Bugatti şirkətinin model xəttini genişləndirmək istəklərinin olduğunu bilirik. Dolaşan şayiələr fransız markasının krossover hazırladığına işarə etsə də, şirkətin rəhbəri Stefan Vinkelman bunu təsdiqləməyərək, Buggati-nin gündəlik istismara yararlı model üzərində düşündüyünü bildirmişdi.
Bir çoxları Bugatti krossoverinin Lamborghini Urus modelinin əsasında inşa ediləcəyini və 4,0-litrlik V8 biturbomühərriki ilə təchiz ediləcəyini iddia etsələr də, Vinkelman ikinci modelin elektrokar olacağını söyləyib. Bu günlərdə Automobile Magazine dərgisinin nümayəndəsi Georq Kaçer Bugatti markasının elektrik krossoverini Edag şirkəti ilə birlikdə hazırlayacağını və elektromobilin istehsalını Magna Steyr şirkətinin Qrazdakı (Avstriya) zavodunda təşkil ediləcəyini bildirib.
Əgər söylənənlər doğrudursa, Bugatti şirkəti bir qrupa daxil olduğu Porsche şirkəti vasitəsi ilə Rimac şikəti ilə bu barədə danışıqlara başlayıb. Çox güman ki, fransızlar xorvat şirkətinin imkanlarından yararlanmaq niyyətindədirlər. Bildiyimiz kimi, Porsche xorvat şirkətinin 10 faizlik səhmlərinə sahibdir və qohum şirkət üçün belə bir şəraiti yaratmaq iqtidarındadır.
Söylənilənlərə görə, Bugatti şirkəti 2000 at qüvvəsinə malik olan elektrik güc qurğusu ilə təchiz edilən krossoveri inşa edə bilər. Fransız markası ildə 600 krossover satmağı planlaşdırır. İstənilən halda, Bugatti markasının krossoverdən imtina etmək kimi bir imtiyazı yoxdur – marka müştəriləri krossover arzuladıqlarını açıq şəkildə Vinkelmana bildiriblər.