Corc Soros – İnqilabların maliyyəçisi, Rotşildlərin kölgəsi olan milyarder

0
2016

Özünün dediyinə görə, əsas prinsipi sağ qalmağı bacarmaq, sonra pul qazanmaqdır.

Kiminə görə o, Robin Hood, kiminə görə Drakula, kiminə görə də diktatorları devirən Sorosdur. Qırx il əvvəl bir qəpiksiz çıxdığı yola dünyanın 25-ci  ən zəngin adamı kimi davam edir. Nə az, nə çox, 24 milyard dollara sahibdir. Dünyada esperanto dilində danışa bilən nadir şəxslərdəndir.

Söhbət  amerikalı milyarder, investor, maliyyəçi, siyasətçi və filantrop Corc Sorosdan gedir.

O Soros ki, adı 1984-cü ildən bəri Pekindən Moskvaya, Praqadan Varşavaya qədər inqilablarla birlikdə xatırlanır. İndiyədək xeyriyyə adı ilə siyasi çevrilişlərə milyardlar xərcləyib. Hələ də dünyanın 60 ölkəsinə ildə 400 milyon dollar bağışlayır.

Şoroş necə Soros olur?

Corc Soros (Gyorgi  Şoroş) 1930-cu il avqustun 12-də Macarıstanın paytaxtı Budapeştdə anadan olub. Milliyətcə yəhudi olan atası Tivadar Şvarts (Teodor) hüquqşünas, anası Elizabet isə çox zəngin, adlı-sanlı ailənin qızı idi. Onu da bildirək ki, Tivadar sadə yəhudi deyildi. O, eyni zamanda Budapeştdəki yəhudi icmasının qabaqcıllarından olub. Bundan əlavə, o, həm də yazıçı-esperantist idi. Bu qədər ictimai fəaliyyətə rəğmən, Tivador ömrünün çox hissəsini hovuzda, kafedə, buz meydanlarında və başqa əyləncə yerlərində keçirir, təhlükələrdən həzz alır, tez-tez riskə getməyi xoşlayırdı. Hətta oğlu kimi onun da birjalarda  oynadığını deyirlər. Riskdən həzz almaq həvəsi onu Birinci Dünya müharibəsinə aparır. Avstriya-Macarıstan tərəfində döyüşən Tivadar ruslara əsir düşür. Sibirə göndərilsə də, bir müddət sonra əsirlikdən qaçmağı bacarır. Budapeştə, ailəsinin yanına qayıdır. Həyat yoldaşını və uşaqlarını repressiyadan qorumaq üçün hər kəsin taleyi üçün əhəmiyyətli qərar verir.

1936-cı ildə ailə familiyasını macar variantına dəyişərək,  Soros soyadını və xristianlığı  qəbul edir. 1944-cü ilin martında faşistlər Macarıstanı işğal edir. O zaman 13 yaşında olan Corc iki gün Yəhudi Şurası üçün poçtalyon vəzifəsini yerinə yetirir. Amma onlar Macarıstanda çox qalmırlar. Müharibədən sonra rusların ərazini zəbt etməsi nəticəsində 16 yaşlı Soros kommunizm təcrübəsini də yaşayır. Atası  kommunistlərin faşistlərdən geri qalmadığını görüb 1947-ci ildə ailəsinə saxta sənədlər düzəldir və onlar Böyük Britaniyaya miqrasiya edirlər. Beləliklə də, Corc Soros təkcə dünyaya gəlişinə görə deyil, həm də bugünkü mövcudluğuna, sağ qalmasına, dünyanı barmağında fırlatdığına görə məhz atasına minnətdardır: “Bəxtim onda gətirdi ki, atam adi insanların edə bilmədiyini bacaran  adam idi”.

Öz hesabına təhsil

17 yaşında Soros  Oksford Universitetinin iqtisadiyyat fakültəsinə daxil  olur. 1952-ci ildə makroiqtisadiyyat üzrə təhsilini uğurla bitirir. Burada onun müəllimlərindən biri, avstriyalı filosof Karl Popper olur. Corc müəlliminin açıq cəmiyyətə dair ideyalarından təsirlənir: “Məktəbdə onun kitablarının və açıq cəmiyyət fəlsəfəsinin təsiri altına girdim. Bu fəlsəfənin uğur qazanmağımda böyük təsirləri oldu.  İşin ən əyləncəli tərəfi isə bundan  həm pul qazanmaqda, həm o pulu xərcləməkdə faydalandım. Necə? Popper “mütləq doğru” deyə bir şey olmadığını və düşüncələrin insanlara zorla qəbul etdirilməyəcəyini söyləyərdi. Halbuki klassik iqtisadiyyat nəzəriyyəsi tamamilə mütləq doğrulara söykənir.  Mən işə başlayanda bazarla əlaqədar fərqli düşüncələrə sahib idim. Bu düşüncə  bazarda pul qazanmağıma kömək oldu. Eyni fikirlər daha sonra pulumla açıq cəmiyyəti dəstəkləməyimi təmin etdi”.

Corc Soros təhsilini öz hesabına alır. Xırda-para işlərdə işləyərək təhsilhaqqını ödəyir. Çünki əyləncəni sevən Tivadorun həyat tərzi ailə büdcəsində daim çətinliklərə səbəb olurdu. Bununla belə Tivador Şvars  oğullarına – Corc və Pavelə cib xərcliyi verməkdə xəsislik etmirdi. Onlara istədikləri qədər pul verir, bununla da onları pula qarşı məsuliyyətli olmağa öyrəşdirirdi. Uşaq yaşlarından maddi çətinliklərlə üzləşən qardaşlar pulun qədrini bilirdilər.

Ayağını sındıran hambalın bankir olmaq arzusu

Soros gəncliyindən bankda iş tapmaq arzusi ilə yaşayır. Təhsili ilə paralel qalantereya fabrikində işləyir. Vəzifəsi menecer köməkçisi olsa da, əslində, o, satıcı funksiyasını yerinə yetirir. Ümumiyyətlə, hədəfinə çatmaq, pul yığmaq üçün o, müxtəlif dilerlərin mallarını təklif edən səyyar satıcı, qadın çantaları satıcısı, dəmiryolunda hambal belə işləyir. Onun hamballıq edərkən ayağını sındırdığı da iddia olunur. Soros buna görə bir müddət dövlət xəstəxanasında müalicə alır. Bu zaman kasıblara yardım etməyin sosial ədalət baxımından nə qədər önəmli olduğunu anlayır.

Hazırda 24 milyardlıq var-dövlətin  sahibi olan Sorosun növbəti işi “Quaqlino” restoranında ofisiantlıq olur. Restoranda hətta ona bildirirlər ki, əgər öz üzərində çox işləyərsə, bir gün baş ofisiant da ola bilər. Lakin bir müddət sonra o, ofisiantdan əcnəbi ölkələrdə ticarət agentinə çevrilir. Bununla belə, o, banklarda iş tapmaq ümidini də itirmir. Cüzi maliyyəsinin mühasibatını aparır: “Həftəlik büdcəmə 4 funtla başlamışdım. Gündəliyimdə bütün gəlir və xərclərimi qeyd edirdim”.

Amerika vətəndaşlığı

Məktəbi bitirəndən sonra o, “Sinqer və Fridlander”  investisiya şirkətində işə düzəlir. Bu şirkət London fond birjasının yaxınlığında yerləşirdi. 1956-cı ildə Corc atasının ABŞ-dakı londonlu dostu Mayerin dəvətini qəbul edərək Birləşmiş Ştatlara yollanır. 1961-ci ildə Amerika vətəndaşı olur və birja əməliyyatlarına  başlayır. Belə ki, Mayerin  Uoll Stritdə  kiçik broker firması var idi. Corcun ABŞ karyerası beynəlxalq arbitrajla, yəni qiymətli kağızların bir ölkədə alınaraq digər ölkəyə satılması ilə başlayır. Suets böhranından sonra bu sahədə işlər o qədər də yaxşı getmir. Soros ticarətdə yeni metod icad edir və onu “daxili arbitraj” adlandırır. Bundan sonra onun biznesi bir gecədə dağılır və Soros fəlsəfəyə qayıdır. İş adamının fəlsəfə sahəsindəki karyerası 1966-cı ildə bitir. 1967-ci ildə Soros Avropa fond bazarları üzrə ixtisaslaşan “Arnhold and S. Bleichroeder”  broker firmasında  araşdırma rəhbəri vəzifəsində işləyir. Burada o, Cons Fondunun mütəxəssisləri ilə tanış olur. İdeyalarını onların da beyninə salır. 1969-cu ildə 4 milyon dollar şəxsi sərmayəsi  hesabına  xedj-fondu yaradır.  Fondu “Double Eagle Fund” adlandırır. 1970-ci ildə Cim Rocerslə birlikdə məşhur “Quantum Fund”ı təsisi edir. C.Rocers 1980-ci ildə fonddan ayrılır. Bu arada fond qiymətli kağızların spekulyativ əməliyyatlarını həyata keçirərək, milyon dollarla gəlir gətirir. Fonda qurulduğu 1969-cu ildə yatırılan 10.000 dollar 2000-ci ildə artıq 4 milyon dollara çatır. Bu gün isə fonda qoyulan hər dollar 5,5 min dollara çevrilir.

İngiltərə bankını çökdürən şəxs

Milyarderin sözlərinə görə,  əsas məqsədi 5 il ərzində 500 min dollar qazandıqdan sonra yazıçı olmaq və fəlsəfə ilə məşğul olaraq filosofa çevrilmək idi. 1992-ci il sentyabrın 16-da hər şeyi dəyişir.  İngiltərədə “Qara çərşənbə” kimi yadda qalan bu təqvimdə Sorosun keçirdiyi maliyyə əməliyyatları nəticəsində funt-sterlinqin dəyəri birdən-birə 12 % aşağı düşür. Bu da onun  bir gecədə 1,1 milyard dollardan çox vəsait qazanmasına gətirib çıxarır. Hər kəsin beynində sual yaradan bu əməliyyat  baş verəndə  Soros  60 yaşını haqlamışdı və artıq faşizmi, kommunizmi görmüşdü.

Məşhur hadisənin tarixi isə belə olur: ingilis valyutasının  məzənnəsi güclüykən Soros 10 milyard funt sterlinq borca düşür. Bu pula alman markı satın alır. Funt sterlinq alman markası qarşısında gerilədiyi zaman əlindəki alman valyutası ilə ucuzlaşan funt sterlinq borcunu ödəyir və qazanır. İlk baxışdan sadə görünən bu əməliyyat nəticəsində Böyük Britaniyanın iqtisadi vəziyyəti ağırlaşır. İngiltərə Mərkəzi Bankı baş verən ajiotajı neytrallaşdırmaq üçün uçot faiz dərəcəsini 10%-dən 12%-ədək qaldırır. Buna baxmayaraq, ingilis siyasətçilərinin gözləntiləri özünü doğrultmur. Böyük Britaniya 1992-ci ilin sentyabrın 16-da Avropa valyuta sistemini tərk edir. Funt sterlinq 1967-ci ildən bu yana ilk devalvasiyasını yaşayır. Corc Soros baş verənlərin tək günahkarı olmasa da,  iş adamı “İngiltərə bankını dağıdan şəxs” kimi tarixə düşür. Bu arada Sorosun özü  həmin çərşənbəni “Ağ çərşənbə” adlandırır. Çünki özünün belə yuxuda olduğu zaman keçirdiyi əməliyyatdan 1.1 milyard dollar qazanmışdı: “İş həyatımın ilk 30 ilində ağlım-fikirim pul qazanmaqda idi”.

Bu arada birjalarda oynamaq böyük risklər tələb edir. Soros İngiltərədə qazansa da, digər ölkələrdə itirdiyi də olub. Belə ki, 1998-ci ildə Rusiya telekommunikasiya şirkəti “Svyazinvest”in səhmlərini alan C.Soros bunu həyatının ən pis investisiyası adlandırır. Səhmlərə 1,875 milyard dollar sayan iş adamı bu vəsaitin yalnız 625 mln. dollarını qaytara bilib. Bu arada Soros maliyyə bazarlarında bütün fırıldaqlarını “Quantum Fund” şirkəti ilə həyata keçirir. Bu kampaniya Karib hövzəsində yerləşən Kurasao adasındakı hollandlardan birinin adına qeydiyyatdadır. Bu, Soros qrupunun nəzarət etdiyi ən böyük fonddur.

“Varlıyam, çünki nə zaman haqlı olduğumu bilirəm”

Beləliklə, İngiltərə bankının çöküşü Corc Sorosu milyarderə çevrir. O, uzun illərdir “Forbes”in siyahısında yer alır. Jurnalın 2013-cü ilə olan qiymətləndirməsinə görə, Soros dünyanın ən varlı adamlarının siyahısında 30-cu, 2014-cü il hesabatında isə 22-ci sırada yer alıb. Sorosun 24 milyard dolları var. Amerikanın 16-ci ən varlı şəxsidir.

“İş həyatındakı müvəffəqiyyətinizin sirri nədir” sualına o, belə cavab verir: “Səhvimi qəbul etmək… Bu, məni tənqidi düşüncə ilə tanış edən Karl Popperin təsiridir. Düşüncələrimi hər dəfə başdan qiymətləndirirəm. Səhvdə israr etmək yerinə onu düzəltmək qabiliyyətim var”. Milyardları necə qazanmasına gəlincə, iş adamının özü bu haqda belə deyir: “Mən ona görə varlıyam ki, nə zaman haqlı olduğumu bilirəm. İnsan üzərinə ciddi risk götürəndə ona daxili intizam lazımdır. Həmişə özümü müstəsna insan hesab etmişəm. Fond idarəçilərinə tövsiyə edirəm ki, bir nəzəriyyə yaradıb bunu  bazarda test etsinlər”.

Soros özünü “tətbiqi filosofam” kimi görür. Hər halda, özü belə deyir.

Corc Sorosun pulu Rotşildlərindir?

Sorosun maliyyə sahəsindəki uğurları iki cür izah olunur. İlk versiyaya görə, o, bunu maliyyə bazarlarının gedişatına borcludur. Başqa versiyalara əsasən, iş adamı bank əməliyyatlarını dünyanın müxtəlif ölkələrinin yüksək səviyyəli siyasi, maliyyə və araşdırma qruplarının rəhbərlərindən aldığı məlumatlarla həyata keçirir. Digər tərəfdən, Sorosun “muzdlu menecer” olduğu da iddia edilir. Deyilənə görə, beynəlxalq maliyyə bazarlarına nəzarət edən, amma kölgədə qalmaq istəyən qruplaşmalar öz planlarını Sorosun əli ilə həyata keçirirlər. Bu qruplaşmalar İngiltərədə, İsveçrədə və ABŞ-da fəaliyyət göstərir. Belə qruplaşmalardan birinin Amerikanın məşhur Rotşildlər ailəsi olduğu güman edilir.

O niyə pul sehrbazıdır?

Əvvəla, Soros makroiqtisadi hadisələrin nə qədər əhəmiyyətli olduğunu bilir. Qlobal iqtisadi və siyasi hadisələri diqqətlə izləyir, dəyərləndirməyi bacarır. Bir çox həmkarı mümkün olduğu qədər çox sayda dilerlə görüşü faydalı bildiyi halda, Soros bu mövzuda seçici davranır. Yalnız əhəmiyyətli bildiyi bir neçə dilerin fikrlərini qəbul edir. Bundan əlavə, o özü də bazarların hansı istiqamətdə hərəkət edəcəyini əvvəldən görə bilən duyuma sahibir.

Sorosun uğurunun daha bir açarı həyatda qala bilmək bacarığıdır. Bunu o, Macarıstan alman işğalı altında olarkən ailəsini nasistlərin zülmündən qurtarmağa nail olan atasından öyrənib. Spekulyator, nə olursa-olsun, həyəcanlanmır. Ən kritik anlarda belə qayğısız qalmağı bacaran stoik xarakterə malikdir.

“Bu qədər pulu nəyə istifadə edim?”

Soros təkcə iş adamı deyil. O, həm də xeyriyyə fondunun rəhbəridir: “Lazım olandan çox qazandıqda isə bu qədər pulu nəyə istifadə edəcəyimi düşündüm. Qazandığımı açıq cəmiyyətə xərcləməyə başladım”.

Özünün dediyi kimi, Soros Açıq Cəmiyyət adlı fond yaradır. Fond 1995-ci ildə Rusiyada təsis olunur. 1996-cı ildən 2001-ci ilədək “Rusiya universitetlərin internet mərkəzləri layihəsi”nə 100 milyon dollar vəsait ayrılır. Bunun da nəticəsində Rusiya ərazisində 33 internet mərkəz açılır. 2003-cü ilin sonunda Soros rəsmi şəkildə Rusiya ərazisində öz xeyriyyə fəaliyyətini dayandırır. 2004-cü ildə isə Açıq Cəmiyyət İnstitutu qrant ayırmağı dayandırır.1997-ci ildə Asiyada baş verən maliyyə böhranı zamanı Malayziyanın baş naziri Mahathir ibn Məhəmməd ASEAN təşkilatını Myanmarı qurumuna üzv qəbul etdiyinə görə Sorosun cəzalandırılmasını tələb edir. 2006-cı ildə Soros xarakteristik demokratiyanın bərqərar olması layihələrinə verdiyi maliyyə yardımını azaldaraq, Afrika ölkələrində kasıblıqla mübarizəyə daha çox vəsait ayırır. 2007-ci ildə Soros Rusiya universitetlərinin internet infrastrunun formalaşdırılmasına və ölkədə internet mərkəzlərinin yaradılmasına 100 milyon dollar vəsait sərf edir. O, ABŞ-da bir sıra layihələrə 740 milyon dollardan çox vəsait xərcləyir ki, bunu da böyük əksəriyyətini təhsil sahəsinə ayrılan qrantlar təşkil edir.

Robin Hood

Soros həm də Robin Hood adlandırılır. Belə ki, əxlaqsız kimi qəbul etdiyi bir sistemdən pul qazanıb qazandığı pulu o sistemi düzəltməyə xərcləyir: “Kapitalizm “əxlaqsız” deyil, əxlaqdan kənardır. Bazar əxlaqi qaydalarla işləmir. Orada insanlar doğru  olanları etməyə yox, pul qazanmağa çalışırlar. Bazar ictimai deyil, fərdi faydanın arxasındadır. Rəqabət aparır, amma əlindən gəldiyi zaman rəqabəti ləğv edir.  Bu baxımdan əxlaqsızdır. Azadlıq, demokratiya, hüquq nizamı kimi universal qanunlar, bazarın insafına buraxılmamalıdır. Sülhü təmin etmək, ətrafı qorumaq, ədaləti güdmək, hətta bazar mexanizmini zəmanətə götürmək üçün belə bazar xarici, siyasi bir dünyagörüşü lazımdır. Bazara nəzarət etməsəniz, itirə bilərsiniz. Çünki Karl Marksın dediyi kimi, kapital daim sıxlaşma meylindədir və rəqabəti təmin etməsəniz, tək bir gücün əlinə keçə bilər”.

Ailəsi

Milyarder üç dəfə evlənib. Onun həyat yoldaşları Annaliza Vitzşak və Suzanna Veber Soros olub. 2013-cü ildə milyarder 3-cü dəfə 83 yaşında 42 yaşlı Tamiko Boltonla evlənib.

C.Sorosun beş övladı var. Robert, Andrea və Conatan Annalizadan, Aleksandr və Qriqori isə Suzannadan dünyaya gəliblər. Corcun böyük qardaşı Pol Soros da investor və filantropdur.