“Boba”şirkətlərinin qurucusu: “Özümü həmişə hamıdan inadkar saymışam”

Date:

Paylaş:

Bəhruz Babayev: “Bəzən səhərə qədər ofisdə qalıb biznes araşdırması aparmışam”

Bizneslə məşğul olmağı sevir. Hətta o qədər sevir ki, gəlirdən çox gördüyü işdən zövq aldığını deyir. Bu bir az inandırıcı gəlmir? Deyir ki, onun bu yanaşmasına sadəcə iki dostu inanır, çünki onu daha yaxından tanıyırlar. Müsahibimiz MUSK, “Boba” kimi şirkətlərinin qurucusu, beynəlxalq treydinqlə məşğul olan Bəhruz Babayevdir.
 
Bəhruz bəy, biznesə nə vaxtdan başlamısınız?
– Belə uşaq yaşlarımdan da demək olar. Çünki uşaq vaxtı oyuncaqlarımı məhlədəki uşaqlara kirayə verirdim (Gülür). Amma öz işimi qurmağa gəlincə, 3-cü kursdan artıq başladım. Maliyyə-kredit üzrə təhsil alırdım, 3-cü kursdan sonra liseydən bir sinif yoldaşımla reklam və dizayn işi görən şirkət qurduq. Düzdür, işi qurandan sonra dərsə çox da vaxt ayıra bilmədim, amma bunun üçün peşman olduğumu da deməzdim.
 
 
 
Demək ki, müsbət tərəfləri çox olub…
– O vaxtın təcrübəsi mənə çox şey qazandırıb. İş dünyasında bir növ uşaq kimi olursan, utanmırsan, çəkinmirsən, “bu adama 5 dəfə zəng vurdum cavab vermədi, bir də niyə yığım?” – demirsən. Bir adama 15 dəfə də zəng vururdum, çəkinmirdim. Hətta o illərdən yadımdan çıxmayan bir məqam da var. Deməli, bir mətbəəyə getmişdim, mətbəənin müdiri ofisdə tək idi, mənə su təklif etdi, içdim, dedim birini də verə bilərsiniz? Gedib bir stəkan da gətirdi. Sonra bir dəfə də istədim, kefini pozmadan yenə gətirdi. Düzdür, onunla səmimiyyətimiz var idi, amma yaşca böyük idi və mən suyun yerini öyrənib özüm də götürə bilərdim. Həmin adamın hörməti, mənim “üzsüzlüyüm”ə xoş münasibəti yadımdan çıxmır. Yəni demək istədiyim odur ki, elə yaşda idim ki, eqo yox idi, istənilən işi görürdüm. O vaxt əldə etdiyim təcrübə mənə çox kömək oldu, o vaxt qazandığım əlaqələrin bir çoxu indiyə kimi davam edir.
 
– İndi iş qurmaq üçün onlayn üsullar çoxdur. Amma əvvəllər iş quranda ofis götürməliydin. Ofisiniz var idi?
– Bəli, ofis kirayəsinə 500 manat verirdik. O vaxt böyük pul idi. Hamı şoka düşürdü ki, tələbə adamlarsız, heç bir əlaqəniz yoxdur, sıfırdan başlamısınız, ofisə 500 manat pul verməklə risk edirsiniz.
 
– 500 manat ofisə verirmisinizsə, deməli, qazanc yaxşı olub. Belə məbləğlə danışsaq, nə qədər qazanırdınız ki?
– Kirayə xərcini və işçilərin pulunu çıxarırdıq (Gülür). Düzü, heç vaxt qazanc haqqında fikirləşməmişəm, çünki pul həvəskarı deyiləm. Məsələn, Leonardo da Vinçi hansısa rəsmi sevdiyi üçün çəkir. Kimsə həmin əsərə bir milyon verib alırsa, bu, müəllifin günahı deyil. Mən də biznesi sevirəm. Deməli, 2 il bundan əvvəl Braziliyadan Kosta-Rikaya mərmər satdıq. Bir-birinə yaxın ölkədirlər, amma biz Azərbaycandan durub Braziliyadan Kosta-Rikaya mərmər satmışıq. Satışı etdik, Braziliyada bir dostumun tanışına dedim ki, ödənişi sənin hesabına köçürsünlər, sonra bizə verərsən. Elə oldu ki, həmin tanışın pulu hesabından çəkib bizə göndərməyi yubandı. Tanışlar deyirdilər ki, pulun batdı. Deyirdim ki, əsas həzzi Braziliyadan Kosta-Rikaya məhsul satmaqdan aldım. Pulu qaytarmasa da, olar. Bu sözümə iki dostum inanır, başqalarını inandırmaq bir az çətindir. Pul heç vaxt mənə maraqlı olmayıb.
 
Həmin adam pulunuzu qaytardı?
– Bəli (Gülür).
 
Əslində, iş qurmağı çox adam istəyə bilər, amma hər kəs də başlamağa risk etmir. Başlamaq üçün adam özündə o gücü hiss etməlidir? 
– Heç vaxt özümü savadlı saymamışam. Çünki ətrafımda elə dostlarım var ki, dünyada ən məşhur təhsil ocaqlarında oxuyublar. Bununla bağlı kompleksim də yoxdur. Bir şeyi bilmirəmsə, rahatlıqla etiraf edirəm. Ancaq özümü həmişə hamıdan inadkar saymışam. Bir şeyi ağlıma qoymuşamsa, mütləq edirəm. İnadcıllığım mənə çox şey verib.
 
Bir dostum var, onun atası Naxçıvanda sıfırdan çox yaxşı biznes qurubmuş. Amma sonra o biznesləri tamam bağlanıb, sıfır yox, bir növ mənfidən Bakıda yenidən iş qurmalı olublar. Bakıda kirayədə qalırmışlar. Bir müddət sonra onlar Bakıda da yaxşı yerə gəlib çıxıblar. Onun bu yerlərə gəlməsinin səbəbi nədir? Dostumun atası çox inadkar adamdır, deyir ki, qışda evlərinin üstünü qar basıbmış, dama çıxıb qarları təmizləyib yerə töküb. Anası əsəbiləşdirib və o yerə tökdüyü qarın hamısını təzədən aparıb damın üstünə yığıb. Onun müəyyən bir yerlərə gəlib çıxması da inadcıllığının sayəsində olub.
 
TEDx-də bir seminar var, orda qeyd olunur ki, insanların müvəffəqiyyətli olmasının səbəbini 100 il ərzində araşdırıblar. Birinci faktor inadkarlıq olub. Qısacası, yıxıldınsa, durmalısan.
 
 
Lisey mühitinin şagirdlərə başqa keyfiyyətlər aşıladığı da deyilir. Bu inadkarlığı orda qazanmısınız, yoxsa hələ uşaqlıqdan var idi?
– İnadkarlıq məndə uşaqlıqdan olub, amma utancaq idim. Utancaqlıq lisey vaxtı yox oldu. İnsanlarla ünsiyyət qurduqca, oxuduqca deyirsən ki, niyə utanım ki?
 
– Utancaqlığın getməsinə hər hansı misal gətirə bilərsiniz?
– (Gülür) Bir dəfə evə getməliydim, maşında yanacaq bitirdi, cibimdə də 30 qəpik pul var idi. Yanacaqdoldurma məntəqəsində dedim ki, 30 qəpiklik benzin vursun. Üzümə baxıb dedi ki, gözlə bir dəqiqə soruşum. Başa düşdüm ki, məndən başqa indiyə qədər heç kim 30 qəpiklik benzin tökməyib. Nəysə tökdü, evə getdim. Evdə pulum var idi, üstümdə yox idi və mən o pulla benzin tökməkdən utanmadım.
 
İnsanlar adətən bir sahədə biznes qururlar, bir xeyli də o istiqamətdə davam edirlər. Sizdə isə fərqli sahələrdir.
– Universitet vaxtı reklam və dizayn sahəsində iş qurmuşduq, sonra əsas məşğul olduğum və sevdiyim iş beynəlxalq ticarət olub. Beynəlxalq alver də demək olar (Gülür). Fərqli ölkələrdə müştərilərimiz var. Daha çox internetdən rahatlıqla tapıla bilinməyən məhsulları satırıq. Məsələn, bir müştərimiz bizdən həsir xammalı istəyirdi. Onu internetdə 4-5-ci əlini tapa bilərsiniz. Çünki bamboonun vətəni İndoneziya, Vyetnamdır, heç kim ordan birbaşa məhsul almaq istəmir. Çünki risklidir, ödədiyin pulun qarşılığında çox keyfiyyətsiz məhsul gələ, hətta ümumiyyətlə, gəlməyə, pulunuz bata bilər. Biz gedib həmin ölkəni gəzib keyfiyyətli malı tapıb satışını aparırıq.
 
Çinə toyuq ayağı, Fransaya qurbağa budu ixrac etmək də sizin işlərdəndir. Bu sahələri nəyə əsasən seçmişdiniz?
– Araşdırmağı sevirəm. Bəzən səhərə qədər ofisdə qalıb biznes araşdırması aparmışam. Sevdiyim işi görürəm deyə yorulmuram. Universitetdən sonra bankda işləyirdim, bir Allah bilirdi ki, necə əziyyətlə işə gedirdim. Çünki sevdiyim iş deyildi. Qurbağa budunu bir vloqdan oxumuşdum, sonra araşdırdım və məşğul olduq. Elə işlər olur ki, 6 ay araşdırıb o sahəyə giririk. Eləsi olur ki, 6 ay araşdırandan sonra qərara gəlmişik ki, bu, uğurlu olmayacaq. Araşdırmaqla yanaşı, həm də gəzirəm. Bir ölkəyə gedəndə mütləq marketlərinə baxıram, nəyin daha çox satıldığına, nə olub-olmadığına fikir verirəm.
 
Bankda nə qədər müddət işlədiniz? Yəni nə qədər işçi olmusunuz?
– Bankda 3 il işlədim. Amma orda işə başladığım ikinci il artıq öz şirkətimi qurmuşdum, zavodlara xammal verirdim. Hətta işlədiyim filialın müdiri mənə dedi ki, bankı ofisin kimi işlədirsən. Bəzən hesaba 10 min pul gəlirdi, o pulu almaq üçün də müdir qol çəkməliydi. Yəni işlərimdən xəbərləri olurdu (Gülür). Müdirimiz məni başa düşürdü, iş görüşüm olanda, icazə alırdım problem etmirdi. Və Elvin adlı bir iş yoldaşım var idi, onun həmin müddətdə mənə köməyi lap çox dəyib. Biz ikimiz bankda kassada işləyirdik. Elə vaxt olurdu ki, gecə 4-5-ə qədər evdə öz şirkətimin işlərini görürdüm, 5-də yatıb səhər 8-də banka gedirdim. Yuxulu olurdum, pulların saxladığı yerə girib bir-iki saat yuxumu alırdım. İş yoldaşım məni həmin vaxt yola verirdi, işlərimi də görürdü.
 
 
– İndi öz işçiləriniz var. Kiminsə işdə yatdığını bilsəniz, reaksiyanız necə olar?
– Düzü, o vaxt işdə yatmağımdan müdirin xəbəri olmurdu. Çünki pullar saxlanan otaqda kamera yox idi. Mənə gəlincə, pis reaksiya vermərəm. Birincisi, özüm də yatmışam (Gülür). İkincisi, yatıbsa, deməli, nə isə səbəbi var, bir problemi olub-olmadığını öyrənərəm. Üçüncüsü, bildiyim qədərilə “Google”, “Samsung” kimi böyük şirkətlər işçilərinə gün ərzində işdə bir saat yatmağa icazə verir. Çünki bu zaman beyin, qan dövranı daha yaxşı işləyir. İşçilər çox önəmlidir. 50 min qazansam, işçimə 3000 maaş verərəm. Çünki mənə pulu qazandıran onlardır.
 
İndi hansı işlərlə məşğulsunuz?
– Dediyim kimi, treydinq işidir, zavodlara xammal veririk. Bunun adı “Boba”dır.  Mən şüvəlanlıyam, orda babaya boba deyilir. Mənim soyadım da Babayevdır. Liseydə mənim boba deməyimə həmişə gülürdülər. Məktəbdə iki Bəhruz var idi deyə, məni soyadla çağırırdılar. Elə ordan Boba dedilər. Bəhram oğlu Bəhruz Babayev də elə “Boba”ya uyğun gəlir. Ona görə adını belə qoydum.
 
Gürcüstanda bir yanğınsöndürmə işində investoram. Sevmədiyim bir iş də var, amma çox yaxşı davam edir. Azərbaycan, Gürcüstan və İndoneziyada biz bu işi görürük, sonra mən orda şəriklikdən çıxdım. Otellərə, mağazalara qoxu aparatı quraşdırırıq, havalandırma sisteminə qoyursan, böyük bir müəssisəni qoxulandırır. Məsələn, bütün mağazadan kofe qoxusu, bişmiş kruasan və s. iy gələ bilər. İstənilən qoxunu ala bilirik. Qoxu işini görən şirkətin adı MUSK-dır. Müşk və ənbər qoxusunun ingiliscə adıdır.
 
 
İndiki iş rejiminiz necədir? Əvvəllər daha çox işlədiyinizi dediniz?
– Gündə 3 saat yatıram, çox oxumağa çalışıram. Bəzi hədəflərim var, ona görə oxumalıyam. Oxuyanda insanın müqayisə etmək bacarığı yaxşı olur. Səhərlər idmana da vaxt ayırıram, sonra işə gedirəm. Günortalar nahar etmirəm, həmin bir saatı yatıram. 2-3 ildir ki nahar etmirəm. Eşidənlər “öləcəksən” deyirlər, amma mən bunun xeyrini bilirəm.
 
3 saat yatmaq gün ərzində yuxusuz olmağınıza səbəb olmur?
– İnsanların yuxu tsiklı 90 dəqiqə – 90 dəqiqə bölünür. Üç 90 dəqiqən 270 dəqiqə edir. Siz 240 dəqiqə yatın, mən 90 dəqiqə. Mən sizdən daha gümrah olacam. Çünki siz yuxu tsiklını başa vurmamısınız. 270 dəq yatsanız, bu, artıq normal olacaq. Mən bunları kor-koranə yox, oxuyub araşdırıb tətbiq edirəm. Günorta bir saat yatıram, günortanın bir saatlıq yuxusu gecənin 2 saatına bərabərdir.
 
İşə, araşdırmalara çox vaxt sərf edən biri ailəyə vaxt ayıra bilir?
– Şənbə-bazar günü işləmirəm, işlə bağlı görüşə çağıran olanda getmirəm. Amma həmin günlər də 3-də oyanıram. Bir kitabda oxumuşdum ki, ailəyə daha çox səhərlər vaxt ayırmaq lazımdır. Səhər yeməyində bir oluruq, harasa yeməyə, gəzməyə gedirik. Ailəyə yetərli qədər vaxt ayırdığımı düşünürəm. İş səfərlərinə gedəndə həyat yoldaşımı da özümlə aparıram, bəzi iş görüşlərinə də mənimlə gedir, deyirəm təcrübə yığsın.
 
 
İki oğlunuz var. Özünüzdə olan inadkarlığı onlarda görürsünüz?
– Yoldaşım da inadkardır, ona görə uşaqların ikisində də bu, var.
 
İki inadkarın bir evdə yola getməsi çətin olmur? Yəni biri od olanda, o biri su olsun kimi...
– Bir gün bir nəfər xanımının yanına əlində bir qab yeməklə gəlir. Deyir ki, bunu bir xanım bişirib bizə verib. Adam da yoldaşına çox güvənir, necə insan olduğunu bilir. Amma xanımı qısqanc olur, uşaqların yanında əsəbiləşir qabı yerə atır, yemək dağılır. Bizim mentalitetlə yanaşsaq, kişi arvadı vurardı, amma o, əyilib övladlarının yanında yerdən yeməyi qaba yığır və deyir ki, yenə ananızın cinləri üzərindədir. Bu misal evlilik həyatında mənə dərs olub. Xanım od olanda, mən su ola bilirəm. Yeri gələndə də yoldaşım su olur. Demək istədiyim odur ki, kişi olaraq belə şeyləri problem etmirəm.
 
Ənənəvi sualımız: uğurun sirri nədir?
– Birincisi inadkarlıq. İkincisi, qarşıma yaxşı insanlar çıxıb. Belə bir ifadə var, sürətli getmək istəyirsənsə, tək get. Uzaq məsafəyə getmək istəyirsənsə, birlikdə get. Ətrafımda həmişə yaxşı insanlar olub. 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...