Biznesi qurarkən mənəvi dəstək göstərənlər də oldu, bu ideya tutmaz deyənlər də.

Date:

Paylaş:

14 sentyabr 1990-cu ildə Balakən rayonunda anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsində qiyabi təhsil alıb. Öz işini qurmaq üçün işlədiyi şirkətdən ayrılıb. Beləliklə müsahibimiz Sürprizim var şirkətinin təsisçisi Aytən Əliyevadır.

– Necə oldu ki iş qurmaq qərarına gəldiniz?

– Uzun müddət – 7 il müxtəlif kiçik, böyük şirkətlərdə fərqli sahələrdə çalışdıqdan sonra hər zaman etmək istədiyimi həyata keçirmək qərarı verdim. Və qərarın üstündə duraraq öz şəxsi biznesimi qurdum. Şəxsi biznesimin olması istəyi uzun müddət beynimdə olsa da buna təcrübəmin yetmədiyini düşünürdüm. Çox inandığım ideyam da yox idi. Sadəcə bir gün sürpriz etmək üçün ideya axtaran bir yaxınıma kömək edərkən ağlıma elə bu cür bir şirkət qurmaq gəldi. 2014-cü ildən bu günə kimi həmin bu ideya ilə bir çox sürprizləri yaradıb, real etməklə məşğuluq.

– Nə qədər maliyyə ilə başladınız? maddi dəstək göstərən oldumu? 

– İlk olaraq büdcə məsələsi ilə bağlı onu deyim ki, qurulan hər bir iş üçün büdcə olması mütləqdir deyə bir anlayış yoxdur. Adətən bu suala cavab olaraq müəyyən büdcə ayrılmadan biznesi qurduğumu desəm də inanmaq istəməyən və ya özünü büdcəsiz biznes qurulmaz fikrinə inandıran insanlar bunu müsbət qəbul etmirlər. Mən 2014-də bu ideyanı reallaşdırmaq qərarı verəndə bir şirkətdə çalışırdım və aylıq məvacibim böyük biznes üçün yetərli deyildi. Mən də ən kiçikdən başlamağı heç bir addım atmamaqdan üstün tutdum. Biznesi qurarkən mənəvi dəstək göstərənlər də oldu, bu ideya tutmaz deyənlər də.

– İşə yeni başlayarkən gəlir məsələsi problem olur, bu zaman çox adam həvəsdən düşür, işi yarımçıq buraxır. İlk vaxtlar gəliriniz necə oldu?

– İşə başlayandan bir neçə ay sonra işlədiyim şirkətdən uzaqlaşmaq qərarı verdim. Artıq maaşım da yox idi. Özümü ideyamdan daha möhkəm yapışmağa məcbur etdim. Mənim inancıma görə aylıq maaş insanda daxili arxayınlıq yaradır, sən nə qədər istəsən də ideyana yüz faizli fokuslana bilmirsən. Hələ də bu fikrin doğruluğuna inanıram. İşə başlayanda gəlir çox az olsa da iş o qədər maraqlı idi ki, cuzi bir məbləğ də qazansaq bu işi görmək üçün saatlarımızı sərf edirdik. Yavaş-yavaş müştərilər çoxalmağa başladı. Bəzi aylar olub ki heç satış olmayıb, yenə də səbr edib satış artırmaq üçün çalışmışıq. Biz inandığımızdan dönsək, nə bizə, nə də işimizə başqalarını inandıra bilmərik.

– Sürprizim var hansı işləri həyata keçirir

– Sürprizim var yarandığı ilk vaxtlarda yalnız sürprizlər hazırlayıb reallaşdırmaqla məşğul idi. Sürprizlər dediyim zaman romantik şam yeməyi, hündür binanın damında film izləmək, yaşıl bağda xüsusi ambiansda qurulmuş səhər yeməyi masası, yaxtada sürpriz, binanın həyətində musiqi ifası ilə şamlardan yazılmış xoş sözlər, hovuz üzərində təbrik mesajı, gecə qapını döyən təbrik komandası, iş yerinizə gələn qaldıra bilməyəcəyiniz sürpriz qutu, sizin yerinizə hədiyyənizi alıb aparan sürpriz kuryeri və daha nələr, nələr :)Sürprizlər isə hər kəs üçün hazırlanırdı-sevgili, dost, ailə, kollektiv, uşaqlar, yaşlılar -hər kəs üçün. Hər status, hər yaş sahibi insanı xoş sürpriz həqiqətən də xoşbəxt edə bilir. Zamanla təşkilatçılıq bacarıqlarımızın artması ilə biz sürprizlərlə yanaşı daha böyük miqyaslı tədbirləri hazırlayıb idarə etməyi də öhdəliyimizə götürdük. Nişan, nikah, doğum günləri, yubileylər və.s Bu gün sürprizim var komandası olaraq korporativ tədbirlərin tam təşkilatçılığının öhdəsindən tərifəlayiq şəkildə gəlirik. Həm də sürprizim var olaraq fərqlilik yaratmağı sevdiyimiz üçün, müxtəlif tərkibli taxtadan hazırlanmış, əl işi olan hədiyyə qutularının satışını da həyata keçiririk.

– Sizin şirkəti fərqləndirən nədir?

– Bizim şirkəti fərqləndirənlər; Həyata keçirdiyimiz tədbirlərə şəxsi tədbirimiz kimi yanaşırıq və tədbirin bütün detallarını işləyirik, Həfətnin 7 günü, 24 saatlıq fəaliyyət rejimindəyik. Müştərilər bizimlə saat 22:00 sifariş edib 00:00 sürprizlərini həyata keçiriblər dəfələrlə 🙂 ,
Dəyişilə bilə qrafik və təkliflərlə çalışırıq. Müştəriyə uyğun və
könlüncə olacaq istiqamətdə tədbiri həyata keçirmək üçün bütün gücümüzü ortaya qoyuruq.

– İşçiləriniz varmı? Özünüz hansı işləri görürsünüz?

– İşçilər əlbəttə var. Bu qədər işi bir nəfər olaraq görmək həqiqətən çox çətin olar. Özüm əsasən yeni ideyaların hazırlanması, yeni müştərilərlə bizi tanış etmək istiqamətində fəaliyyət göstərirəm. Bundan əlavə bir çox tədbirlərə nəzarət edir, lazım gəldikdə digər işlərə də kömək edirəm.

– Öz işini qurmağın üstünlüyü nədir?

– Öz işini qurmaq elə özü üstünlükdür. Əlbəttə ki, bunu arzu edən insan üçün. Şəxsi biznesi qurmaq, onu davam etdirmək üçün zəhmətə qatlanmaq yalnız bundan mənəvi zövq alan insan üçün üstünlük ola bilər. Əks halda ən kiçik uğursuzluqda ideyanı, hara getmək üçün yola çıxdığını unudar insan.

– Biznesinizlə bağlı gələcək planlarınız nədir?

– Sürprizim var olaraq bütün ölkənin tanıdığı və etibar etdiyi bir
şirkət olmaqdır indi önümüzdə duran hədəf. İşimizə və təcrübəmizə bələd olan yüzlərlə müştəridən aldığımız müsbət reaksiyalar, təkrar müraciətlər bizi bu işi davam etdirməyə, ökənin sürpriz komandası olmağa həvəsləndirir. Növbəti addımımız bu istiqamətdə olacaqdır.

– Azərbaycanda biznes qurmağın çətin olduğunu deyirlər. Çox adam bu fikri əsas götürüb, ideyası olsa da, işə başlamır. Öz işini quran bir gənc olaraq həmyaşıdlarınıza nə məsləhət görərdiniz?

– İdeyanız varsa addım atın. Hər şey alınacaq. Bacaracağınıza
inanırsınızsa hər kəsi buna inandıra bilərsiniz əmin olun. Uğur qazanmaq üçün bir addım, uğursuzluq üçün bəhanə lazımdır. Seçim isə bizim əlimizdədir. Həyatınız xoş sürprizlərlə dolsun 🙂

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...