Əsas səhifə Biznes Müsahibə “Cənubi Koreyada Azərbaycanlılar ən yaxşı İT şirkətlərdə çalışırlar”

“Cənubi Koreyada Azərbaycanlılar ən yaxşı İT şirkətlərdə çalışırlar”

5028
adil əliyev

Cənubi Koreyanın dünyaca məşhur Samsung Electronics şirkətinin baş ofisində çalışan həmyerlimiz Adil Əliyevlə müsahibə

Adil Əliyev şirkətdə veb platformalar qrupunda mühəndis (proqram təminatı üzrə) olaraq çalışır.

Qeyd edək ki, Samsung şirkətində işə qəbul olmazdan əvvəl onun son iş yeri Azercell şirkəti olub.

O, Samsung şirkətinə qəbul olunması ilə bağlı ətraflı məlumat verib:

“Əslində, məhz Cənubi Koreyanı və Samsung Electronics-i seçməyimi bir qədər təsadüf hesab etmək olar. Şirkət tərəfindən Samsungda mənə maraqlı ola biləcək vakansiyalar barədə məlumat aldım. Qlobal şirkət olduğundan və o şirkət barədə bir qədər məlumatım olduğundan orada iş imkanı qazanacağıma  o qədər də inanmırdım. Lakin özümü sınamaq və neçə mərhələni keçə biləcəyimi yoxlamaq qərarına gəldim. Daha sonra müxtəlif imtahanlar və müsahibələrdən keçməli oldum, bir neçə ay sonra bütün mərhələlərdən uğurla keçdiyim və iş təklifi barədə xəbər aldım. Burada alqoritmik biliklər, proqramlaşdırma sahəsində qeyri-standart düşüncə tərzi əsas meyarlardan hesab olunur”.

Adil Əliyev deyir ki, bu qlobal şirkətin onun çalışdığı bölməsində iş vaxtı sərbəstdir, işə gəlib-getməklə bağlı konkret bir vaxt müəyyən edilmir:

“Verilən işi vaxtında və korrekt olaraq yerinə yetirmək lazımdır. Ehtiyac olduğu halda ofisdən kənara çıxmaq üçün kimdənsə icazə almaq və s. məsələlərə ehtiyac duyulmur. Bununla yanaşı,  şəhərcikdə gözəl iş şəraitindən başqa, yeməkdən tutmuş əyləncəyə qədər hər cür şərait yaradılıb. Təəssüf ki, daxili siyasətə görə detalları açıqlaya bilməyəcəyəm (gülür)”.

Həmyerlimiz şirkətdə proqramçıların iş fəaliyyətindən də danışıb:

“Bütün iş prosesi səliqəli formada təşkil olunur. Proqramçı yalnız öz işinə istiqamətlənir, işin haradan başlayıb harada bitəcəyi barədə tam məlumatlı olur. Ona görə də iş darıxdırıcı və yorucu olmur. Bir-iki il öncə elə düşünürdüm ki, deyəsən proqramlaşdırma mənə artıq darıxdırıcı gəlir və bu sahədə enerjim artıq tükənmək üzrədir, gərək özümə başqa bir iş tapım. Amma burada işləməyə başlayanda müşahidə etdim ki, enerjim tam yerindədir, hələ qocalmamışam (gülür). İş prosesi bir çox qlobal şirkətlərdə necə ki, standartlar üzrə aparılır burada da proseslər eynilə həmin beynəlxalq standartlara uyğun aparılır”.

Adil Əliyev Koreyada İKT sektoru ilə bağlı da suallarımızı cavablandırıb:

“İlk olaraq onu deyim ki, Koreyada təhsil sistemi çox güclüdür, dəqiq elmlərə, İKT, mühəndislik və s. bu kimi sahələrə böyük önəm verilir. Son illərdəki bilik olimpiadaları və müsabiqələrin nəticələrindən də görünür ki, burada bu sahəyə böyük önəm verilir. İl ərzində müxtəlif beynəlxalq konfranslar, seminarlar, hackatonlar və s. tədbirlər keçirilir. Bundan başqa Koreyada insanlar çox çalışır və bundan məmnundurlar. İş vaxtından çox işləmək qeyri-adi bir şey deyil və burada normal hesab olunur. Koreyalılar çox iddialı və prinsipial insanlardırlar, qarşılarına bir məqsəd qoyub o məqsədə doğru bütün qüvvələrini səfərbər edirlər. Məhz buna görə də Koreya şirkətləri son 10-20 ildə bir çox texnologiya şirkətlərini həm innovasiyalar, həm də satışın həcmi baxımından geridə qoyublar”.

Adil Əliyevin sözlərinə görə, Koreyada İKT baxımından infrastruktur çox inkişaf edib və hər hansı yeni ideyanı həyata keçirmək o qədər də çətin olmur:

“Məsələn, ölkədə bir çox plastik kart üzrə prosessinq mərkəzi var, bir neçə elektron xəritə xidməti var, Demək olar ki, hər bir şey elektron olaraq həyata keçirilir, ölkənin az-qala hər bir nöqtəsində müasir LTE mobil şəbəkəsi mövcuddur. Mən öz telefonumda 3G işarəsinin olduğunu ilk dəfə Bakıda gördüm (gülür), burada həmin piktoqramın yerində həmişə LTE işarəsi görünürdü. T-money, Samsung Pay adlı sistemlər vasitəsilə ölkənin hər-bir nöqtəsinə nəğdsiz ödənişlər etmək mümkündür. Demək olar ki, kağız pul istifadə etmirəm, buna ehtiyacım olmur. Qəribə görünsə də burada Whatsapp demək olar ki, istifadə olunmur, çünki Koreya istehsalı olan KakaoTalk adlanan sistem daha məşhurdur, Uber taksi xidməti Koreya bazarına daxil olsa da uğur qazana bilməyib, çünki öz lokal sistemləri daha yaxşı işləyir və bu rəqabətə asanlıqla tab gətirir, Google Maps əvəzinə Naver Maps və Daum daha çox istifadə olunur. Bu kimi çox nümunələr göstərmək olar”.

Həmyerliyimiz deyir ki, Koreyada təbii sərvətlər çox məhdud olsa da, bu məhdudiyyət koreyalılar üçün problem yaratmır:

“Məsələn, Koreyada neft yoxdur, lakin neft məhsulları üzrə ixracat Koreyanın əsas sahələrindəndir, Koreyada metal filizləri də yoxdur, amma metallurgiya, gəmiqayırma, avtomobil sanəyesi Koreyaya külli miqdarda gəlir gətirir. Fikrimcə, bu güclü təhsil sistemi, işdə peşəkarlıq, biznes sahəsində sağlam rəqabət və prinsipiallığın nəticəsidir”.

Adil Əliyev Koreyada startap layihələrinə olan diqqətdən də danışıb:

“Koreyada bir çox startap şirkətlər mövcuddur və onlar günü-gündən artmaqdadır. İnvestorlardan başqa qlobal şirkətlərin (Samsung, LG, KT, SK, Hyundai, və s.) özləri də bu məsələyə böyük diqqət ayırırlar, öz işçilərinin ideyalarına investisiya yatırır, onlar üçün lazımi şəraiti yaradırlar”.

Həmyerlimiz  asudə vaxtalarındakı məşğuliyyətləri barədə də qısa məlumat verib.

“Həftənin bütün günü şirkətdə oluram və yeməyimi şirkətdə yeyirəm. Bəzən  həftə sonları yemək bişirməyə cəhd edirəm, arada alınır, arada yox. Koreya mətbəxi mənim üçün çox dadlıdır. İstiot çox istifadə edirlər, ilk əvvəllər bir az acı olurdu, sonra öyrəşdim. Bəzən Seulda yerləşən Bakı restoranında Azərbaycan xörəkləri yeyirəm”.

Adil Əliyev deyir ki, ilk vaxtlar Koreyada cüzi çətinliklər olsa da qısa zamanda buraya öyrəşib:

“Şərqdə insanların üz cizgiləri mənim üçün çox oxşar görünürdü. İnsanları bir-birinə oxşadırdım, bəzən səhv salırdım (gülür). Bir ay sonra artıq rahat ayırd edə bildim. Burada azərbaycanlılar az olsa da hər biri burada qabaqcıl ali məktəblərdə təhsil alır və ya top şirkətlərdə (Samsung, LG, Hyundai, NAVER, Coupang və s.) çalışırlar və belə intellektli insanlarla görüşəndə darıxmağa imkan olmur”

Adil Əliyevin bu sahədə uğur qazanmaq istəyən gənclərə tövsiyəsi belə olub:

“İKT sahəsini öyrənmək, uğur qazana bilmək üçün fundamental biliklər çox vacibdir. Müşahidə edirəm ki, gənclərimiz universitetdə riyaziyyat, alqoritmlər, proqramlaşdırmanın əsasları, obyekt yönümlü proqramlaşdırma, əməliyyat sistemləri və s. kimi təməl fənnlərə əhəmiyyət vermir, əksinə hansısa konkret bir dildə (əsasən dəbdə olan) proqramlaşdırma və ya hansısa bir verilənlər bazasının idarəetmə sistemi, vendorların sertifkatları, veb saytların yaradılması, mobil tətbiqlərin yaradılması və s. məsələlərə daha çox həvəs göstərirlər. Mən də tələbə olarkən yuxarıda sadaladıqlarımın bir hissəsi darıxdırıcı və çətin görünürdü, yeri gəlmişkən heç də yaxşı tələbə olmamışam, hər semestr kəsrlərim olurdu. Amma bu təməl biliklərə diqqət verməyə çalışırdım (daha düzü müəllimim Ramin Mahmudzadə məcbur edirdi).

Məsələn, mobil tətbiqin yazılması indiki zamanda heç də çətin deyil, amma qarşıya tapşırıq qoyulanda ki, bu tətbiq mobil qurğunun (telefon, planşet və s.) batareyasına filan meyarlara görə qənaət etməlidir (batareya tez bitməsin deyə), internet trafikini filan limitdən çox istifadə etməməlidir (müştərini xərcə salmamaq üçün), filan imkanın icra vaxtı filan qədər millisaniyəni keçməməlidir (tətbiq bezdirici olmasın deyə), o zaman optimal alqoritmlər, əməliyyat sisteminin dərinlikləri, şəbəkənin necə işləməsi, riyaziyyat, optimallaşdırma və s. vacibliyi açıq-aydın görünür. Son zamanlar çox güclü və çoxnüvəli prosessorlar istehsal edilir, lakin biz hamımız bu barədə məlumatlı olsaq da elə bir fərq hiss etmirik. Çünki proqram təminatı səviyyəsində bu tam nəzərə alınmır. Bunun üçün paralel proqramlaşdırma bilikləri də çox vacibdir. Alqoritmlərin parallelləşdirilməsi, paralel icra zamanı müxtəlif konfliktlərin aradan qaldırılması və s. üçün bu sahədə fundamental biliklər tələb edir. Bəlkə bir az qəliz göründü, amma mənim kimi keçmişdə pis oxuyan tələbə bunlardan az da olsa baş çıxara bilibsə, indiki tələbələrin hamısı məndən daha uğurlu olacaqlarına inanıram (gülür)”.

Adil Əliyev sonda gənclərə müraciət edib:

“Ölkəmizdə İKT sahəsində bir çox addımlar atılmasına, səylər göstərilməsinə baxmayaraq hələ də nəticələrimiz qənaətbəxş deyil. Detallara çox girmək istəmirəm, hər şey göz qabağındadır. Xaricdə vətənimizi bu sahədə hələ ki, tanımırlar. Bunun üçün çoxlu çalışmalı, xarici ölkələrdə təhsil almalı, top şirkətlərdə çalışmalı, təcrübə öyrənməliyik. Eyni zamanda xaricdə olarkən ölkəmizi layiqincə təmsil etməliyik. Xaricdə oxuyan, çalışan hər birimiz ölkəmizin həmin nöqtədəki simasıyıq. Bu məsuliyyəti unutmamalıyıq. Gərək birlikdə elə edək ki, bir neçə ildən sonra hamımız həvəslə vətənimizə qayıdaq və ölkəmizin bu sahədə qabaqcıl olmasını təmin edək. Bunun üçün bizim kifayət qədər potensialımız var. Bir balaca tənbəlliyin daşını atsaq,  hər şey yaxşı olacaq”.

©xeberler.az