Rövşən Hikmətoğlu: “5 nəfərdən 4-ü bu işi görməməyi məsləhət bildi”
Ona görə, bizneslə bağlı ən çətin məqam işə başlamaqdır. Çünki işə başlayandan sonra davamını gətirmək olur. Düşünür ki, vaxtı dəyərləndirmək və zamanında başlamaq lazımdır. O da, daha gənc yaşlarda biznesə başlayıb, çətinliklərinə rəğmən, təslim olmayıb. Və şirkətini ölkə çərçivəsində müəyyən qədər böyütməyə nail ola bilib. Müsahibimiz“Hikmetoglu Transport” şirkətinin rəhbəri Rövşən Hikmətoğludur.
– Adətən, insanlar gəmini sahilə çıxarmağına baxır, dalğalarla necə vuruşduğuna yox. Bu prinsipdən yanaşanda, 5 ildir ki, yaranıb, ötən il öz sahəsində ilin şirkəti seçildi. Bəs bu şirkət necə qurulub?
– 2011-ci ildə maliyyə sahəsi üzrə təhsil almağa başladım. Təhsilim qiyabi olduğu üçün elə universitetə qəbul olandan nəqliyyat sahəsi üzrə bir şirkətdə çalışdım. Elə şirkət 2011-ci ildə qurulmuşdu. Mən orda çalışandan 7-8 ay sonra bağlandı. O müddətdə logistika və nəqliyyatla bağlı bir çox şeyləri öyrənmişdim, ona görə düşündüm ki, bu istiqamətdə öz işimi qura bilərəm. Ordan ayrılandan sonra səyyar şəkildə özüm bu işlə məşğul oldum. Nə şirkət var idi, nə də hansısa ofis. Bir il səyyar fəaliyyət mənə çox şeylər öyrətdi. Düzdür, elə bir gəlirim olmadı, amma təcrübə cəhətdən o fəaliyyət mənim üçün önəmli idi. İş də müəyyən qədər gedirdi. 2013-cü ilin 24 yanvarında isə artıq şirkəti qurmaq qərarı verdim. Şirkətin adının “Hikmətoğlu” olması ata adından irəli gəlir. Atam Şəkidə tanınmış həkim olub və illər öncə rəhmətə gedib. Həmişə düşünürdüm ki, atamın adını hər hansı bir şəkildə yaşadım. Buna görə, şirkətin adı belə oldu. İlk ofisimiz 2014-cü ildə oldu, iki nəfərlə ofisdə işə başladıq. Sonra artıq yavaş-yavaş işlərimiz sahmana düşdü.
– 18-19 yaşda iş qurmağa cəhd edibsiniz. Ətrafda “alınmaz”, “yaşın azdır” deyən olurdumu?
– “Yaşın çox azdır”, “belə bir işi qurmağın mümkün deyil”, “çətin olacaq”, “bazarda güclü rəqiblərin var” və s. deyirdilər. Hansısa maaşlı işə girməyi məsləhət görürdülər. Amma mən daha böyük işləri hədəf götürmüşdüm. Yeni başlayanda, şirkətimiz təzə olduğu üçün bizimlə çalışmaq istəməyən müştərilər də olub. Müxtəlif vasitələrlə onlarda inam yaratmağa çalışırdım. İnandırırdım ki, kollektivimiz təzə olsa da, biz bu işin üzərinə professional şəkildə gedəcəyik. Sonra yavaş-yavaş müştəri əldə etdik. Belə bir fikir var: müştəri müştəri gətirir. Bizim işimizin keyfiyyətini görənlər digərlərinə də məsləhət bilirdi. Tövsiyələr sayəsində bazamız daha da artdı və 2015-2016-cı illərdən başlayaraq, Azərbaycanın ən böyük holdinqləri ilə əməkdaşlıq edirik.
Gənc yaşlarda bu işi görmək sevindiricidir, amma bir o qədər də çətindir. Hər zaman qorxmadan addım atmışam. Bəzən baxıram ki, atdığım addımlar yaşıma uyğun deyil. İndi 24 yaşındayam, işə təzə başlayanda görürdüm ki, yaşıdlarım başqa işlərlə məşğuldur, amma mən belə risklərin altına girirəm. Həqiqətən də fikirləşirdim ki, çox böyük risklər edirəm. Amma əgər insan özünə güvənirsə, onun hansı yaşda olması çox da önəm daşımır. Gənc yaşlarımdan işləməyə, biznesə maraqlı olmuşam. Hətta məktəb illərindən bunun təməli qoyulub.
– Məktəb illərində necə?
– Atam, anam, əmim, dayılarım hamısı həkim olub. Həkim ailəsində doğulsam da, heç vaxt o istiqamətə getməyi fikirləşməmişəm, bizneslə məşğul olmağı düşünmüşəm. Bu sahə mənim üçün daha maraqlı gəlirdi. 9-cu sinifdə oxuyanda fikirləşirdim ki, nə iş görə bilərəm? Şəhərdə məktəblərarası bir tədbir təşkil etmək istəyirdim. Şəkidə restoranların birində dostumla belə bir tədbiri təşkil etdik, 800-ə yaxın bilet satışa çıxardıq. Məktəbləri bir-bir gəzdik, uşaqları dəvət elədik. Amma təəssüf ki, biz onu uğurlu şəkildə həyata keçirə bilmədik. Çünki bizdən daha öncə bu işi görən biznesmenlər idi. Biz isə hələ uşaq idik. Sonda kifayət qədər zərər etdik. Təxminən, 400-500 manat məbləğ idi. Bu, məktəbli uşaq üçün böyük məbləğ idi. Heç birimiz valideynlərimizə zəng vura bilmirdik. Başqa çıxış yolumuz da yox idi, atama zəng vurdum, telefonu götürəndə gördü ki, çox pisəm. Dedi ki, xəbərdaram, belə olacağını mən sənə demişdim. “Eybi yox, narahat olma” deyib, pulu ödədi. Amma həm də dedi ki, bu işi görməyinə ona görə icazə verdim ki, bunun o qədər də asan iş olmadığını biləsən. Həqiqətən də o vaxt həmin işi görəndə müxtəlif insanları, bir çox problemləri gördüm və bu hadisə həyatı bir balaca da olsa, mənə başa saldı. Amma heç vaxt fikirlərimdən vaz keçmirdim.
– Həmin təcrübədən sonra bu işə başlamaq qorxulu gəlmirdi?
– Bu işə başlayanda biznes sahəsində təcrübəsi olan bir neçə insanla məsləhətləşdim, 5 nəfərdən 4-ü mənə bu işi görməməyi məsləhət bildi. O bir nəfər isə hər zaman yanımda olan, uğur simvolum hesab etdiyim dayım oğlu Mamed oldu. O, mənə hər zaman həm maddi cəhətdən, həm də mənəvi cəhətdən çox dəstək olur. Onu həmişə özümə qardaş bilmişəm. Hər addımı atanda mənə deyirdi ki, sənin yanındayam. Şirkət yeni yaranan vaxtlar devalvasiya dövrünə düşdü, deyirdilər ki, çoxları açdıqları şirkətləri bağlayır, sən niyə risk edirsən? Amma mən qulaq asmadım və davam etdim. Şükür Allaha, bu gün şirkətimiz öz yerini bazarda tapıb.
– Biznes aləmindən danışaq. Əvvəl və işin içində olandan sonrakı təəssüratınız arasında fərq nə oldu?
– Professional formada şirkət qurmaq istəyirsənsə, artıq burda təməl olmalıdır. Təməl nədən ibarətdir? Mühasibatlıq sistemi düzgün qurulmalıdır ki, gəlir və xərcləri dəqiq biləsən. İT sistemi yaxşı olmalıdır. Hazırda biznesdə bu, çox önəmlidir. Digər məsələ də kadrların düzgün seçimidir. Əvvəl düşünürdük ki, işi bilən bir nəfəri götürsək, hər şey qaydasında olar. Amma zamanla görürsən ki, işin necə getməsində insan faktorunun, kadrın böyük önəmi var. Buna görə, kadr seçiminə də diqqətlə yanaşırıq ki, bizə nəticə verə bilsin. Bizim işdə təkcə professionallıq deyil, psixologiyanın da düzgün səviyyədə olması lazımdır. Bəzən iş səviyyəsi yaxşı olanı psixologiyası sakit olmadığı üçün işə götürə bilmirik. Psixoloji gərgin adamın bu halı işinə də təsir edir. Müştəri müştəri gətirdiyi kimi, bir nəfərlə kobud danışmaq başqa müştəriləri də itirməyimizə səbəb ola bilər.
– Bəs özünüz iş prosesində psixoloji olaraq tarazlığınızı qoruya bilirsiniz?
– (Gülür) Tam şəkildə qoruya bildiyimi deməzdim. Üzərimdə məsuliyyət çoxdur, problemlər nəticəsində dəyən zərərlər birbaşa şirkətə ziyan yetirdiyi üçün bu, bəzən çətin olur. Boynuma alıram ki, problemlər sayəsində bəzən mən də aqressivləşirəm. Çünki işimiz həqiqətən də çox çətindir. Bəzən sərhədlərdə növbələr olur, gecikmələr yaranır. Müştərilər gecikmənin səbəbini soruşurlar, narazılıq edirlər. Amma sərhəddə növbə varsa, maşınlar keçə bilmirsə, burda bizdən asılı olan iş yoxdur. Belə xırda şeylər bəzən ciddi aqressiyaya gətirib çıxarır. Ona görə də, işin psixoloji amilinə kifayət qədər üstünlük verməyə çalışırıq.
– Gəliriniz necədir, qane edir?
– Hər zaman qazandığım gəlirə şükür etmişəm. Ən azından, normal yaşayırıq. Bizim ən əsas məqsədimiz heç də böyük gəlir əldə etmək deyil, uğurlu bir siyasətlə böyük işlər amacındayıq. Hədəfimiz təkcə Azərbaycanla bitmir, gələcək illərdə daha geniş bir məkanda təmsil olunmaqdır. Sektorumuz elədir ki, dünyanın hər yerində ehtiyac var. Gələcək hədəfimiz dünyanın bir çox nöqtələrində bu şirkəti yaratmaq və bunu dünya çapında tanıtmaqdır. Azərbaycanda bunu istədiyimiz səviyyəyə çatdırdıqdan sonra dünya bazarına çıxmaq istəyirik. Əminəm ki, çox yaxında olmasa da, gələcək illərdə hədəflərimizə çatacağıq.
– “Daşıma sektorunda güvənilən və hər zaman sektorun lideri olmaq üçün daim innovativ həll yolları tətbiq olunmaqdadır”. Şirkət haqqında məlumatda belə bir qeyd diqqətimi çəkdi. Sektorun lideri olmaqdan danışaq…
– Fərqli maliyyə tutumlu yüklərin daşınmasını həyata keçiririk. Burada ən böyük mövzu qiymətdən öncə bizim etibarlılıq və güvənli işlərimizdir. Bəzən elə işlər olub ki, bizdən də asılı olmayan səbəblərdən kifayət qədər zərər görmüşük. Amma müştərini məyus etməmək, xidmət səviyyəsini aşağı salmamaq üçün məcburiyyət qarşısında bu cərimələri özümüz qarşılamışıq. Başlıca devizimiz müştərilərin məmnunluğu və inamıdır. Bizim Azərbaycanda müxtəlif rəqiblərimiz var ki, çox uğurlu fəaliyyət göstərirlər. Biz onların da hər birinin işini dəstəkləyirik.
– Biznesə başlayanda 18-19 yaşınız olub. Bu yaş dövründə isə gənclik əyləncəsinə daha çox vaxt sərf edilir. Gənclik əyləncəsindən kəsdiyinizi deyə bilərik?
– Uşaq yaşlarında əyləncəyə maraqlı olsam da, baxır hansılar diqqətimi çəkirdi. Uşaq vaxtı özümdən bir neçə yaş böyük tərzim var idi. Özümü hər zaman daha yuxarı yaşlı hiss etmişəm. 17-18 yaşım olanda özümü 24-25 yaşda hiss edirdim. İndi 24-25 yaşda olsam da, daha yuxarı yaşdayam kimi gəlir. Ona görə yaşıma görə əyləncələrə də ə çox meyilli olmamışam. Amma boş vaxtlarımda özümə maraqlı olan digər əyləncələrdən də qalmıram. Boş vaxtım onsuz da az olur. Çünki dil kursuna, idmana gedirəm. Bir də səyahət etməyi sevirəm. İndiyə kimi 30 ölkədə olmuşam. Hər il avqust ayında bir neçə günlük də olsa, səyahətə vaxt ayırıram.
– Səyahətə gedəndə fikriniz işdə qalmır ki?
– (Gülür) Bütün səyahətlərimdə kompüter yanımda olur. Bəzən getdiyim ölkə ilə 3 saat fərq olur. Saat fərqini nəzərə alanda, çox tez oyanıb işləyirəm.
– Öz işini qurmaq istəyən, amma addım atmağa cəhd edə bilməyən gənclərə nə demək istəyərdiniz?
– İşə başladığım ilk gündən bir həyat prinsipim olub: “əsla vaz keçmə, uduzanlar vaz keçənlərdir”. Yeni işə başlamaq istəyənlərə onu demək istəyirəm ki, insan yeni iş quranda düşünür ki, ziyan da ola bilər, xeyir də. Onlara bildirmək istəyirəm ki, həyatda ən çətin şey başlamaqdır. Başlamaqdan heç bir zaman vaz keçməyin. Əgər qərar veribsinizsə, tərəddüd etməyin, cəhd edin. İşi başladıqdan sonra davamını gətirmək olur. Vaxtı dəyərləndirmək və zamanında başlamaq lazımdır.
Kaspi Qəzeti