Hazırda Seulda OJWorld şirkətində xarici marketinq meneceri kimi çalışan Nihat Xəlilzadə zamanının çoxunu arzu və məqsədlərinə çatmaq üçün sərf edir
Həyatdakı prinsipi başladığı işi yarımçıq qoymamaqdır. Deyir ki, əgər biri işi yarımçıq qoymaqdan qorxursa, ümumiyyətlə ona başlamır. Yenilikçi olmağın və daim öz üzərində işləməyin tərəfdarıdır. Onun fikrincə, insan həyatda uğur qazanmaq istəyirsə, qarşısına məqsəd qoymalı və işindən zövq almalıdır.
Müsahibimiz Koreyadakı ilk Azərbaycan restoranını (“Bakı”) açan və hazırda bu ölkənin OJWorld informasiya texnologiyaları şirkətində xarici marketinq meneceri Nihat Xəlilzadədir.
Nihat 1992-ci ildə Masallıda anadan olub. Orta təhsilini Ankara məktəbində alıb. Qafqaz Universitetinin Riyaziyyat və informatika fakültəsinə daxil olub və Koreya dövlət təqaüdünü (KGSP) alaraq Cənubi Koreyaya gəlib. Bir il Koreyanın Dequ şəhərində yerləşən Keimyung Universitetində yerli dili öyrəndikdən Seul şəhərində ən yaxşı mühəndislik universitetlərindən biri olan Hanyang Universitetində bakalavr dərəcəsi üzrə kompüter mühəndisliyi (Koreyaca) ixtisasını bitirib. Hazırda Soongsil Universitetində magistr dərəcəsi üzrə informasiya texnologiyaları və menecment ixtisasında axşam dərsləri alır. Koreyada bakalavr təhsili alarkən Hanyang Universiteti Qlobal Təhsil Əməkdaşlıq İnstitutu, Asiyanın ən böyük biznes konsultasiya şirkəti “Hebronstar”ın, Azərbaycan və Koreya əlaqələrinin inkişafında böyük rolu olan “Dream Trading” şirkətinin mərkəzi ofislərində təcrübə keçib.
– Necə oldu ki, tam fərqli bir ölkədə fəaliyyətə başladınız?
– Qafqaz Universitetinə daxil olarkən ingiliscə yaxşı bilmirdim. Atamdan xahiş etdim ki, ixtisasımı o seçsin. O da riyaziyyat və informatika ixtisasını seçdi. Atam məni yaxşı tanıyır və bilir ki, riyaziyyatı çox sevirəm. Onun seçimi həyatımı dəyişdirdi. Təhsilimi ingilis dilindəydi və məni məcbur etdi ki, bu dili əla səviyyədə öyrənim. İngilis dilini öyrənsəm də, ölkə daxilində istifadə şansım çox az idi. Elə həmin vaxtdan qərar verdim ki, xaricə gedəcəyəm.
– Niyə məhz Koreya?
– Xaricə getmək qərarımı verdikdən sonra müxtəlif ölkələrə sənəd verirdim ki, təqaüd götürüm. Amerika, İngiltərə, Avstraliya, Yaponiya və Koreya mənə təqaüd verməyə razı olan ölkələr idi. Bildiyiniz kimi, Amerika, İngiltərə, Avstraliya bahalı ölkələrdir və təqaüdlər yalnız təhsili əhatə edir, yəni aylıq yaşayış xərclərini özünüz qarşılamalısınız. Onlardan fərqli olaraq Yaponiya və Koreya yaşamı baha olan ölkələr olsalar belə, yaşam xərclərini də qarşılayırlar. Ona görə iki ölkədən birini seçəcəkdim və Koreyanı seçdim. Koreya əlifbasını öyrənmək isə cəmi 20 dəqiqə vaxtımı aldı.
– Fərqli ölkə, tamam yad mədəniyyət… Koreyalılar sizi necə qarşıladılar?
– Koreyaya ilk dəfə gedəndə Dequ şəhərində qalırdım. İnsanlar xaricilərə çox hörmət edirdilər və çox vaxt yaxınlaşıb şəkil çəkdirmək istəyirdilər. İllər keçib düzü, bu suala artıq cavab verə bilmərəm, çünki koreyalılar artıq məni ətrafımdakı yerli əhalidən biri kimi görürlər.
– Koreyalı tələbələrə Azərbaycanla bağlı dərslər keçirirsiniz. Reaksiyalar necədir, hansı sözümüzü daha çox xoşlayırdılar?
– Koreyada 2011-ci ildən UNESCO-da, 2014-ci ildən Seul İcra Hakimiyyətində və Seul Gənclər Mərkəzində Azərbaycan haqqında dərslər vermişəm. Tələbələrim çox vaxt 7-20 yaş arası məktəblilər olsa da, bəzən böyük Koreya şirkət sahiblərinə və işçilərinə də Azərbaycan haqqında dərslər verirəm. Dərslərdən sonra tələbələr hamısı mütləq bir gün Azərbaycana getməyi arzulayırlar. Tələbələrə Azərbaycan mədəniyyəti həqiqətən də çox maraqlıdır, insanların salamlaşmasından tutmuş sağollaşmasına kimi. Koreya və Azərbaycan dili eyni dil qrupundandır: Altay dil qrupu. Bunu istər cümlələrin quruluşunda, istərsə də hərflərin səslənməsindən hiss etmək mümkündür. Koreyalı tələbələrin ən tez yadlarında qalan “sağ ol” sözüdür. Koreyalıların “sağol” adlı yeməkləri var.
– Xarici ölkədə uğur qazanmaq istəyirsinizsə… cümləsini necə tamamlayarsınız?
– Xarici ölkədə uğur qazanmaq istəyirsinizsə, ilk olaraq həmin ölkənin dilini və mədəniyyətini əla səviyyədə bilməlisiniz. Mən də belə etdim. İşimlə əlaqədar Koreyalı iş adamlarıyla çox görüşürəm və üzbəüz görüşənə kimi heç kim mənim əcnəbi olduğumu hiss etmir. Universitet ixtisasımdan tamamilə fərqli sahədə işləmiş kimi görünsəm də, əslində belə deyil. Hazırda gördüyüm iş sosial şəbəkə və mobil müştəri xidmətləri proqramlarının marketinqidir. Şirkətimizin məhsullarının marketinqi üçün texnologiya bilikləri mütləqdir. Bir də gənc dostlara məsləhət görərdim ki, çalışın dərs oxumadığınız vaxtlarda evdə oturmayın, müxtəlif tədbirlərə qatılın və yeni insanlarla tanış olun. Çünki sabah həmin insanlar sizin əməkdaşlarınız olacaq.
– Pozitiv düşüncə əsasdır deyirlər. Sizcə, pozitiv düşüncənin əhəmiyyəti nədir?
– Etməli olduğunuz işi etsəniz və pozitivliyinizi qorusanız, insanlar həmişə sizinlə birgə işləmək, bir komandada çalışmaq, ətrafınızda olmaq istəyəcəklər. Ona görə də, mən həmişə pozitiv olmağı üstün tuturam.
– Günə saat neçədə başlayırsınız. Ümumiyyətlə işlərinizi necə nizamlayırsınız?
– Hər gün səhər saat 6-da dururam. İtlərimi gəzdirib işə gedirəm. İş təqribən normalda 6-7 arası bitir və sonra dərsə gedirəm, dərs 10-11 arası bitir və evə qayıdıb yenidən balacaları gəzdirirəm. Çox çətin həyat tərzi kimi görünsə də, bu həyatı çox sevirəm. İşlər həmişə çox olur, amma mən düşünürəm ki, hələ gəncəm, bu gün çalışıb əlimdən gəldiyi qədər gələcək üçün öyrənməliyəm.
– 25 yaşınız var və artıq ailə də, karyera da qurmusunuz. Sevginin motivasiyaedici amil olduğu deyilir. Sizcə, həqiqətən belədirmi?
– Sevgi motivasiyaedici hissdir, amma ailə ondan da artıqdır. Mən evlənənə kimi elə düşünürdüm ki, ailə çətinlik, problem, karyeranın sonu deməkdir. Amma evlilik bütün fikirlərimi dəyişdi. Ailə çox şeyin sonu olsa da, gözəl həyatın başlanğıcıdır. Keçmişə qayıda bilsəm, daha tez ailə həyatı qurardım.
– Uğurlu insan görəndə bəzən deyirlər ki, “bəxt var da”… Bu sözlə razısınızmı? Ümumiyyətlə, şansa inanırsınız?
– Bəli, inanıram, şans təbii ki, var, amma şansın arxasında böyük əzab, əziyyət durur. Çoxumuz isə bunu görmək istəmirik.
– Dalay Lamanın belə bir sözü var: Uğurlarını onları əldə etmək üçün qurban verdiklərinizə baxaraq dəyərləndirin”. Uğurlu karyera yolunda nələri qurban vermisiniz?
– Ən böyük qurbanım elə vaxtdır. Zamanımın çoxunu arzu və məqsədlərimə çatmaq üçün sərf etmişəm.
– Koreyalılarla azərbaycanlıların işə yanaşma tərzi fərqlidir. Sizin bununla bağlı hansısa çətinliyiniz oldumu?
– Azərbaycandan çıxarkən 18 yaşım var idi, heç bir şirkətdə işləməmişdim və ilk iş yerim də Koreyada olub. Yəni mənim hazırda işim çoxlarına çətin gələ bilər. Amma ilk karyera addımlarımı Koreyada atdığım üçün mənə normal gəlir.
– Facebook profilinizdə ölkəmizlə bağlı tez-tez məlumatlar paylaşır, Koreyada bayrağımızla şəkillər çəkdirirsiniz. Çox darıxırsınız? Daha çox nəyin həsrətini çəkirsiniz?
– Kim nə deyir desin ailədən, dostlardan uzaq yaşamaq çətindir və Koreya dilində nə qədər yaxşı danışsam da, ana dili başqadır. Mənim istəyim Koreya və Azərbaycan arasında bir körpü olmaqdır və bu yola davam edirəm.
– Ənənəvi sualımız. Uğurunuzun sirri nədir?
– Heç vaxt həvəsdən düşməmək. İnsan işini sevməsə, həvəsdən düşər. İşini iş xatirinə yox, zövq aldığın üçün görürsənsə, uğur da mütləq səninlə olur.
Aygün ƏZİZ