həmkar subyektlərlə birgə müəyyənləşdirəcəyik. Əsas hədəfimiz biznes kreditləridir. Ola bilsin ki, sözügedən proqram çərçivəsində müəyyən həcm istehlak kreditlərinin dəstəyinə də ayrılsın. Əsas parametrləri özümüz üçün müəyyənləşdirmişik. Dövlət bu proqram çərçivəsində xüsusi meyarlara cavab verən kreditlərin faizlərinin ödənməsində faiz dərəcəsinin yükünü 10 faizə qədər endirə bilər. Dövlət Sahibkarlıq Milli Fondu vasitəsilə həmin faizlərin ödənilməsinə dəstək verəcək”.

Nazir qeyd edib ki, digər proqram “Yeni verilən kreditlərə dəstək proqramı”dır:

“Real sektorun kreditləşdirilməsi hər zaman prioritetimizdir. Biz istəyirik ki, bundan sonra da bank sektorunda canlanma baş versin və real sektorun maliyyələşməsi davam etsin. Bu məqsədlə, yeni verilən kreditlərə dəstək proqramı hazırlanıb. Proqrama görə, kreditin 60%-i dövlət zəmanəti ilə təmin ediləcək. Həmçinin 15%-ədək verilən biznes kreditinin faizinin yarısının ödənişini, yəni 15%-in 7,5%-ni Sahibkarlığa Yardım Fondu öz üzərinə götürə bilər. Beləliklə, biz toplam məbləğə baxsaq 1 milyard manatlıq dəstək proqramından deyil, 2,5 milyard manatlıq dəstək proqramından danışırıq. Bu da Azərbaycanın ümumi daxili məhsulunun 3%-ni təşkil edir”.