Biznes elə bir sahədir ki, bu işə başladıqdan sonra onu davam etdirmək üçün dövrün tələb və təklifini bilməlisən. Bu səbəbdən də cəmiyyətdə baş verən hadisələri yaxından izləyib, analiz etmək gərəkdir. Çünki daim yenilənən dünyada biznes aləmi də dövrün tələblərinə uyğunlaşmalıdır. Amma dəyişməyən bir şey var – biznesə necə başlamalı? Çünki əsas olan risk edib başlamaqdır. Lakin ideyası olsa da, ilk addımı atmaq üçün çəkinənlər də var. Çünki biznes cəhdləri uğursuzluqla nəticələnənlər az deyil. Buna görə bir qisim insanlar biznesə başlamaq üçün pulun, digər hissə isə bacarığın olmasını vacib hesab edir. Bəs gənclərimiz bu haqda nə düşünür? Biznesə başlamaq üçün bacarıq, yoxsa pul daha önəmlidir?
“Bu inkişafın başlıca səbəbi bacarıq oldu”
Şəfəq Mürsəlli – Layihə meneceri
Şəfəq Mürsəlli deyir ki, biznesə başlamaq üçün ən vacib amil bacarıqdır. Bunsuz olmaz: “Hazırda öz işimi qurmağa hazırlaşıram. İşimin indiki mərhələsi məni artıq bu işləri böyütməyə vadar edir. Bu inkişafın başlıca səbəbi isə bacarıq oldu. Əvvəllər ətrafımda olan bəzi insanlar məni də bu düşüncəyə inandırmağa çalışırdılar ki, maddi güc olmadan heç bir addım atmaq mümkün deyil. Amma bunu bacaran biri kimi deyə bilərəm ki, bacarıq, potensial və cəsarət olan yerdə maddi durum elə də böyük rol oynamır. Bacarıq isə hər kəsdə ola bilər, sadəcə onu kəşf etmək üçün istək, inam olmalıdır. Bir də hərəkətə keçmək lazımdır, çünki bir şeyi etmədikcə, onu bacarıb-bacarmayacağımızı bilməyəcəyik”.
Biznesə “bura Azərbaycandır, burda pul olmadan biznes qurmaq çətindir” kimi yanaşanlar da var. Lakin Şəfəq xanım düşünür ki, əgər bir insan biznesyönümlü təfəkkürə malik deyilsə, əlində milyonları da olsa, əvvəl-axır işini batıracaq. Bunun günahı isə qətiyyən Azərbaycan deyil: “Ümumiyyətlə, vətən deyilən bir anlam bu mövzuda mənfi faktor olmamalıdır, problem cəmiyyətdə və onun düşüncəsindədir. Hər kəs rahat iş istəyir. Heç bir əziyyət çəkmədən pul qazanmaq, biznes qurmaq istəyirlər. Bəziləri düşünürlər ki, başqa ölkəyə getsələr, ölkə onlara rahatlıq, sərvət bəxş edəcək. Kənardan belə görünə bilər, amma heç də elə deyil. Bu gün Azərbaycanda öz gücü ilə iş quran, iş görən bir neçə gənci misal göstərə bilərəm. Həqiqətən bir iş görmək istəyən insanlar üçün yetərincə şərait var. Asandırmı? Təbii ki, yox, asan heç nə yoxdur. Onsuz da həqiqi bizneslə məşğul olanlar çətini gözə alıb başlayan insanlardır”.
“Pul olmadan işi necə qura bilərik?”
Elgün Abdullazadə – tələbə
Elgün hazırda tələbədir, amma gələcəkdə bizneslə məşğul olmaq haqda da düşünür. Bu işdə isə ona lazım olan əsas vasitənin pul olduğunu dilə gətirdi: “Məncə, biznesə balamaq üçün əsas və ən önəmli şərtlərdən biri puldur. Pul olmadan işi necə qura bilərik? Əlbəttə, bacarıq da olmalıdır. Amma maliyyə olmadan çətin ki, nə isə əldə edə bilək. Düşünürəm ki, bu işdə pul bir az da motivatorluq rolunu oynayır. İşə başlamaq üçün bəs motivasiya lazımdır, ya yox? Pul olanda insan daha həvəsli yanaşır, irəli getməyə daha ümidli olur, hətta ağlına yeni ideyalar belə gəlir. Əgər kommersiya yoxdursa, bir az çətin olur. O mənada ki maliyyə ilə həll olunası məsələlər də qarşıya çıxır, pul olmayanda isə, bu, biznes üçün müəyyən maneələr yaradır. Bu zaman da necə deyərlər, “adamın əli işdən soyuyur”, heç nə etmək istəmir. İndi texnika, texnologiya dövrüdür. Hansısa bir işi görmək, onu ərsəyə gətirmək üçün insan beynindən, bacarığından çox texnikadan istifadə edilir. Həmin texnikanı da əldə etmək üçün əlində müəyyən qədər vəsait olmalıdır. Biznes üçün bacarığın rol oynadığını inkar etmirəm. Müəyyən pulla qurulan biznes işini də daimi və daha gəlirli etmək üçün təbii ki, bacarıq lazımdır. Lakin ilkin başlanğıc üçün pul əsas şərtdir”.
Elgün deyir ki, yaş və məkan fərqi yoxdur, maliyyə və həvəs olarsa, istənilən yerdə biznesə başlamaq olar: “Biznes planlaması zamanı məkan amili o mənada nəzərə alınır ki, həmin yerdə o məhsul və ya xidmətə tələbat olsun. Amma məkanın fərqi yoxdur, pulun varsa və həvəs göstərib bacarığını ortaya qoya bilsən, dünyanın istənilən yerində öz biznesini qurub, inkişaf etdirə bilərsən”.
“Biznesə başlamaq üçün həm də istək olmalıdır”
Məltəm Talıbzadə – jurnalist
Məltəm Talıbzadə düşünür ki, biznesə başlamaq üçün öncə yaxşı ideyanız olmalıdır. Əgər ideya məhsulunuz yaxşı olarsa, cibinizdən pul xərcləmədən də biznes qura bilərsiniz: “Biznesdə kommersiya marağı mütləqdir, ona görə də ideyanı da bu yöndə formalaşdıranda, əlavə dəstək alaraq biznesə başlamaq mümkündür. Bunun üçün bəzi xüsusiyyətlərə, bacarığa sahib olmaq lazımdır. Bacarıq deyəndə, qeyri-adi bir özəllik nəzərdə tutulmur. Sadəcə olaraq, nə istədiyini müəyyən etmək, düzgün strategiya ilə işə başlamaq ilkin olaraq sizi irəliyə aparacaq. Məsələn, bazardakı boşluğu görüb, bu istiqamətdə yeniliklə biznesə başlasanız və həqiqətən də keyfiyyətli olsanız, əminəm ki, dəstək göstərənlər sıraya düzülər. Elə bacarıq deyəndə də bunu nəzərdə tuturam ki, müşahidə, müqayisə, təhlil qabiliyyəti güclü olmalıdır. Bəzən gənclər həvəslə bu işə başlayır, hətta əlavə maliyyə imkanları da tapırlar, amma bir müddətdən sonra əllərindəki maliyyə bitəndə, biznes də dayanır. Bu da o deməkdir ki, biznes sizin bacaracağınız bir sahə deyil”.
Məltəm xanım bildirdi ki, hər kəs bunu etməlidir deyə bir şərt də yoxdur. İnsan özü nəyi bacardığını müəyyən edib o istiqamətə yönəlməlidir. Çünki biznesə başlamaq üçün həm də həvəs olmalıdır: “Çox kiçik büdcə ilə də biznesə başlamaq olar ki, bunu öz cibinizdən də qoya bilərsiniz. Amma əsas olan o biznesin inkişafı, cəmiyyətdə həqiqətən də qəbul olunması, istifadə edilməsidir. Bunun üçün də mütləq bacarıqlı və çox işləməyi sevən olmaq lazımdır”.
©kaspi.az