O, Amerikanın ən gənc milyarderlərindən hesab olunur. Fond birjalarında apardığı bir əməliyyat sayəsində milyonçuya çevrilməyi bacarıb. Söhbət böhranlardan belə qazancla çıxan, 50 yaşına çatmadan ən uğurlu treyder hesab olunan Kennet Qriffindən gedir. O Kennet Qrifin ki, yaratdığı “Citadel LLC” vasitəsilə 24 milyard dollarlıq aktivləri idarə edir. Bunun da 7.9 milyard dolları onun şəxsi sərvətidir.
17 yaşında biznesini qurur
Kennet Qriffin 1968-ci ildə Floridada anadan olub. Uşaqlığı elə burada keçib. Məktəbdə riyaziyyata, kompüter texnikasına olan xüsusi marağı ilə seçilib. Hətta valideynləri ona hədiyyə kimi texnikadan başqa heç nə almırlarmış. Kennet ilk ideyasını 17 yaşında reallaşdırıb. O, orta məktəblərə kompüter tədris proqramı satan “Diskovery Educational Systems”-i yaradır. Lakin Kennetin bu işə marağı tez itir.
Nənəsindən borc aldı, milyarderə çevrildi
Kennetin fond birjasına marağı “Forbes” jurnalından başlayır. O, Amerika şirkətlərindən birinin səhmlərinin satışa çıxarıldığı barədə xəbər oxuyur. 18 yaşlı Harvard tələbəsi qiymətli kağızlara pul yatırır. Dəyərdən düşmüş kağızları almaqla qazanc əldə edir. Uğurun qoxusunu hiss edən Kennet həmin gündən fond birjalarının oyunçusuna çevrilir. Bir müddət sonra anasından, nənəsindən və daha iki tanışından borc aldığı 265 min dollarla iki investisiya fondu yaradır. Fondları faktiki yaşadığı Cabot House yataqxanasının mənzilindən idarə edir. Qriffin hətta hərraclar haqqında yeni məlumatları almaq məqsədilə pəncərəsinə peyk belə yerləşdirir. 1987-ci ildə böhran dövründə o, ilk milyonunu qazanır. Onun bu istedadı çikaqolu investor, “Glenwood Capital” fondunun sahibi Frank Meyerin diqqətini çəkir. O, Qriffinə 1 milyon dollar verərək tələbəlik illərindəki uğurlarını təkrarlamasını istəyir. Elə ilk ildə Meyerin ümidlərini doğruldan Qriffin 70 faiz mənfəət əldə edir.
Şirkətini qurur
1990-cı ilin 1 noyabr tarixində K.Qriffin “Cidatel Investment Group” fondunu yaradır. Bu fond ona böyük pullar gətirir. İlk əvvəl “Cidatel”in kapitalı 4,2 milyon dollar təşkil edir. Düzdür, Amerika birjasında 4 milyon dollar kiçik rəqəmdir. Buna baxmayaraq, ilin sonunda fond 43 faiz gəlir götürür. 1994-cü ildə konvertasiya olunan istiqrazlar bazarında böhran başlayır. Böhran səbəbindən “Cidatel” də 4.3 faiz itirir. Qriffin o zaman bir də belə bir vəziyyətə düşməyəcəyinə söz verir. Qarşıdakı riskləri minimuma endirmək məqsədilə təcrübəli məsləhətçiləri işə götürür.
70 riyaziyyatçı bir arada
Kennet biznesində sırf riyazi analizlərə əsaslanır. Onun şirkətində 70 riyaziyyatçı işləyir. Bunun sayəsində hazırda Çikaqo, Nyu-York, London, Tokio birjasının pul dövriyyəsinin 2-3 faizini onun fondu tutur. İş adamının sərəncamında xəzinə istiqrazlarının 10 faizi, digər səhmlərin 15 faiz var. “Cidatel”in göstəricilərinə gəlincə, şirkət dünyanın 6 ölkəsində yüksək ixtisaslı mütəxəssislərin çalışdığı ofislərə malikdir. Bundan əlavə, “Cidatel” 24 milyard dollarlıq investisiyanı idarə edir. Şirkətin illik mənfəəti ortalama 20-25 faiz təşkil edir. Bunlara baxmayaraq, onun niyyəti “Cidatel”in bazasında “Qoldman Saks”, “Morqan” kimi maliyyə institutları yaratmaqdır.
“Forbes”dən bəhrələndi, milyarder oldu, özü siyahıya düşdü
K.Qriffin ilk dəfə “Forbes”in siyahısına 2003-cü ildə 650 milyon dollar sərvəti ilə ikinci ən gənc biznesmen kimi daxil olub. Hazırda onun sərvətinin həcmi 7.9 milyard dollardır. Dünya milyarderləri arasında Kennetin adı 69-cu sırada yer alıb. 2014-cü ildə bu rəqəm 91 olub.
Özünə Versallda toy çaldırıb
Qriffin yaxşı həyatı, dəbdəbəni sevən iş adamlarındandır. Düzdür, ictimaiyyətə qapalı iş adamıdır. Lakin onun şəxsi həyatı haqqında bəzi məqamlar mediaya məlumdur. Yazılanlara görə, o, həyat yoldaşı Ann Diasla 2004-cü ildə Versall sarayında evlənib. Milyarder bahalı avtomobilləri sevir. North Michigan Avenue-dakı penthausunu 2000-ci ildə 6,9 milyon dollara alıb. Bundan əlavə, Kennet bahalı sənət əsərlərinə pul xərcləyir. Əyləncəsinə gəlincə, o, futbol oynamağı çox sevir. Amma milyarderin amerikan futbolu ilə arası yoxdur. Eyni zamanda Play station oyunlarını da çox bəyənir.
Həyat yoldaşı
Kennet doğuluşdan uğurludur. Həyat yoldaşı Ann Dias sıradan qadın deyil. Fransada anadan olan Ann müxtəlif illərdə əksər Avropa ölkələrində yaşayıb. Hazırda o, beş dildə danışır. Harvardda təhsil alıb. Universiteti bitirdikdən sonra məşhur investisiya şirkətlərində işləyib və öz biznesini yaradıb. Annın şəxsi keyfiyyətləri ilə bağlı məlumatlar azdır. Yaxınlarının dediklərinə görə, onun çox yaxşı zövqü var. Xanım Qriffinin incəsənətə marağı böyükdür. O hətta Art Institute of Chicagoya 19 milyon bəxşiş verib.
Xeyriyyə
İnsan qazandığı kimi də xərcləməyi bacarmalıdır. Milyarder Amerikanın məşhur xeyriyyəçilərindən hesab olunur. 2014-cü ildə təhsil aldığı Harvard Universitetinə 150 milyon dollar bağışlayıb. Bu vəsait ehtiyacı olan tələbələrin təhsil haqlarının ödənməsinə xərclənəcək. Onu da bildirək ki, 150 milyon dollar bəxşiş Harvardın tarixində ilkdir.
©publika