Seat şirkətinin idman subbrendi olan Cupra markası özünün ilk elektrokarını təqdim edib. Tavascan adını almış konsept Frankfurt avtosalonunda debüt edəcəkdir. Yeni model ənənəyə uyğun olaraq İspaniyadakı coğrafik məkanların birinin şərəfinə adlandırılıb: Tavascan Kataloniyanın Lerida əyalətində olan kiçik bir kənddir.
İspan markasının gələcək inkişaf istiqamətini nümayiş etdirən konsept Volkswagen şirkətinin elektromobillər üçün hazırlanmış MEB modul platformasında inşa edilib. Cupra Tavascan sportkupe siluetinə və emosional dizayna malik olan krossoverdir. Cupra elektrokarının idman xarakterini funksional hava yönləndiriciləri, aerodinamik kəsiklər, arxa diffuzor və aerodinamik cəhətdən optimallaşdırılmış 22-düymlük təkər diskləri nümayiş etdirməlidir.
Tavascan ön və arxa oxda yerləşdirilmiş iki elektromotor ilə hərəkətə gəlir. Onların ümumi gücü 306 at qüvvəsidir. Konsept 100 km/saat həddinə 5,6 saniyəyə sürətlənir. 77 kilovat-saatlıq batareya elektromobilə dolu batareya ilə 450 kilometr məsafə qət etməyə imkan verir. Akkumulyator avtomobilin döçəməsində yerləşdirilib. Bu aşağı ağırlıq mərkəzini və yaxşı idarəetməni təmin etməlidir.