Əsas səhifə Biznes İş qadını “Biznesimi 50 manatla qurmuşam”- “BalliBisi”nin sahibi

“Biznesimi 50 manatla qurmuşam”- “BalliBisi”nin sahibi

883

-Tortlarınızın qeyri-adi dizaynı və möhtəşəm dadı sizi demək olar ki, ilklərin siyahısına gətirib çıxarıb. İlk olaraq sizi tanıyaq…

-Adım Esmira Avilovadır. 1987-ci ildə Bakıda anadan olmuşam. Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyi fakültəsini bitirdikdən dərhal sonra məktəbdə müəllimə kimi çalışmağa başladım. Ailə həyatı qurduqdan sonra həyat yoldaşım mənim müəllim işləməyimə icazə vermədi. Özünə görə haqlı səbəbləri var idi. Çünki çox gənc idim, böyük sinif şagirdləri mənə eşq elan edirdilər (Gülür). Belə olan halda dayanmadan Cv-lər göndərməyə başladım. Bir müddət dərman şirkətinə işə düzəlib, mühasibatlıq öyrənib, mühasib köməkçisi kimi çalışdım. Demək olar ki, hər gün məni müsahibə mərhələsinə dəvət edirdilər, amma təcrübəm olmadığını görüb, məni kor-peşman yola salırdılar. Hardasa bu proses 1 il çəkdi və həmin müddətdə sağlamlığımla bağlı ciddi problemlər yarandı. Hətta ölümlə üz-üzə gəldim və İstanbulda bahalı xəstaxanalardan birində müalicəyə yollandım.

-Məhz bu sahəyə gəlişiniz necə baş verdi?

– 6-cı sinifdə oxuduğum zamanlarda efirdə Gülşən Qurbanovanın təqdimatında “Qaynar Qazan” verilişi yayımlanırdı və mən həmin verilişi izləyib, ilk dəfə ballı tort hazırlamağa cəhd etmişdim. Düzü alındıra bilməsəm də, amma o vaxtdan yaranmış həvəsimi kəşf etmişdim. Xəstəliyimi öyrəndiyim zaman isə 26 yaşım var idi və onun müalicəsi təxminən 1 il çəkdi. Müalicəm bitdikdən sonra növbəti dəfə yoxlanış üçün İstanbula gedəndə, təsadüfən Facebook-da o qədər də məşhur olmayan türk pastacının “Masterklass” elanını gördüm. Qiyməti 200 TL idi və mən qardaşımın köməkliyi ilə kursa getdim. Səhər saat 10-dan axşam 7-yə qədər biz işləyirdik. Ancaq iş bitəndə yadıma düşmüşdi ki, mən hələ də nahar etməmişəm. O işi elə sevmişdim ki, aclığımı belə hiss etməmişdim. Doğrusu, o vaxtlar nəsə yaratmaq həvəsim olsa da, nədənsə həmişə hər şeyi 40 yaşıma planlayırdım. O vaxtlar Jalə Ələkbərova “Gənclər Təşkilatı”nın üzvi idi. Təsadüfən, bu xanımla qardaşımın ortaq tanışlığı vasitəsilə tanış oldum. Bu təşkilatda “Mehin events” və Nərmin Knyaz da fəaliyyət göstərirdi. Hər iki xanım “Instagram”da artıq məşhur idi. Jalə xanım onların nömrəsini verərək, yeni events şirkəti qurmağa hazırlaşdıqlarını söylədi və qeyd etdi ki, “cupcake” hazırlayan işçi axtarırlar. Heç vaxt hazırlamadığıma baxmayaraq, yenə də onların nömrəsini götürdüm. Zəng vurduğum vaxtdan 2 gün sonraya görüş təşkil olundu. Görüşə getdiyim zaman nümunə olaraq artıq “cupcake”ləri hazırlayıb aparmalı idim. Təəssüf ki, görüşə 1 gün qalmış xəstəliyim üzə çıxdı. Buna baxmayaraq, görüş günü səhər tezdən qalxıb, youtube videolarına baxdım. Bir neçə versiyanı sınadıqdan sonra nəhayət ki, birini alındıra bildim. Nərmin tərəfindən dadı çox bəyənildi, beləliklə də, ilk sifarişimi götürərək bu işin təməlini qoymuş oldum.

Bəs müştərilərlə kommunikasiya və onların artırılması ilə bağlı hansı platformanı seçdiniz və nəyə görə?

“İnstagram”da səhifə açdım və yoldaşım təklif etdi ki, yeni nömrə alıb, iş nömrəsi kimi səhifəyə qoyaq. Məhz buna görə də, bu platformanı günü bugündə  diqqətimdə saxlayıram. İnstagrama və whatsappa baxan 2 işçimiz olsa da, gündəlik olaraq çalışıram ki özüm də nəzarət edim. Məsələn direktdə kimsə yazanda ki, endirimləriniz olacaq? Əgər ona xeyr deyə  cavab verilibsə, bu mənə görə kobud cavabdır, özüm isə cavabında çox təəssüf ki, qiymətlərimiz standartdır və ya keyfiyyətli məhsullardan istifadə etdiyimizə görə qiymətlər qismən baha olur deyə cavab yazıram. Ümumiyyətlə, bizdə bütün müştərilərimizin və əməkdaşlıq etdiyimiz şirkətlərin məlumatlar toplusu mövcuddur.

Artıq 5 ildir ki, fəaliyyət göstərirəm. 1 il öz evimdə fəliyyət göstərdikdən sonra ev kirayə götürdüm və anamla birgə orada davam etməyə başladım. Ən başda ilk etiraz edənlərdən biri məhz anam idi. Çünki məndən tələb olunan o idi ki, ali təhsilim var və ofisdə işləməli idim. Lakin 1 dəfə çətin tort sifarişi gəldi və anam edə bilməyəcəyimə düşünürdü və beləliklə də, həvəsimin öləcəyini zənn edirdi. Sifarişimin öhdəsindən yaxşı gəldiyim üçün bundan sonralarda anam da kömək əlini uzatdı.

-Çox sifarişləriniz olduğu zaman ev şəraitində çatdırmaq çətin olmurdu ki?

Sözün düzü, onu nə siz soruşun, nə də mən deyim. Yadıma gəlir ki, mənim energetik içkilərin iyindən heç xoşum gəlmirdi və nə qədər ziyanlı olduğunu da bilirdim. Buna baxmayaraq burnumu tutaraq birtəhər içirdim ki, məhz yuxum gəlməsin və işimi davam etdirə bilim. Günlərlə yuxusuz qaldığımı, ailəmə vaxt ayıra bilmədiyimi heç vaxt unutmaram.

“Soyuq əllər isti ürəklər”ə qoşulmuşdum və xatırlayıram o qədər işləmişdim ki, həmin ərəfədə artıq tükənmişlik sendromuna girmişdim və bundan sonra 20 gün çalışa bilmədim. Bura qoşulmağımın  həmin vaxt bir xeyrini görməsəm də, daha sonrakı vaxtlarda xeyrini görmüşdüm. Həmin vaxt xeyrini görə bilməməyimin səbəbi isə o idi ki, sifarişlər çox gəlirdi və mənim başqa sifarişlərimdə olduğundan tək çatdıra bilmirdim. Ona görə də, ancaq yerin pulunu ödəyə bilmişdim. Əlavə demək olar ki, heç bir gəlir əldə edə bilməmişdim. Burada iştirak etmək bir brendin formalaşması üçün düşünürəm ki, vacibdir.

-Nə qədər məbləğlə bu işə başlamışdınız və ilk sifarişiniz?

– Bu işə 50 manatla başlamışdım və başlamamışdan öncə ilk məsləhətləşdiyim insan isə qardaşım idi. Həmin vaxt o Almaniyada magistr təhsili alırdı. İlk sual məhz bu oldu “Bu işə başlamaq üçün nəyin var?”-cavabında isə heç nəyim olmadığını, yalnız ideya və istəyimin olduğunu dedim. Beləliklə, biz ortada heçnə olmadan biznes plan qurduq. Planı qurduqdan sonra qardaşım dedi ki, “Mütləq özünə bir tarix qoymalısan və həmin tarixdən etibarən başlamalısan.” Bu danışıqlar yanvar ayında getsə də, mart ayına vaxt qoyduq və təsadüfdən ilk dəfə martın 1-i Mehindən qırmızı ağ bantlı tort sifarişi aldım. İlk ləvazimatlarımı İstanbulda olarkən Eminönündən, bazardan əldə etmişdim. İlk tortuma tam dəqiqliyi ilə nə qədər xərclədiyimi xatırlamasam da, 45 manat gəlir əldə etmişdim. Bu gəlirdən mənə təxminən 6-7 manat mənfəət qalmışdı. Çünki o vaxtlar çox təcrübəsiz idim və demək olar ki, hər şeyi hazır alırdım. Hətta biskivit xəmirini belə hazır alırdım. Kilosu 12 manat olsa da, çox dadlı idi. Bu da təbii olaraq, mənə baha başa gəlirdi. Ziyana getdiyim anlar çox olurdu. Vaxt olub ki, qəpik belə qazanmamışam. Amma həmişə deyirdim ki, səbr et bundan da yaxşısı olacaq. Heç vaxt əksini fikirləşmirdim və ona görə də həvəsdən düşmürdüm.

-Yəqinki bu sualı sizə çox ünvanlayıblar. Niyə məhz “Balli bisi”?

-Ad məsələsinə gəldikdə hər zaman adımla bağlı nəsə istəyirdim, o cümlədən düşünürdüm ki, bu ad bir gün böyüyəcək və məhz, buna görə də standart ad olmamağını, dilə asan gəlməyini və ən əsası öz dilimizdə olmağını arzulayırdım. İlk dəfə bu işi Türkiyədə  öyrəndiyim zaman gördüm ki, marzipanı peçenyelere su ilə deyil, bal ilə yapışdırırlar. Mənə isə adımı qısaldıb Esi deyirdilər, lakin yoldaşımın bacısı oğlu Esi deyə bilmədiyindən Bisi deyirdi. “İnstagram”da da “I” hərfi olmadığından adımız Balli Bisi kimi formalaşdı.

– İlk dəfə başlayanda yəni bu yolun ən başında ağlınızda bir yol xəritəsi, bir məqsədiniz var idi. Hazırda bu yolun hansı hissəsini qət etmisiniz?

-Hələdə tam istədiyim yerdə deyiləm. Amma bu o demək deyil ki, daha çox pul qazanmaq istəyirəm, əksinə mən daha yaxşı layihələr həyata keçirmək arzusundayam. Pul mənim üçün heç vaxt ön planda olmayıb, hətta ən borclu halımda belə. Beynəlxalq tədbirlər keçirmək istəyirəm. Bunun üçün isə ilk öncə öz sözümü deməliyəm. Bu işin təhsilini daha da təkmilləşdirmək istəyirəm. Gələcəkdəki planlarımın hamısını açıqlamaq istəməsəm də, yalnız onu deyə bilərim ki, hələki, bu sahədə görülməli işlər çoxdur.

Azərbaycanda tort dizynerliyi ilə məşğul olan kifayət qədər insan var, rəqabət artdıqca bu sizə hansı formada təsir edir?

Əgər sağlam rəqabət gedirsə, niyə də bu sahədə olanlar artmasın. Əksinə öz ayaqları üstündə durmaq istəyən xanımlar gördükcə qürurlanıram. Məhz, buna görə də sahəm üzrə məsləhət istəyəndə canla-başla çalışıram ki, köməklik göstərim.

-Bu işlə məşğul olmaq istəyənlərə hansı məsləhətləri verərdiniz?

Bəzən mənə deyirlər ki, Esmira xanım biz də sizin kimi pul qazanmaq istəyirik. Cavabım isə ilk olaraq o olur ki, əgər bu işdə yenidirlərsə, ilk olaraq pul haqqında düşünməsinlər. Ancaq bu o demək deyil ki, o vaxtlar mənim pula ehtiyacım yox idi. Hətta mənim hamıdan daha çox ehtiyacım var idi. Səhhətimlə bağlı yaranan çətinlikdən ötrü ailəm və yoldaşım əllərindəki hər şeyi satmışdılar ki, mənim xəstəxana xərclərimi ödəyə bilsinlər. Amma qəribəsi budur ki, işimə olan güclü həvəsim və istəyim bunları düşünməyə mənə imkan vermirdi.

Əgər sirr deyilsə, bu işin uğuru nədədir?

İlk öncə dürüst və vicdanlı olmaq. Çox çalışmağın  və yeniliyin tərəfdarı olmuşam, hər zaman. Mənim artıq 31 yaşım var, amma günü bugün də, hər gün yeni bilik əldə etməsəm, yata bilmərəm. Bu günə qədər 70-ə yaxın kurslarda iştirak etmişəm. Çoxları mənə deyir ki, axı nəyinə lazım bu qədər kursda iştirak etmək? -Cavabım isə hər zaman eyni olur. Hər kursda siz daha da təkmilləşirsiniz. Birdəki, hər zaman deyirəmki, hər insanda bacaraq ola bilər, amma zövq Allah vergisidir. Tortlarımın görünüşü ilə yanaşı dadıda çox önəmlidir. Düşünürəm ki, sevilməyimiz, fərqimiz də məhz dadla görünüşümüzün eyni dərəcədə yaxşı  olmasıdır. Özümün ağız dadına uyğun olmayan heçnəyi müştəriyə sata bilmirəm. Bir gündən qalmış krem atılar, amma əsla istifadə edilməz.

 

2 rəylər

Rəy bildir

Please enter your comment!
Please enter your name here