Biznes mühiti necədir? – SAHİBKARLAR CAVABLANDIRIB

Date:

Paylaş:

Baku Research Institute – Bakı Araşdırmalar İnstitutunun ekspert qrupu Azərbaycanın 6 iqtisadi rayonunu və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 100 nəfər sahibkar arasında ölkədə biznes mühitinin qiymətləndirilməsi ilə bağlı sorğu təşkil edib.

Sorğuda rəyi soruşulanların 41%-i, paytaxt da daxil olmaqla, Abşeron iqtisadi rayonunda, 21%-i Aran, 14%-i Quba-Xaçmaz, 10%-i Yuxarı Qarabağ, 9,0%-i Şəki-Zaqatala, 6,0%-i isə Lənkəran iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarlar olub. Sorğuya cəlb edilən sahibkarların 30%-i sənaye, 24%-i kənd təsərrüfatı, 21%-i xidmət, 22%-i ticarət sektorunda çalışırlar. Respondentlər arasında tikinti sektorunu (2%) təmsil edən sahibkarlar da yer alıb.

Xidmət sektorunu təmsil edən sahibkarların 15,4%-i təhsil, 11,5%-i turizm, 7,7%-i ictimai iaşə üzrə ixtisaslaşıb.

 
Cavabların təhlili nə göstərir…

Ötən bir ildə bizneslərinin vəziyyəti ilə bağlı suala cavablarında respondentlərin 46,6%-i biznesin genişləndiyini, 18,2%-i kiçildiyini, 35,2%-i isə dəyişiklik olmadığını qeyd edib. Sektorlar üzrə təhlil göstərir ki, daha çox tikinti sektorunda (100%) biznes genişlənib. Kənd təsərrüfatı sektorunda çalışanların yarıdan çoxu (52,5%), xidmət sektorunun isə 46,2%-i vəziyyətin müsbətə doğru dəyişdiyini bildiriblər. Sənaye (38,9%) və ticarət sektorunun (36,8%) təmsilçilərinin təxminən 1/3-i bu fikirləri bölüşüblər.

Digər sektorlarla müqayisədə biznesin kiçilməsini daha çox ticarət (26,3%) sektoru qeyd edib. Xidmət sektorunun 19,2%-i, sənayenin 16,7%-i, kənd təsərrüfatının 14,3%-i ötən il ərzində bizneslərinin kiçildiyini iddia ediblər.

Regionlarda vəziyyət necədir?

Sorğunun regional təhlili göstərir ki, ötən il ən yaxşı biznes göstəricisi  Yuxarı Qarabağ iqtisadi rayonunda olub. Bu regionu təmsil edən sahibkarların 66,7%-i biznesin genişləndiyini qeyd edib. Abşeron iqtisadi rayonu üzrə respondentlərin 52,5%-i bu mövqeni bölüşüblər. Quba-Xaçmaz və Aran iqtisadi regionu təmsilçilərinin təxminən 30%-i biznesin genişləndiyini bildirib. Sorğuya əsasən, Zaqatala-Şəki təmsilçilərinin 42,9%-i biznesini genişləndirməyə nail olublar.

Biznesin kiçilməsi daha çox Aran (29,4%) iqtisadi rayonunda qeydə alınıb. Abşeron iqtisadi rayonunda çalışan hər beşinci respondent biznesinin kiçildiyini bildirib.  Yuxarı Qarabağ, Zaqatala-Şəki (14,3%) və Quba-Xaçmaz regionlarının respon­dentlərinin cavablarından aydın olur ki, bu regionları təmsil edən sahibkarların təxminən 10%-də biznesin kiçilməsi baş verib. Lənkəran iqtisadi rayonundan respondentlər hesab edirlər ki, onların biznesində dəyişiklik olmayıb. Rəyi soruşulanların 42%-i ötən bir ildə işçilərinin sayının artdığını, 25%-i azaldığını, 33%-i isə bu sahədə dəyişikliyin olmadığını qeyd edib.

Sorğunun nəticələrinin təhlili göstərir ki, respondentlərin təxminən yarısı ötən bir ildə ölkədə biznes mühitinin yaxşılaşdığı qənaətindədirlər. Respondentlərin 22,7%-i hesab edir ki, bu müddətdə biznes mühiti pisləşib, 27,4%-i isə hər hansı dəyişikliyin olmadığını qeyd edib. Biznes mühitinin yaxşılaşdığını iddia edənlər bunu müxtəlif səbəblərlə izah ediblər. Sahibkarların 27,3%-i yaxşılaşmanı satdıqları məhsullara və ya göstərdikləri xidmətlərə tələbatın artması ilə əlaqələndiriblər. İkinci əsas səbəb kimi, yoxlamaların azalması (18,2%) və vergi münasibətlərinin yaxşılaşması (18,2%) qeyd edilib. Respondentlər arasında gömrük sistemində şəffaflığın artmasını (13,6%), istehsalın genişlənməsini (13,6%), satdıqları məhsulların və ya göstərdikləri xidmətlərın bahalaşmasını (11,4%) müsbət addım kimi dəyərləndirənlər də olub. Rəyi soruşulanların 9,1%-i dövlət dəstəyinin artmasını və rəqabət mühitinin yaxşılaşmasını, 6,8%-i elektronlaşmanın genişlənməsini və maneələrin aradan qalxmasını müsbət amil kimi dəyərləndirib. Respondentlərin cəmi 4,5%-i sənədləşmə işlərinin azalmasını və kredit əldə etməyin asanlaşmasını qeyd ediblər. Sorğu iştirakçılarının 27,3%-i digər məsələləri, o cümlədən qiymətlərin sabitləşməsini, korrupsiyanın azalmasını, tikinti sahəsinin aktivləşməsini və s. müsbət amil kimi göstəriblər.

Suallardan biri də respondent­lərin indiki dövrdə bizneslərində üzləşdikləri problemlərlə bağlı olub. Cavabların təhlili göstərir ki, rəyi soruşulan sahibkarlar üçün əsas problem maliyyə resurslarına çıxışın çətinliyi (26,1%), müştərilərin azlığı (25%) və xərclərin çoxluğudur (20,5%).

Ekspert rəyi…

İqtisadçı Samir Əliyevin fikrincə, iqtisadi diversifikasiyanın təmin olunması baxımından qeyri-neft sektorunun inkişafı üçün bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə diqqətin daha da artırılması zəruridir: «Dünya bazarlarında neftin ucuzlaşması fonunda 2015-ci ildə baş verən devalvasiya sahibkarlıq subyektlərini çətin vəziyyətə saldı. Bəziləri bağlandı, bəziləri işçilərini ixtisar etməli oldu, bəziləri isə borcları qaytarmaq çətinlikləri ilə üzləşdi. Həmin dövrdə hökumət sahibkarlara yönəlik bir sıra addımlar atdı: lizensiyalaşma sadələşdirildi, bir sıra vergi güzəştləri tətbiq edildi, yoxlamalar azaldıldı və s. Bu addımlar devalvasiyanın fəsadlarını xeyli azaltdı və bir sıra şirkətlər fəaliyyətlərini bərpa edə bildilər. Ancaq sahibkarların hələ də bir sıra çətinlikləri qalmaqdadır. Bu sorğu da göstərir ki, əsas problem sahibkarların maliyyə resurslarına çıxışlarının pis olması, xərclərin çoxluğu və müştərilərin azlığı ilə bağlıdır».

Ekspertin sözlərinə görə, iqtisadi çətinlik dövründə aktivliyi artırmağın əsas yollarından biri kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını artırmaqdır: «Azərbaycanda kredit faizləri hələ də yüksək olaraq qalmaqdadır, kredit isə sahibkarlar üçün biznesi genişləndirmək baxımından zəruridir. Xərclərin çoxluğu isə idxaldan asılılıqla bağlıdır. Yerli istehsalda idxal olunan xammalın payının yüksək olması, xüsusilə məzənnə dəyişikliyi zamanı xərclərin artması səbəbindən yerli istehsalın maya dəyəri artır. Vergi yükünə gəldikdə isə ölkədə xeyli sayda vergi güzəştlərinə rəğmən, kiçik və orta sahibkarlıq subyektlərinin vergi rejiminin və inzibatçılığının yumşaldılması dünyada geniş tətbiq edilən təcrübədir».

S.Əliyev vurğulayıb ki, çətinliklərə baxmayaraq, sorğuda iştirak edən sahibkarların yaxın dövrdə biznes mühitinin yaxşılaşacağına ümidi və buna görə də bizneslərini genişləndirmək niyyətində olduqlarını qeyd etməsi onların gələcəyə nikbin baxdıqlarını göstərir. Bütün hallarda biznesin genişlənməsi bir tərəfdən işsizliyi aradan qaldıraraq dövlətin sosial yükünü azaldır, digər tərəfdən, vergi daxil­olmalarını artıraraq dövlətin maliyyə imkanlarını gücləndirir».

vergiler.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...