Bu il Azərbaycan və Xorvatiya arasında ticarət dövriyyəsinin həcmi 105 milyon dollar olub

0
552

Azərbaycan və Xorvatiya arasında diplomatik əlaqələrin qurulmasından keçən dövr ərzində iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri həyata keçirilib, yüksək səviyyədə görüşlər olub, ölkələrimizin qarşılıqlı əlaqələri ilə bağlı 20-dək müqavilə imzalanıb.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər noyabrın 28-də Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasında səsləndirilib.

İclasda Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, Xorvatiya tərəfdən isə birgə komissiyanın həmsədri, baş nazirin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri xanım Martina Daliçin başçılıq etdiyi nümayəndə heyəti iştirak ediblər.

F.Məmmədov komissiyanın 2013-ci il martın 11-də Zaqrebdə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradıldığını və ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına xidmət edəcəyini bildirib.

O diqqətə çatdırıb ki, 2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 284,7 milyon ABŞ dolları təşkil edib, bunun da 51,2 milyon dolları idxalın, 233,5 milyon dolları isə ixracın payına düşüb. Bu ilin yanvar-sentyabr ayları üzrə ticarət dövriyyəsi 105 milyon ABŞ dolları həcmində olub.

Komissiya qarşısında duran mühüm istiqamətlərdən birinin iqtisadi əlaqələrin genişləndirilməsinə dəstək verilməsi olduğunu deyən F.Məmmədov aparılan danışıqların, əldə olunan razılaşmaların və imzalanan sənədlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacağına əminliyini ifadə edib.

Nazir Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın genişlənməsində biznes əlaqələrinin mühüm rol oynadığını bildirərək, indiyədək hər iki ölkədə işgüzar dairələr arasında birbaşa təmasların inkişafı baxımından əhəmiyyət kəsb edən 4 biznes forumun keçirildiyini nəzərə çatdırıb. Ölkələr arasında ikitərəfli münasibətlərə böyük töhfələr verə biləcək bir çox perspektivli sahələr olduğunu vurğulayan F.Məmmədov son illər Azərbaycanda müxtəlif yeni sənaye parklarının yaradıldığını və sözügedən parklarda investorlar üçün cəlbedici şərtlərin, o cümlədən vergi güzəştlərinin mövcud olduğunu komissiya üzvlərinin diqqətinə çatdırıb.

Energetika sahəsində əməkdaşlığın önəmini vurğulayan nazir bildirib ki, Xorvatiya Azərbaycan təbii qazının Avropaya çatdırılmasını nəzərdə tutan “Trans-Adriatik” qaz kəməri (TAP) layihəsinin həyata keçirilməsində maraqlıdır. Azərbaycan, eyni zamanda, həm TAP, həm də İon-Adriatik qaz boru kəmərlərinin tikintisi üzrə qarşılıqlı anlaşma, dəstək və əməkdaşlıq haqqında memorandum imzalayan dövlətlərdən biridir.

Qeyd olunub ki, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri tamamlanaraq İon-Adriatik boru kəməri ilə bir şəbəkəyə qoşulmaqla gələcəkdə Azərbaycan təbii qazının Balkan ölkələrinə nəqlinə nail olunacaq.

M.Daliç qarşılıqlı maraqlar və dostluq prinsiplərinə əsaslanan əməkdaşlığa açıq olduqlarını qeyd edib. O, Azərbaycan və Xorvatiya arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdiyini söyləyərək, iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının müxtəlif sahələrdə uğurlu əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan və Xorvatiya arasında sənaye, energetika, nəqliyyat, idman, turizm, təhsil, xüsusilə informasiya texnologiyaları sahəsində mövcud potensialı reallaşdırmaq üçün geniş imkanlar mövcuddur.

İclasda iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub. Tərəflər siyasi, iqtisadi və humanitar əməkdaşlıq sahələrində ciddi irəliləyişə nail olunduğunu, əlaqələrin inkişaf etdirilməsi üçün geniş hüquqi baza yaradıldığını bildirib, gələcək əməkdaşlıq sahələrini genişləndirmək məqsədilə kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma və əczaçılıq sahələri üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

M.Daliç Xorvatiya-Azərbaycan əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səy göstərəcəklərini vurğulayıb.

İclasın sonunda Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri – Fazil Məmmədov və Martina Daliç imzalayıblar.

İclas çərçivəsində F.Məmmədov və Xorvatiyanın Baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliçin təkbətək görüşü də keçirilib. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.