Əsas səhifə Biznes BP və tərəfdaşları Azərbaycanda arıçılığın inkişafına 3,3 milyon manat ayıracaq

BP və tərəfdaşları Azərbaycanda arıçılığın inkişafına 3,3 milyon manat ayıracaq

760
Paylaş

BP və tərəfdaşları Azərbaycanda arıçılığın inkişafına 3,3 milyon manat ayıracaq


Bu gün BP şirkəti və onun “Azəri-Çıraq-Günəşli” (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları Azərbaycanda kənd icmalarında arıçılığın, bu sahədə bacarıqların, tədqiqat və elmin inkişafına dəstək verən “Şirin qızıl” layihəsini təqdim ediblər.

Bu layihənin icrasına 2020-ci ilin sonunadək iki fazada təxminən 3,3 mln. manathəcmində sərmayənin yatırılması nəzərdə tutulur.

Layihənin dəyəri pilot faza üçün təxminən 400 min manat, ikinci faza üçün isə təxminən 2,9 mln. manat təşkil edir.

Layihənin təqdimatı bu ilin martında 18 icmada başlanmış 1 illik pilot fazanın uğurlu irəliləyişinə əsaslanır. Onun məqsədi rəqabət qabiliyyətli balçılıq təsərrüfatları yaratmaq üçün seçilmiş icma üzvlərini lazımi resurs və bacarıqla təmin etməkdir.

Tədbirdə çıxış edən BP-in Azərbaycan, Gürcüsyan və Türkiyə üzrə regional prezidenti Qari Couns bildirib ki, bu layihə BP və tərəfdaşlarının icmalarda gəlir imkanlarının artırılmasına yardım etmək səylərinin bir hissəsidir: “Düzgün resurslar və iş bilgisi olarsa, arıçılıq əhəmiyyətli gəlir gətirən bir sahədir. Burada hər iki aspekti, yəni həm ən zəruri avadanlıq və alətlərin təmin olunması, həm də arıçılıq fəaliyyətinin idarə edilməsi üçün potensialın yaradılmasını diqqətə almışıq. Daha geniş kontekstdə isə bu layihə hökumətin digər qeyri-neft sektorları ilə yanaşı kənd təsərrüfatı sahəsini inkişaf etdirmək səylərinə dəstəkdir. Ümid edirik ki, layihə kənd icmalarında gəlir gətirməklə və yeni bacarıqlar yaratmaqla öz məqsədinə nail olacaq”.

Bu vaxtadək pilot faza çərçivəsində Yevlax, Samux və Şəmkir rayonlarındakı kəndlərdə 100 arıçılıq təsərrüfatı fəaliyyətə başlayıb. Layihənin bir hissəsi olaraq hər kənd təsərrüfatı 15 arı pətəyi, 10 arı ailəsi, digər tələb olunan avadanlıq və alətlərlə təmin edilib. Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən ixtiaslaşmış təlimlər keçirilib. Bu layihə çərçivəsində həmçinin Dianna Sammataronun “Arıçılıq kitabı” arıçılar üçün dünyada məşhur bələdçi kitabı Azərbaycan dilinə tərcümə olunub və nəşr edilib.

II fazada layihənin genişləndirilməsi və sosial investisiyanın artırılması nəzərdə tutulur. Bu faza 2020-ci ilədək davam edəcək, BTC və CQBK boru kəmərləri boyunca yerləşən 6 rayonda – Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında əlavə 600 arıçının yetişdiriləcəyi gözlənilir. Layihə nəticəsində bal arısı xəstəliklərinin idarə olunması və balın keyfiyyətini yaxşılaşdırmaq üçün Dövlət Aqrar Universitetində ixtisaslaşmış laboratoriyanın yaradılması, bal arıları üçün nektar mənbəyi olacaq 60 min ağacın əkilməsi, arıçılıq sahəsində əlavə 3 kitabın tərcümə olunması və çap edilməsi, Gəncə-Qazax iqtisadi rayonunun nektar xəritəsinin hazırlanması gözlənilir.