Ərzaq məhsullarının istehsalı ilə məşğul olan ailələrə dəstək göstərilməsi “ABAD”ın əsas prioritet istiqamətlərindən biridir. “ABAD”ın pilot layihə qismində həyata keçirildiyi Balakəndə dəstək göstərdiyi ailələrdən biri də rayonun Qaysa kəndinin sakinləri olan Bazarovlar ailəsidir.
Ailənin başçısı Məhəmməd Bazarov 10 ildən çoxdur ki, meyvəçiliklə məşğuldur.
O, 5 ildir ki, intensiv bağçılıq sistemini yaradıb və alma, armud, gilas, saftali, gavalı və xurma kimi meyvə ağacları yetişdirir.
Təhsilini Kənd Təsərrüfatı İnstitutunun aqranom ixtisası üzrə alan Məhəmməd Bazarov qeyd edir:
“Təhsilimi başa vurduqdan sonra ailəmlə birgə təsərrüfat sahəsi üzrə fəaliyyət göstərməyə qərar verdim. Məhsuldar sahənin qurulması üçün müasir texnologiyalara diqqət yetirmək lazım idi. Biz təsərrüfatımızda yeni texnologiyaları tətbiq etməyə başladıq, bütün səylərimizi ortaya qoyub alma bağlarımızdan yüksək məhsul əldə edə bildik. Bu gün bağımızda bir hektar ərazidən 45-50 ton alma məhsulu toplaya bilirik”.
Bazarovlar ailəsi ənənəvi olaraq, topladıqları məhsulların bir hissəsini xammal kimi satışa təqdim edir, digər hissəsindən isə ev təsərrüfatı şəraitində, kustar üsulla cem və mürəbbə hazırlayırdılar.
Lakin məhsullar kustar üsulla hazırlandığı üçün sertifikatlaşdırılması və satışının təşkili, həmçinin ailə brendinin yaradılması kimi çətinliklər mövcud idi.
“ABAD”ın ikinci pilot region kimi Balakəndə fəaliyyətə başlaması ilə Bazarovlar ailəsi publik hüquqi şəxsə üz tutublar və onların müraciəti müsbət qiymətləndirilib.
Ailə “ABAD” və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış zəruri istehsal avadanlığı ilə təmin olunub.
Təqdim olunan istehsal avadanlıqları bütün standartlara cavab verən və çox yüksək keyfiyyəti ilə fərqlənən məhsullar istehsal etməyə imkan verir.
Hazırda “ABAD”ın əməkdaşları tərəfindən ailəyə avadanlıqlardan istifadə ilə bağlı təlim keçilir. “ABAD” həmçinin ailənin məhsullarının satışının təşkili istiqamətində işlər görür.
Bazarov Məhəmməd və onun ailəsinin tam təbii, yüksək keyfiyyətli cem və mürəbbələri isə satışa “Balməkan” brendi altında təqdim olunacaq.
Ailə başçısı deyir:
“Mən əminəm ki, ailəmin zəhmətinin bəhrəsi olan məhsullarımız, bizim “Balməkan” brendi qısa bir zamanda alıcıların ürəklərinə yol tapa biləcək”.