Bu il Azərbaycanda sahibkarlara 50 mln. manatdan çox güzəştli kredit verilib

0
730

Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Cəlilabad rayonunda növbəti işgüzar forumunu keçirib.

“Report” Nazirliyə istinadən xəbər verir ki, tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, intensiv kartofçuluq, üzümçülük, soya, noxud və mərci əkini təsərrüfatlarının, süd emalı, quru meyvə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

SKMF-in icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. O bildirib ki, 2018-ci ilin ötən dövründə sahibkarların ümumi dəyəri 360 mln. manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 51 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5 200-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

İşgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 174 min manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlığın, həmçinin ət, meyvə emalı və s. sahələrin inkişafına yönəldiləcək. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 121,2 mln. manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Cəlilabadda güzəştli kredit ayrılan aqroparka baxış keçirilib. 1 600 hektar ərazidə iri fermer təsərrüfatının və 500 başlıq südlük istiqamətli cins heyvandarlıq kompleksinin, gündəlik emal gücü 20 ton olan süd emalı zavodunun və illik gücü 1 000 ton ət kəsimi olan fabrikin daxil olduğu aqroparkda ikinci mərhələ üzrə işlər davam etdirilir.

Qeyd edək ki, hazırda 30 rayon üzrə 192 min hektar ərazidə 45 aqropark yaradılmaqdadır. Ümumi dəyəri 398 mln. manat olan 15 aqroparkın yaradılmasına 107,6 mln. manat güzəştli kredit verilib.