Əsas səhifə Biznes sahələri Avtomobil “BMW” şirkəti Urban X adlı yeni yığcam krossoveri hazırlamağı planlaşdırır

“BMW” şirkəti Urban X adlı yeni yığcam krossoveri hazırlamağı planlaşdırır

167
Paylaş

BMW şirkəti premium seqmentdə ən geniş krossover xəttinə malik olan istehsalçılardan biridir. Hazırda, Münhen təmsilçisinin X1-dən başlayaraq X7 modelinə qədər müxtəlif ölçülü səkkiz krossover təklif edir. Qeyd etmək lazımdır ki, 2019-ci ilin birinci yarısında alman şirkətinin ümumi satışlarının 45 faizini məhz krossoverlər təşkil edib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 10% çoxdur.

Lakin, Bavariya istehsalçısı bununla kifayətlənmək fikrində deyil. «Auto Express» nəşrinin bildirdiyinə görə, BMW şirkəti Audi Q2 modelinə rəqib olacaq Urban X adlı yeni yığcam krossoveri hazırlamağı planlaşdırır. Yeni krossoverin uzunluğu 4,1-4,2 metr arasında olmalıdır. Müqayisə üçün, bu gün alman istehsalçısının təklif etdiyi ən yığcam BMW X2 modeli 4360 mm uzunluğa malikdir.

BMW Urban X modeli alman istehsalçısının son firma üslubunda hazırlanmış eksteryerə və interyerə sahib olacaqdır. Üstəlik, yeni krossover alman istehsalçısının ənənəvi hərf-rəqəm nişanlamasından kənara çıxacaqdır. Urban X (Urban Cross) alman istehsalçısının ən yeni UKL2 modul platformasında inşa ediləcək və digər krossoverlərlə mühərrik çeşini və avadanlıq siyahısını bölüşəcəkdir. Qeyd etmək lazımdır ki, yeni platforma 48 voltluq sistemdən qidalanan hibrid mühərriklərin və hətta tam elektrik güc qurğularının quraşdırılmasını təmin edir.