Fəxri Ağayev yazır…
Son bir neçə ay ərzində tanıdığım beş nəfər orta yaşlı insan rəhbər vəzifələrə təyin edildilər. Şöbə və ya departament direktoru. Daim mənimlə ünsiyyətdə olurlar, məsləhətlər verirəm, telefonla danışırıq. Və bu insanların həyatında yuxusuz gecələr, stres, gərginlik, fərqli səviyyədə toqquşmalar və konfliktlər başlandı.
Bir çox insan peşəkar karyerasında vəzifəsi artanda bu kimi mövzularla qarşılaşdığına görə, orta idarəçi vəzifələrə yeni rəhbər təyin edilən insanlar üçün məsləhətlərimi yazıram.
İlk növbədə, təklif edirəm ki, problemin kökünə baxaq – niyə yeni təyin edilən orta idarəçilərin komanda və peşəkar fəaliyyətləri ilə əlaqəli sıxıntıları yaşanır? Problemin kökü əslində dərindir və çoxşaxəlidir.
Birinci növbədə peşəkar inkişaf və karyera inkişafı arasında fərq
Azərbaycanda satış müdiri necə seçilir? Ən çox satış edən adam təyin edilir və şirkət iki zərbə alır – güclü satıcısını itirir və zəif rəhbər alır.
Təsəvvür edin ki, bir əməkdaş şirkətdə 5-10 nəfər üzərində rəhbər rəyin edilir. Bu onun üçün karyera inkişafıdır, amma peşəkar bilik və bacarıqları inkişaf etməyibsə və peşəkar inkişafı karyera artımı ilə eyni sürətdə deyilsə…
Sadə misal – bir satıcı məhsulu doğru təqdim etməli və satmalıdırsa, satış müdirindən artıq gözlənilən bacarıq və kompetensiyalar TAM fərqlidir.
Satış müdiri nələri bilməlidir və nələri etməlidir? İdarəçilik psixologiyası + iş etikası + təşkilatçılıq + empati + insanları komandaya birləşdirmək…
Dünən ancaq öz satışına görə məsuliyyət daşıyan insan bu gün artıq digər insanların nəticələrini üçün işləməlidir və onlara şərait yaratmalıdır.
Yaxşı satıcı bir anda bu biliklərə və bacarıqlara malik ola bilməz.
İkinci məqam budur ki, şirkətlərimiz genişlənməyi planlaşdırırlar – yeni mağaza açılışı, yeni müştəri ilə əlaqələr, yeni avadanlığın, mebelin alınması, təmir, satış artımı, personalın artması. Amma şirkətlərimiz genişlənməni planlaşdırmaqla bərabər, daxili inkişafı düşünmürlər – və buna görə də böyüməkdə olan şirkət insanların potensialı ilə öz genişlənməsini həzm edə bilmir. Və bu da çox təhlükəli bir haldır.
Üçüncü problem odur ki, şirkətlərimizin bu gün ana problemlərindən biri kadr sıxıntısıdır. Hazır kadr tapmaq çox çətindir və hazır kadrlar üçün ciddi mübarizə gedir. Buna görə də düşünürəm ki, şirkətlərimiz məhsul və xidmətin gücləndirilməsi, yenilərinin təqdim edilməsi ilə bərabər, həm də artıq şirkət idarəçi və əməkdaşlarının peşəkar inkişafını planlaşdırmalıdırlar.
Ümumilikdə isə hesab edirəm ki, bu gün biznesimizin ƏN BÖYÜK SƏRMAYƏSİ və ZƏİFLİYİ insandır.
Bu gün Azərbaycanda iş dünyasının ən böyük sərmayəsi, eyni zamanda, ən böyük zəifliyi insan resurslarıdır. Pul, maddi vəsait, avadanlıq, bina, mebel problem deyil – satın almaq mümkündür. İnsanı isə satın almaq olmur. Buna görə də düşünürəm ki, bu gün biznesin ən böyük enerji, zaman və vəsait xərcləməsi gərəkən sahə doğru insanları seçərək onları yetişdirməsidir.
Yeni təyin edilən orta idarəçi hansı məqamları anlamalıdır və qəbul etməlidir?
İlk növbədə, qəbul edin ki, peşəkar həyatınızda hər şey dəyişdi.
– Siz, artıq karyeranızda yeni bir mərhələyə addımladınız. Peşəkar həyatınız əvvəlkindən çox fərqli olacaq. Bu gün artıq Siz əvvəlki kimi ANCAQ öz nəticələrinizə görə məsuliyyət daşımırsınız – Siz komandanızda olan və sizinlə işləyən insanların fəaliyyətləri və nəticələrinə görə də məsuliyyət daşıyırsınız;
– Maksimum səbirli olun. Sizə ÇOX məntiqli və doğru gələn addım siyasi baxımdan doğru olmaya bilər. Dərhal reaksiya verməyin – özünüzə və insanlara zaman tanıyın;
– Rəhbər olduğunuz andan etibarən şirkəti, daxildə olan vəziyyəti, strukturu tamamilə fərqli rakursdan və bucaqdan görəcəksiniz. Dünən Sizinlə gülə-gülə danışan bir insan artıq məsafə qoruyacaq – və ətrafınızda olanlardan kimlərin o vəzifəyə keçmək istədiyini təxmin belə edə bilməzsiniz. Sizi gizli şəkildə sevməyənlər olacaq və bu normaldır;
– Bir vacib məqam – xoşagəlməz söhbətlər edə bilməlisiniz və onlardan qaça bilməzsiniz. Dünən Sizinlə birgə kofe içən və işə gecikdiyinə görə danlanan işçi ilə bərabər rəhbərin tənqidini bəyənmirdinizsə, bu gün o rəhbər artıq sizsiniz. Və hər gün işə gecikən bir insan komandanızda varsa, bir gün o insanlarla bu söhbəti Siz etməlisiniz.
– Artıq şəxsən öz nəticələrinizə görə dəyərləndirilməyəcəksiniz – komandanızın nəticələri ön plana çıxacaq. Rahatca bunu demək olar – Siz qismən də olsa, komandanızda olan insanlardan asılı vəziyyətdəsiniz. Bu, acı bir həqiqətdir;
– Sizdən yuxarıda kapriz edəcəyiniz, şikayətlənəcəyiniz adam artıq yoxdur. Komandanızda olan əməkdaşlarınız hansısa işi çatdırmayanda Siz onu etməlisiniz. Siz onları ruhlandırmalısınız. Siz onlara istiqamət verməlisiniz;
– Gecələri yuxunuz qarışacaq, səhər işə gedərkən naz edənlərlə, açıq və gizli narazılarla və onların himayədarları, işləmək istəməyənlərlə nə edəcəyinizi düşünəcəksiniz. Və daha öncə sevmədiyiniz rəhbəri anlamağa başlayacaqsınız. İlk günlərdə karyera, vəzifə və maaş artımı artıq gözünüzə görünməyəcək.
İdarəçilər, rəhbərlər ailəsinə xoş gəldiniz!
Peşəkar inkişaf
Karyeranızda inkişaf var – vəzifəniz artdı. Amma bu, hələ yolun ilk mərhələsidir. Peşəkar artım karyera artımının məntiqli davamı və ayrılmaz parçasıdır:
– Rəhbərin işi, ANCAQ sahəni bilmək deyil. Siz insanlarla ünsiyyət, idarəçilik psixologiyası, təqdim etmə, həvəsləndirmə kimi məqamlara da artıq yiyələnməlisiniz. Bunlar olmasa, demək ki, vəzifənizin artmasına baxmayaraq, öncəki mütəxəssis düşüncə tərzində qalmısınız;
– Özünüzü dürüst analiz edin, zəif tərəflərinizi müəyyən edin və ciddi şəkildə inkişafınıza zaman və vəsait ayırın;
– İşlədiyiniz sahədə rəhbər işləyən heç olmasa üç nəfəri axtarıb tapın, onları çay, kofe içməyə dəvət edin və onlardan məsləhətlər istəyin. Sizə dəstək olsunlar. Bu vacibdir;
– və durmadan oxuyun, oxuyun, oxuyun.
Komanda yoldaşları ilə əlaqələrin qurulması
Dünən Sizinlə çay içən insanı bu gün fərqli görəcəksiniz – sən demə, səkkiz saat yerinə o, gündə cəmi iki saat işləyir. Siz elə etməlisiniz ki, insanlar işləsinlər, effektiv işləsinlər. Əgər komandanızdan kimsə boş oturur və ya tam işləmirsə, şirkət direktoru birbaşa ona heç nə deməyəcək – SİZƏ deyəcək. Ondan iş tələb etdiyiniz anda nə olursunuz? Pis insan. Tələb etməsəniz isə? Pis idarəçi.
Siz insanları fərqli gördüyünüz kimi, insanlar da Sizi fərqli görəcəklər. Siz istəməsiniz belə, əlaqələr rəsmiləşəcək.
Komanda yoldaşları ilə əlaqələrin qurulması məsələsində məsləhətlərim:
– İnsanlarda yeni rəhbərlə bağlı narahatlıq-gərginlik ola bilər. İlk növbədə, hər komanda üzvü ilə tək-tək görüş – yarı səmimi-yarı rəsmi. İnsanları tanımaq çox vacibdir. Az danışın, çox dinləyin;
– Sonra ümumi iclas keçirin – dəyərləri, iş prinsiplərini dilə gətirin və ən əsası, insanların gərginliyini aradan qaldırmaq məqsədilə danışıq. Mütləq insanlara onların fikirlərini nəzərə alacağınız deyin və edin də;
– Şirkətin daxili mədəniyyəti, rəsmi və qeyri-rəsmi əlaqələri, Sizin düşüncənizə görə olan səhvləri əsla dilə gətirməyin;
– Şirkəti, qaydaları, yanaşmaları və prinsipləri tənqid etməyin;
– Hər şirkətdə qeyri-formal liderlər olur – onları müəyyən edin və daha sonra onlarla müharibə etməyin. Ən azından, ilk mərhələdə. Gücünüz, enerjiniz, zamanınız və diqqətiniz müharibəyə sərf olunmamalıdır;
– Qeyri-formal liderlərlə məhsuldar ünsiyyət qura bilsəniz və onlardan dəstək ala bilsəniz, komandanın 75 faizini qazanmış hesab edilərsiniz;
– Hər gün səhər qısa iclaslar keçirin – insanlar dünən nə edib və bu gün nələr ədəcəklər. Bu, həm işi öyrənmək, həm də insanları yaxından tanımaq baxımından əla imkandır;
– Böyük məqsədləriniz belə olsa, onlar haqqında çox danışmayın. İlk dövrdə lovğalıq kimi görünə bilər;
– İnsanlara əsla təzyiq etməyin – doğru bildiklərinizi özünüz edin, ilkin mərhələdə kifayət edəcək. İnsanlar yeni rəhbərlə gərgindirlər və ilk növbədə rahatlaşmalıdırlar. İnsanlarla əlaqələrdə kəskinlik faydalı olmur;
– Özünüzü insanlara qarşı “big boss” kimi aparmayın. Heç bir vəzifədə belə davranmayın;
– Dərhal müharibəyə başlamayın – bu, doğru deyil. Qəti qaydalar, kəskin addımlar atmayın – Sizə məntiqsiz gələcək hər hansı bir mövzunun ciddi əsaslandırılması, keçmişi ola bilər;
– Necə ki, Siz şikayət edirdiniz ki, rəhbər mənim fikirlərimi oğurlayır və özününkü kimi direktora təqdim edir, insanlar da Sizə qarşı eyni fikirləri deyəcək və ona görə davranacaq. “Mən”ləri kənara qoyun – bizləri ön plana çəkin. Hətta belə deyərdim – uğurları insanlara yazın, səhvləri üzərinizə götürün;
– Hər kəsdən daha ağıllı olmağa və görünməyə çalışmayın. Bu, birincisi, mümkün deyil; ikincisi isə doğru deyil. Sizinlə bir komandada olan insanların bilik, təcrübə və düşüncələrinə hörmət etmək məcburiyyətindəsiniz. Əvvəlcə insan olaraq. Buna görə də əsla görüş və iclaslarda fikirlərinizi öncə deməyin – insanlara fikirlərini ifadə etməyə imkan verin. Bu, çox vacibdir. Və insanlar buna dəyər verirlər.
Ayrıca qeyd etmək istədiyim bir qrup var.
Komanda daxilində Sizə qarşı olanlar ola bilər və olacaq da. Öncədən Sizinlə ünsiyyət qura bilməyənlər və ya o vəzifəyə özünü daha layiq bilənlər mütləq olacaq.
Sizə tələlər qura bilərlər, qruplaşa bilərlər, gizli sabotaj edə bilərlər, sözlərinizi təhrif edərək rəhbərliyə çatdıra bilərlər.
Bu insanlarla davranış mövzusunda MƏSLƏHƏTLƏRİM:
– İlk növbədə, bu məqamı unutmayın – döyüşdə vacib olan ANCAQ zərəb vura bilmək deyil – zərbələri qəbul etmək də lazımdır;
– Bu insanlarla səmimiyyət qurmaq da lazım deyil – bunu zəiflik kimi qəbul edərlər;
– Rəsmi olun;
– Dediyiniz, danışdığınız HƏR MÖVZUDA 10 dəfə düşünün, sözləri seçin. Hər sözünüz Sizə qarşı rahatca fərqli formada istifadə edilə bilər;
– Az danışın – konkret danışın – faktlarla danışın;
– Bu insanlara verilən bütün tapşırıqları yazılı edin – sübutunuz olmalıdır. Cavabları də rəsmi istəyin.
Öz rəhbəri ilə yeni təyin edilən idarəçinin əlaqələri qurması
– İdarəçinin bir rəhbər qarşısında ən böyük dəyəri nədən ibarətdir? Böyük iş yükünü üzərinə götürür, minimum zaman və enerjisini alır ki, rəhbər də öz işləri ilə məşğul olsun;
– İkinci məqam – rəhbər yadına düşəndə hesabat tələb etməməlidir – idarəçi özü həftəlik aylıq və ya ayrı layihələrlə bağlı hesabatları standart göndərməlidir;
– Rəhbərinizin sizdən hansı gözləntilərinin olduğunu dəqiq və konkret müəyyən edin;
– ANCAQ faktlarla danışın. Biznesdə “məncələr” olmur – dəqiq rəqəmlər və nəticələr olur;
– Zənlərlə, fərziyyələrlə danışmayın. “Məncə” yerinə konkret faktlar lazımdır;
– Problemləri əsla şəxsi zəminə keçirməyin – ən azından, görüntü belə olmamalıdır ki, bu hal Sizə qarşı istifadə edilməsin;
– Daim şikayət edən insan obrazınız olmasın;
– Yalın problemlərlə müdirin yanına getməyin – çözümlər təklif edin;
– Doğru məqamları doğru zamanda və doğru şəkildə rəhbərə təqdim etməyi bacarın;
ÜMUMİ MƏSLƏHƏTLƏRİM
– Özünüzə şirkət daxilində və ya xaricində bir nəfər təcrübəli insanı dost-məsləhətçi kimi seçin. Bu, çox vacibdir. Kimsə kənardan Sizə dəstək verməlidir;
– İşçilərin yerinə işləməyin – onlara işi öyrədin. İşçi yetişdirmək Sizin həyatınızın ayılrmaz parçası olmalıdır;
– Maksimum səbirli olun. Bəzi məsələlər biliklər, təcrübə ilə, güclə də həll edilmir – zaman lazımdır;
– Yaxşı oğlan olmağa çalışmayın. Rəhbər üçün bu, mümkün deyil. Tanıdığım bütün “yaxşı oğlan” olmağa çalışan rəhbərlər elə komandası tərəfindən ciddi zərbə alıblar;
– Rəhbəriniz Sizi nə qədər də sürətli olmağa məcbur etsə də sürətli olmayın. Sürətli olmaq, ANCAQ təcrübə ilə dəstəklənirsə, faydalıdır;
– Şirkətdə sizin uğurlarınız ANCAQ nəticələrlə dəyərləndirilməyəcək. Doğru insanlara doğru məlumatı doğru zamanda təqdim etmək, siyasi addımlar atmaq, bəzi məqamları görməmək nəticə verməkdən daha vacib olacaq. Misal: Sizin satışları 20 faiz artırmağınıza sadəcə göz yumaraq, insanları ruhdan saldığınız rəhbər önündə qabardıla bilər;
– Sürətlə işə başlayaraq hər kəslə düşmən olmayın – kimin kimin adamı olduğunu bilə bilməzsiniz. Xadimənin və ya mühafizə əməkdaşı, sürücünün də tanışlardan seçildiyi bir ölkədə Siz üç manat benzinə qənaət etmək üçün kiminsə xətrinə dəysəniz, sabah hansı məqamda torbanızın kimin tərəfindən peşəkarcasına tikildiyini bilməyəcəksiniz və güclü zərbələr alacaqsınız.
Ən əsası isə, hər gününüzün effektiv keçməsinə diqqət edin, az da olsa, nəysə öyrənin; bir az da olsa, bir insanın qəlbini qazanın; özünüzü hər gün insanlara başa salın və addım-addım irəli gedin.
Hesab edirəm ki, biznesin əsl istiqamətləndiriciləri məhz orta idarəçilərdir və bu gün Azərbaycan iş dünyasının bilikli, savadlı və psixoloji baxımdan güclü orta və gənc rəhbərlərə ehtiyacı var.
Durmadan irəli!