Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər BP və tərəfdaşları ötən il sosial layihələrə 4,1 mln. dollardan çox xərcləyib

BP və tərəfdaşları ötən il sosial layihələrə 4,1 mln. dollardan çox xərcləyib

245
Paylaş

2018-ci ildə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial sərmayə və sponsorluq layihələrinə Azərbaycanda, təqribən, 4,1 mln. dollardan artıq vəsait xərcləyiblər.

“Bizplus.az” xəbər verir ki, bu, BP və onun Azərbaycanda layihələrdəki tərəfdaşlarının əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının artırılmasına kömək məqsədilə dəstək verdikləri layihənin tamamlanması mərasimində qeyd edilib.

Bildirək ki, layihənin məqsədi təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə bir qrup əlilliyi olan şəxsin bacarıq və səriştələrini inkişaf etdirmək olub. Təlim proqramı, əsasən, ingilis dili, kompüter və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.

Layihənin icrası zamanı BP və tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Mərkəzləri ilə sıx əməkdaşlıq edib və öz səylərini biznes təşkilatları və müəssisələri ilə birləşdirərək layihə iştirakçıları üçün təcrübə və məşğulluq imkanlarının araşdırılmasına və müəyyənləşdirilməsin yönəldib.

Bu birillik layihə “British Council” təşkilatı tərəfindən yerinə yetirilib və 2018-ci ilin sonunda başa çatıb.

Layihənin ümumi dəyəri 400 min manatdan artıqdır.

Tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, layihənin məqsədi əlilliyi olan şəxslər üçün məşğulluğu artırmaq olub.

Onun sözlərinə görə, bu məqsədlə universitet və peşə məktəblərindən yeni məzun olmuş şəxslər arasından 18-40 yaş arasında 86 nəfər fiziki əlilliyi olan şəxslər seçilib. O bildirib ki, ötən ilin dekabr ayında təlim proqramını bitirdikdən sona mövcud ola biləcək imkanları müzakirə etmək üçün layihə iştirakçılarını və təxminən, 40 işəgötürən təşkilatı bir yerə toplayan əmək yarmarkası təşkil olunub.

“Bu günədək 22 iştirakçı müxtəlif təşkilatlarda və ya özünüməşğulluq vasitəsilə işlə təmin olunub. Səkkiz iştirakçı Bakının müxtəlif mehmanxanalarında təcrübə proqramlarında iştirak edib. 10 nəfərədək iştirakçı qısamüddətli distant işlər və məşğulluq üzrə ilkin təkliflər alıb. Bundan əlavə, BP seçilmiş layihə iştirakçılarının beynəlxalq iş mühitinə cəlb olunaraq öz yeni bacarıqlarını tətbiq etmələrinə və BP-nin təcrübəli heyətindən təcrübə qazanmalarına imkan yaratmaq üçün xüsusi işə yerləşdirmə proqramı üzərində işləyir”,- deyə regional prezident bildirib.