Çexiyanın sənaye və ticarət naziri Tomaş Güner “Report”a müsahibə verib.
– Azərbaycan və Çexiya arasında iqtisadi münasibətlərin inkişafı üçün hansı addımlar atılır? Çexiyanın yaxın gələcəkdə Azərbaycanla birgə həyata keçiriləcək layihələri varmı?
– Azərbaycan Cənubi Qafqaz regionundan Çexiyanın ən mühüm biznes və strateji tərəfdaşıdır. 2017-ci ildə regionla ticarət dövriyyəmizin 88%-i Azərbaycanın payına düşüb. Azərbaycan Çexiyaya böyük həcmdə xam neft ixrac edir və bu, dövriyyənin, təxminən, 90%-ni təşkil edib. Çexiya isə Azərbaycana müxtəlif maşınlar, nəqliyyat vasitələri, kimyəvi maddələr satır və bu, dövriyyənin, təxminən, 10%-i qədərdir. Göründüyü kimi ikitərəfli ticarət əməliyyatlarında balans yoxdur.
Bununla belə, son illər çex sahibkarların Azərbaycana marağı artıb. Hökumətlərarası Komisssiya münasibətlərin dərinləşməsində əhəmiyyətli rola malikdir. Komissiyanın dördüncü iclası ötən ilin yanvar ayında keçirilib, növbəti iclas isə bu ilin II yarısına nəzərdə tutulub. Çexiya Azərbaycanla iqtisadi münasibətlərini Hökumətlərarası Komissiyanın iclasları, biznes missiyaları, dövlət və özəl sektor nümayəndələrinin danışıqları çərçivəsində dərinləşdirməkdə davam edəcək. Azərbaycanın böyük iqtisadi potensialını nəzərə alaraq, Çexiya şirkətləri Azərbaycanda birgə müəssəsilərin yaradılmasında maraqlıdır. İndiyə qədər şirkətlərimiz təchizatçı kimi ölkədə həyata keçirilən və dəyəri 16 mlrd. ABŞ dolları olan layihələrdə uğurla iştirak ediblər. Onlardan biri “Moravia Steel” şirkətidir ki, hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bir hissəsində modernləşdirmə işləri aparır. Bu layihənin dəyəri 1 mlrd. dollardır.
– Azərbaycan iqtisadiyyatını şaxələndirməyə, qeyri-neft sektorunu inkişaf etdirməyə çalışır. Çexiya şirkətləri bu prosesdə iştirak etmək, Azərbaycana sərmayə qoymaq istəyirmi?
– Hazırda iki ölkə arasında iqtisadi əməkdaşlığın əsasını neft alqı-satqısı təşkil etsə də, Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi üçün göstərdiyi səylər nəticəsində aktivləşdirilmiş sahələr Çexiya şirkətləri üçün fürsət hesab oluna bilər. İqtisadi əlaqələrin digər sahələrdə inkişafı üçün geniş potensial mövcuddur. Bunlar, əsasən, kənd təsərrüfatı, sənaye (o cümlədən neft-kimya və mühəndislik), xidmətlər (xüsusilə nəqliyyat, logistika və turizm) və informasiya texnologiyaları sektorlarıdır. Çexiya şirkətləri nəqliyyat infrastrukturunun modernləşdirilməsi, avtomobil və dəmir yollarının yenidən qurulması ilə yanaşı, dərman və elektrotexnika istehsalçısı, ətraf mühitin qorunması ilə bağlı təchizatçı kimi də burada uğura nail ola bilər. Həmçinin bərpa olunan enerji mənbələri sahəsində gələcək əməkdaşlıq üçün böyük potensial var. Çexiya şirkətlərinin texnologiyaları külək və su energetikası sahələrində yaxşı nəticələr əldə edərək enerji sənayesinin səmərəliliyini artıra bilər. Azərbaycanda həmçinin su və kanalizasiya sistemlərinin idarə olunması üzrə müəssisələrin inşası və çirklənmiş torpaqların təmizlənməsi məsələləri də gündəmdədir.
– İki ölkə kənd təsərrüfatı sahəsində necə əməkdaşlıq edə bilər?
– Aqrar sektorda əməkdaşlığa dair geniş potensial var. Baytarlıq və fitosanitar sahələrdə əməkdaşlığa dair müqavilələr hazırlanır, bunların imzalanması iki ölkə arasında ticarətin asanlaşmasına xidmət edəcək. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün mühüm sahə süni gübrələmə, embrion köçürmə, heyvandarlıq və bu sahədə təcrübə mübadiləsi, ixrac olunan kənd təsərrüfatı məhsullarının həcminin artırılmasıdır. Məhsulların çeşidlənməsi, qorunması və etiketlənməsi ilə bağlı birgə müəssisələrin yaradılması üçün imkanlar mövcuddur.
– Bəs Azərbaycanın Çexiyaya sərmayə qoyması imkanlarını necə qiymətləndirirsiniz?
– Çexiya Azərbaycan üçün cəlbedici turizm mərkəzinə çevrilməkdədir. Praqa, Karlov və digər şəhərlərimiz turistlər üçün maraq doğurur. 2013-cü ildə Bakı ilə Praqa arasında birbaşa aviareys açılıb və özünü doğruldub. Üstəlik Azərbaycan vətəndaşları Çexiyanın bir sıra cəlbedici yerlərində daşınmaz əmlaklar, o cümlədən otellər alıblar. Bu investisiyalar Çexiya iqtisadiyyatına qoyulan pulların 2%-nə təşkil edir. Azərbaycan sahibkarları üçün isə Çexiyada neft-kimya, mühəndislik və elektrotexnika sənayesi sahələri investisiya yatırmaq üçün maraqlı ola bilər. Azərbaycanın investisiya layihələri üzrə regional səviyyədə əməkdaşlıq etmək potensialı da mövcuddur.