“Coca-Cola” şirkəti yaxın bir neçə il ərzində Azərbaycanda satışların həcmini iki dəfə artırmağı planlaşdırır. Bunu şirkətin Qafqaz regionu üzrə meneceri Edrian Çernautan deyib.
“”Coca-Cola” şirkəti yaxın illər ərzində Azərbaycanda satışların həcmini iki dəfə artırmağı planlaşdırır. Bunun üçün şirkət cari ilin II yarısında və gələn il ölkə bazarına yeni “Coca-Cola” məhsulları çıxarmağı planlaşdırır”, – deyə o, bu gün jurnalistlərə bildirib.
Menecerin sözlərinə görə, 2017-ci ilin yekunları üzrə şirkətin gəlirlərində ikirəqəmli artım qeydə alınıb. “Biz növbəti illərdə də gəlirlərin artacağına ümid edirik. Azərbaycan şirkətimizin biznesinin inkişafı üçün böyük potensiala malikdir”, – deyə o əlavə edib.
E. Çernautan vurğulayıb ki, “Coca-Cola” şirkəti Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.
Fəaliyyət göstərdiyi dövr ərzində (2017-ci il daxil olmaqla) şirkət Azərbaycan iqtisadiyyatına $150 mln. investisiya qoyub, dövlət büdcəsinə vergi ödənişləri $250 mln. məbləğində olub.
Hazırda “Coca-Cola” 200 ölkədə fəaliyyət göstərir. Şirkətin portfoliosuna 4 min içki növü daxildir.*