Çikaqoda şirkət yaradan azərbaycanlının uğur hekayəsi

Date:

Paylaş:

Halallıq ən yüksək insani keyfiyyətlərdən biridir. Bu dəyər hər kimdə varsa, o şəxs həm etibarlı və həm də sədaqətli olur. Amerika Birləşmiş Ştatlarının bir dövlət kimi necə olduğu haqqında fikir yürütmək istəmirəm, amma etiraf etməliyəm ki, əksər amerikalıların həyat tərzində hallalıq ən önəmli yerlərdən birini tutur. Burada halal adam oldunsa, səni əhatə edən cəmiyyətin rəğbətini hər zaman hiss edəcəksən…

Haqqında söhbət açmaq istədiyim Əli Əzimov da halal insandır. İyirmi səkkiz yaşında Amerikaya gələnədək bircə dəfə də olsun Azərbaycandan kənara çıxmayan bu soydaşımız məhz elə halal adam olduğu üçün qısa müddətdə bu nəhəng ölkədə özünə şərait yarada bilib…

O, 1983-cü ildə Bakının Buzovna kəndində dünyaya gəlib. 2000-ci ildə həmin kənddə 26 nömrəli məktəbdə orta təhsilini başa vurub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini davam etdirərək, istehlak mallarının keyfiyyətinin təyin edilməsi üzrə ekspert ixtisasna yiyələnib. 2004-2005-ci illərdə hərbi xidmətdə olub. Sonra on il “ZZ motors” şirkətinin ehtiyat hissələri departamentində menecer işləyib. 2010-cu ildə “Green card” udaraq bir il sonra ailəsi ilə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinə gəlib…

…Atası Akif Əzimov “BakıQazMaş” zavodunun direktoru olub. Ömrünün son illərində “AzərQaz”da avtomobil parkına rəhbərlik edib. 2004-cü ildə qəflətən dünyasını dəyişib. Anası Ema xanım uşaq bağçasında musiqi müəllimi işləyir…

Əli Çikaqoda məskunlaşandan sonra iki il müxtəlif işlərdə çalışıb. 2013-cü ildə “BakuCaspian” şirkətini yaradaraq biznes sahəsində fəaliyyətə başlayıb. Şirkət yaşlı və eləcə də azyaşlı amerikalıların tibbi nəqliyyatla xəstəxanalara daşınması ilə məşğul olur. 2018-ci ildən başqa bir soydaşımızla birləşərək şirkəti böyüdə bilib. Hazırda 20 sürücüyə və 4 inzibati işçiyə rəhbərlik edir. Onların bir neçəsi azərbaycanlılardır…

Deyir ki,- “Ən böyük arzum Çikaqoda “Azərbaycan Mədəniyyət Mərkəzi” yaratmaqdan ibarətdir. İstəyirəm ki, həmin mərkəzdə azərbaycan dili kurslarından tutmuş, rəqs, musiqi dərnəkləri də olsun. Azərbaycan tarixindən online dərslər tədris edilsin. Qoy balalarımız milli kimliyini itirməsinlər”…

…Ömür-gün yoldaşı Günel xanım məşhur söz ustadı Kəbir Azərinin qızıdır. Kəbir Azəri Nizami Rəmzi ilə birlikdə avtomobil qəzasında həlak olub. Günel xanım ixtisasca ingilis dili müəllimidir. Hazırda həyat yoldaşının şirkətində çalışır. Üç övladı vardır, bir oğlan, iki qız. Oğlu Ayhan 11, qızları Məryəm xanım 8, Xədicə isə 3 yaşındadırlar…

Amerikaya gəlişi həyatının ilk böyük riski olub. İki azyaşlı uşaqla yad bir ölkədə hər şeyi yenidən başlamağın nə qədər məsuliyyətli olduğunu başa düşmək heç də çətin deyil. Yeri gəlmişkən, elə soydaşlarımız var ki, on ildən çoxdur ABŞ-da yaşayır, amma necə deyərlər, hələ də yerində sayırlar…

Bir başqa oğuldur, Əli. Həm yumor hissi, həm mehribanlığı və həm də sədaqəti ilə çoxlarından fərqlənir. Futbol oynamağı xoşlayır, balıq ovu ilə məşğul olmağı özünün hobbisi hesab edir. İbadətindən də heç zaman qalmır, vaxtlı vaxtında namaz qılır, oruc tutur. Deyir ki,- “Burada təəccüblü heç nə yoxdur. Hər bir qul Allahına şükür etməyi bacarmalıdır”…

İkinci ən böyük arzusu isə ailəliklə Həcc ziyarətinə getməkdir. Bəli, ABŞ-a gələndə özü ilə gətirdiyi halallıq ona qısa zamanda amerikalıların etibarını, etimadını qazandırıbsa, özü söylədiyi kimi, qulu olduğu Allah bu arzusunu da inşəallah çin edər…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...