Biznesini genişləndirmək və milli suvenirlər bazarında layiqli yerini tutmağa çalışır

0
892
ülya xəlilova

Öz istedadı və maraqlı dəst-xətti ilə gənc “ABAD”çı sənətkarlardan biri də Bakı şəhər sakini Ülya Xəlilovadır. Uşaqlıq illərindən rəsm çəkməyə, müxtəlif əl işləri hazırlamağa həvəsi olan Ülya daim özünü bu sahədə təkmilləşdirib və peşəkar bir sənətkar olmaq üçün bu sahədə ali təhsil almağı qarşısına məqsəd qoyub.

Tələbəlik illərində yiyələndiyi biliklər onun öz yaradıcılıq sahəsində daha yeni istiqamətlər seçməyə şərait yaradıb.

O, ilk dəfə 2014-cü ildə telefon üzlüklərində müxtəlif rəsmlər çəkməyə başlayır.

Ülya xanım hazırladığı əl işlərinə olan böyük marağı görüb, bu sahədə sifarişlər almağa başlayır.

Dekorativ-tətbiqi sənətkarlıq sahəsində bilik və bacarıqlarını artıran gənc sənətkar həm də dekorativ qabların hazırlanmasına başlayır.

Müasir incəsənətin ən gözəl nümunələrini öz əl işlərində canlandıran Ülya xanım bu istedadın ona atasından keçdiyini və incəsənətə olan marağının artmasında da bilavasitə atasının danılmaz rolunun olduğunu bildirir.

Ülya Xəlilova ailə biznesini genişləndirmək, milli suvenirlər bazarında layiqli yerini tutmaq üçün “ABAD”a müraciət edib.

Əl işləri ilə daim müxtəlif sərgilərdə uğurla təmsil olunan bu gənc sənətkarın əl işləri artıq “ABAD” sənətkarlıq mərkəzlərində satışdadır.