Əmlak Məsələləri Dövlət Komitəsi “Sabunçu Elmi İstehsalat və Maşınqayırma” ASC-nin səhmlərinin satışı üzrə elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.
Müsabiqənin qalibi “Ferrotex” MMC olub.
Müsabiqənin şərtlərinə uyğun olaraq, qalib şirkət dövlət büdcəsinə 2,8 milyon manat pul ödəmək, habelə təqdim etdiyi İnvestisiya Proqramına əsasən, müəssisəyə 10 milyon manat pul qoymaq barədə öhdəlik götürüb. Bundan başqa, investor müəssisənin dövlət büdcəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan 2 milyon manata yaxın borcunu, eləcə də məbləği 200 min manata yaxın məbləğdə əmək haqqı və ona bərabər tutulan borclarının ödəyəcək, digər sosial-iqtisadi və ekoloji öhdəlikləri yerinə yetirəcək.
Müəssisədə yeni istehsal sexinin tikintisi, soyutma sisteminin qurulması, istehsalı idarəetmə mərkəzinin inşası, o cümlədən tökmə istehsalında istifadə olunan texnoloji avadanlıq və tərtibatların alınması, mexaniki emal sexində 3 ədəd müxtəlif tonnajlı vakuum induksion sobalarının quraşdırılması nəzərdə tutulur. Eyni zamanda məhsulların fiziki xassələri və kimyəvi tərkibini öyrənən yeni avadanlıqların alınması, mənəvi və fiziki cəhətdən aşınmış mövcud avadanlıqların təmir olunması, həmçinin bina və tikililərin əsaslı təmiri, infrastruktur təminatının yaxşılaşdırılması, habelə abadlaşdırma işlərinin görülməsi də planlaşdırılır. Bu işlər 160 yeni iş yerinin açılmasına imkan verəcək.