“Biznes karyeramın başlanğıcı tamamilə təsadüf nəticəsində oldu” – Bəxtiyar Aslanbəyli

0
1068

BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Bildiklərimi bölüşmək və daim nə isə öyrənmək mənim üçün hər zaman maraqlı olub”

Deyir ki, hər bir uğurun əsası olmalıdır. Yəni, bilik, savad və bacarıq lazımdır. Bunlar olmasa, fürsət, məqam, qismət o qədər də həlledici rol oynaya bilmir. Düşünür ki, bir insanda həvəskar olaraq fərqli bacarıqlar ola bilər, amma peşəkarlıq tamam başqadır. Bunun üçün o istiqamətdə bilik, savad və bacarıq bir-birini tamamlamalıdır.
Və səbirli olmaq… “Sürətli irəliləmək istəyi yaxşıdır, amma səbirli olub, “mən çalışdığım yerə hansı dəyəri qata bilərəm” sualını da özünə vermək lazımdır”- deyən müsahibimiz BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylidir.
– Eyni vəzifədə çalışan insanların karyeralarına baxanda görürsən ki, ora aparan yol fərqli olur. Kimi uşaqlıqdan aktiv biri olur, kimi də sonrakı hansısa mərhələdə. Ümumi götürəndə bugünkü nəticənin bünövrəsi əsasən hansı dövrdə qoyulub?
– Hansısa konkret dövrü fərqləndirmək bir qədər çətin olar. Ancaq bünövrədən danışırıqsa, yəqin ki məktəb illərini xüsusi qeyd etməyə dəyər. Ümumiyyətlə, hesab edirəm ki, hər bir uğurun əsasında bilik və savad durmalıdır. Bu baza olmasa, fürsət, məqam, qismət o qədər də həlledici rol oynaya bilmir. Təhsillə yanaşı, həm də ictimai cəhətdən aktiv məktəbli həyatım olub. Bu, bünövrədir, ümumilikdə isə, karyerada hər gördüyüm işin, yerinə yetirdiyim vəzifənin peşəkar inkişafımda özünə görə əhəmiyyəti olub.
– Universitetə qəbul olmağınız 90-cı illərə düşüb. Beynəlxalq münasibətlər o vaxtdan bu yana prestijli ixtisas hesab olunur. Maraqlıdır, o vaxt məşhur olmasının ixtisas seçiminizdə rolu nə dərəcədə idi?
– 1993-cü ildə test üsulu ilə imtahan verdim. O vaxt 3-cü ixtisas qrupu üzrə hüquqşünas ixtisası beynəlxalq münasibətlərdən daha məşhur idi. Mən də abituriyent olarkən o istiqamətdə hazırlaşırdım. O zaman da qəbul ərizəsində bir neçə ixtisas seçmək imkanımız var idi, mən birinci seçim olaraq beynəlxalq münasibətlər ixtisasını yazmışdım. Bu, tamamilə öz seçimim idi, imtahan nəticələri elan olunana qədər evdə heç kim bilmirdi ki, o ixtisası ilk seçim olaraq yazmışam. Hətta o ixtisasa qəbul olanda bir neçə dost-tanış “canın sağ olsun, gələn il hüquqa qəbul olarsan” kimi təsəlli də verirdi.
– Bir gəncin bu ixtisası məqsədli seçmə istəyi hardan qaynaqlanırdı?
– Müstəqilliyin ilk illəri idi. Orta məktəb illərindən ictimai-siyasi prosesləri yaxından izləyən bir gənc üçün müstəqil dövlətin vətəndaşı olmaq xüsusilə qürurverici idi. Müstəqillik ab-havası, gələcəkdə diplomatiya sahəsində fəaliyyət göstərmək, ölkənin xarici əlaqələrinə töhfə vermək istəyi dünyagörüşümə və nəticədə ixtisas seçimimə nəticədə həlledici təsir göstərdi.
– Dediniz ki, valideynlər beynəlxalq münasibətləri yazdığınızı bilmirdi. Evdən gizlin yazmışdınız, yoxsa seçimi öz ixtiyarınıza vermişdilər?
– İxtisas seçimini özüm etdim. Hətta ixtisas ərizəsini doldurmaq üçün məntəqəyə də tək getmişdim. O vaxt onlayn müraciət forması tətbiq olunmurdu. Təbii ki valideynlərlə məsləhətləşirdim, ancaq onlar mənə ixtisas seçimində sərbəstlik vermişdilər. Maraqlıdır ki, o zaman dostlarımın əksəriyyətində o sərbəstlik var idi. İndi mənə bəzən bütün nəslin bir araya gəlib orta məktəbi bitirən gəncin qəbul ərizəsində ixtisas seçimini və ya ixtisasların ardıcıllığını müəyyən etməsi təəccüblü gəlir. Təəssüf ki, bir çox hallarda həmin gəncin ya öz fikri olmur və ya onun seçiminin vacibliyi kənarda qalır.
– Niyə əvvəl gənclərə o sərbəstlik verilirdi, indi yox?
– Yəqin ki, test üsulu ilə imtahan və ixtisas seçimi cəmiyyət üçün yenilik olduğundan valideynlər bu yenilikləri gənclərin daha yaxşı bildiklərini zənn edirdilər. Ümumiyyətlə, mənim məktəbli olduğum illərdə bizim sərbəstliyimiz daha çox idi. Həyətə sərbəst düşüb oynayırdıq, fərqli dərnəklərə, kurslara özümüz gedib-gəlirdik. Övladlarımla müqayisə etdikdə, hərdən düşünürəm ki, valideynlərimin mənə verdiyi azadlığı bu gün onlara vermirəm. “Dövr başqadır, fərqlidir”  deyə bəhanələr də tapıram.
– O sərbəstlik dərsdən yayınmaya gətirib çıxarmırdı?
– Qətiyyən. Anam orta məktəbdə müəllimə olduğundan təhsilimizlə o məşğul idi, atam o qədər də bu məsələlərə müdaxilə etməzdi. Anam bizdə məsuliyyət hissi yaratmışdı, onun gündəlik nəzarəti olmadan dərslərimizi özümüz sərbəst şəkildə öyrənirdik.
– Magistratura təhsili aldığınız vaxt “Təfəkkür” Universitetinin hüquq elmləri kafedrasında müəllim kimi çalışmısınız. İlk iş fəaliyyətiniz bu olub?
– İlk rəsmi iş yerim “Təfəkkür” Universiteti olub, ancaq ondan əvvəl müəyyən qədər əmək fəaliyyətim olub. İlk öyrəndiyim xarici dil alman dili idi, xidmət müqavilələri əsasında tərcümələr edirdim. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (İndiki Dövlət İmtahan Mərkəzi) testlərin hazırlanması ilə bağlı bir layihəsi var idi, tələbə olduğum dövrdə onlarla da əməkdaşlığım olmuşdu. Magistraturanı bitirdikdən sonra isə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim olaraq işə başladım.
Biznes həyatında isə ilk iş yerim 1998-ci ildə qəbul olduğum “PricewaterhouseCoopers” şirkəti oldu. Orada işləməyə başlamağımın da maraqlı tarixçəsi var. Həmin şirkətdə fakültədən tanıdığım rus bölməsində oxuyan tələbə yoldaşlarım işləyirdilər. Azərbaycan dilində mükəmməl danışa və yaza bilən yeni işçi axtaranda onlardan biri mənim namizədliyimi verib. Müsahibəyə yalnız həmin tələbə yoldaşımın çalışdığı şirkətdə pis vəziyyətə düşməməsi üçün getdim. Audit şirkəti idi, nə iş görəcəyimlə bağlı təsəvvürüm yox idi. Ancaq şirkətin HR direktoru ilə müsahibə uğurlu alındı, çox incitmədən iş təklifi verdilər. İlk işim də vergi və hüquq şöbəsində asissent idi. O dövrdə hüquqi şəxslərin dövlət qeydiyyatı üçün müxtəlif orqanlarda qeydiyyatdan keçmək lazım idi (vahid pəncərə sistemi yox idi).  Sənədlərin hazırlanması ilə yanaşı, həmin orqanlara çatdırılması ilə məşğul olurdum. Biznes karyeramın başlanğıcı tamamilə təsadüf nəticəsində oldu. Sonra şirkət çox xoşuma gəldi. Həmin dövrdə Xarici İşlər Nazirliyinə (XİN) də sənədlərimi vermişdim, XİN-dən müsahibəyə dəvət təklifi bu şirkətdə işləyəndən hardasa 5-6 ay sonraya təsadüf etdi. Ancaq şirkətin iş mexanizmi və gördüyüm iş o qədər xoşuma gəldi ki, XİN-ə müsahibəyə getmədim.
– Əvvəllər, ancaq rəsmi iş istəyirdiniz?
– Bəli. O dövrün gəncində biznes mühiti barədə elə böyük təsəvvür yox idi. İxtisas beynəlxalq münasibətlər olduğu üçün XİN və bu tipli iş yerləri ilə maraqlanırdıq. Bu şirkətdə nə xoşuma gəldi? Bizə müxtəlif şirkətlərdən qanunvericiliklə bağlı suallar daxil olurdu, araşdırıb onlara müəyyən məsləhətlər verirdik. O məsləhətlər əsasında şirkətlər qərar qəbul edirdilər. Hansısa bir prosesə əhəmiyyət qatan, vacib qərarların qəbul olunmasında pay sahibi olan bir işdə çalışmaq çox xoşuma gəldi. İxtisasım vergitutma və iqtisadiyyat olmasa da, o istiqamətdə ixtisaslaşma həmin dövrdə başladı. 2015-ci ilə qədər əvvəl “PricewaterhouseCoopers”, sonra isə BP-də vergi sahəsində çalışmışam.
– Vergi sizin sahəniz deyildi. Bəs öyrənmə prosesi çətin olmadı? 
– Təbii ki çətin idi. Çünki humanitar ixtisas üzrə təhsil almışdım. İqtisadiyyat oxumamış, vergidən anlayışı olmayan bir adam çox xırdalıqları öyrənə-öyrənə işə başladı. Amma şirkətdə kifayət qədər təcrübəli həmkarlar var idi, onlar hər zaman istiqamət verirdilər. İşin maraqlı olması, mənim həvəsim öyrənməyə əlavə vaxt sərf etməyə stimul verirdi. İşdən sonra qalıb öyrənirdim, oxuyurdum. Bununla belə, beynəlxalq münasibətlər ixtisasımdan da vaz keçmədim. Pedaqoji fəaliyyətim də o istiqamətdə oldu. Şadam ki, çalışdığım şirkətlər bu imkanı yaradıblar.
– Müəllimliyə xüsusi önəm verirsiniz. Bu, beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərmək üçün bir şans kimi maraqlıdır, yoxsa, müəllim olmaq istəyi daha çoxdur?
– Hər iki faktoru deyərdim. Hansının üstünlük təşkil etdiyini demək çətin olar. İxtisasa bağlılıq da var, digər tərəfdən isə bildiyim nə isə varsa, onu gənclərlə bölüşmək vacibdir. Bu gün 15-20 il əvvəlki tələbələrimlə görüşəndə, onların hansı nailiyyətlər əldə etdiklərini görəndə böyük enerji alıram. Auditoriya ilə ilkin kontakt çox uğurlu oldu, nəinki tələbələrə öyrətdim, həm də onlardan öyrəndim. Mən çox cavan yaşlardan dərs deməyə başlamışam. Auditoriya ilə mütəmadi təmas öz üzərimdə davamlı işləmək məsuliyyətini yaratdı, fərqli xarakterli insanlarla dil tapmaq və onları inandırmaq bacarığını və s. digər vərdişləri öyrətdi. Bildiklərimi bölüşmək və daim nə isə öyrənmək mənim üçün hər zaman maraqlı olub.
– İndi hansı universitetdə dərs deyirsiz?
– BDU, ADA Universiteti və Bakı Ali Neft Məktəbi. Hər üçündə saat hesabı çalışıram. Yəqin indi sual verəcəksiniz ki, bəs şirkətin işlərini nə vaxt görürəm? (Gülür).
– Bu, gərgin rejimə səbəb olmur?
– Əlbəttə, nəticədə 8 saatlıq iş günü yetərli olmur. BANM-də dərsim axşam 6-dan sonradır. ADA Universitetində ehtiyac yarandıqda dərs cədvəlinə müəyyən dəyişiklik etmək olur, bu cəhətdən rahatdır. BDU-da bu cür imkan olmasa da, nizamlı olmağa çalışıram. Gün ərzində universitetə gedirəmsə, həmin gün ofisdə daha çox qalıb işlərimi görürəm. Ancaq əlavə vaxt sərf etmək və iş rejiminin bir az da gərginləşdirilməsi auditoriyada aldığım zövq və müsbət enerji ilə artıqlaması ilə kompensasiya olunur.
– Keçmiş tələbələrinizdən biri paylaşımında qeyd etmişdi ki, “Bəxtiyar müəllimin hər mühazirəsi bir-birindən möhtəşəmdir, oxumayanlar belə sakitcə dinləyir”. Tələbələri mühazirə cəhətdən razı salmaq get-gedə heç də asan olmur. Mühazirə hazırlayarkən nələri əsas götürürsüz?
– Mühazirədə ancaq mən danışsam, tələbə təbii ki bir müddət sonra yorulacaq. Mühazirələrdə diskussiya, dialoq olmasına şərait yaradıram. Söyləyəcəyim fikirlərlə bağlı auditoriyada sual qoyuram, onların yanaşmalarını öyrənirəm. Təhsil “Nə? Harada? Nə vaxt?” deyil, “Niyə? Nə üçün?” suallarına cavab verməlidir. Mühazirələrdə də çalışıram ki, tələbələrdə analitik düşüncə hissləri oyadım. Bu, tələbələrin də xoşuna gəlir və yaxşı təmasımız alınır. İmkan daxilində mühazirəni praktika ilə əlaqələndirməyə çalışıram. Tədris etdiyim fənlərin özü də maraqlıdır. Çünki enerjinin geosiyasəti və ya neft və qazın siyasi-iqtisadi aspektləri gündəlik baş verən proseslərdir, bu da tələbələrdə maraq yaradır.
– Tələbələrdən öyrəndiyinizi dediniz. Nələri öyrənirsiniz?
– Tələbələrin düşüncə tərzlərini. Üstünlükləri nədir? Bəzən son vaxtlar hansı kitabı oxuduqları ilə bağlı sorğu keçirirəm. Təəssüf ki, 10 il əvvəl “kitab oxuyursunuzmu?” sualına “bəli” cavabı verən çox az idi. Bu gün isə tələbələrimizdə mütaliə mədəniyyəti çox yüksəkdir. İxtisasımızla bağlı da tələbələrdə kifayət qədər yeni məlumatlar olur. Mən bir kitab oxuya bilirəmsə, 50 tələbə daha çox oxuyur. Onlar oxuduqlarını bölüşəndə çox şey götürmək olur. Onu da deyim ki, auditoriyada hamı böyük həvəslə oxumağa gəlmir. Yorğun olanı, oxumağa həvəsi olmayanı, valideynlərinin qərarı ilə orda oturanı var. Bir auditoriyada fərqli xarakterə malik çox insan olur. Onlarla ünsiyyət qurmaq təcrübəsini də öyrənirsən. Hətta bəzən özümlə daxili bir yarış edirəm ki, görək bu adam neçə dərsdən sonra mənə qulaq asmağa başlayacaq? Əksər hallarda daxilimdəki bu mübarizədə qalib gəlib tələbələri dərsə cəlb edə bilirəm.
– Müəllimin daxilində belə bir mübarizə olması maraqlıdır…
– İstənilən auditoriyada hansısa səbəblərdən dərs oxumağa maraqlı olmayan tələbələr olur. Qayıbın məcburiyyətindən dərsdə otururlar. Mən çox hallarda qayıb yazmıram. Sərbəst buraxıram ki, dərsdə kim istəyir otursun, istəməyən sərbəstdir. Daxilən özüm üçün qoyduğum məqsəd ondan ibarət olur ki, nə qədər adam qayıbı düşünmədən gəlib dərsdə oturacaq?
– Nəticə necə olur?
– Yaxşı olur, adətən böyük əksəriyyət gəlib dərsdə iştirak edir.
– Karyeranızın böyük qismi BP şirkəti ilə bağlıdır. Bir iş yerində vəzifə irəliləyişi prosesindən danışaq. Sizin misalınızda ümumi bu prosesə baxaq.
– İşdə irəliləmə məsələsində bəlli zaman çərçivəsi, uğur düsturu yoxdur. Bu fərdidir, şəraitə, zamana, məkana bağlı məsələdir. Yeganə tövsiyəm səbirli olmaqdır. Bəlli bir işin qulpundan yapışmaq, gördüyün işdən zövq almaq və səbirli olmaq lazımdır. Bəzən gənclər çox sürətlə irəliləmək istəyirlər. Bu, yaxşıdır, amma bir az da səbirli olmaq lazımdır. İrəliləmək istəyi ilə yanaşı, “mən çalışdığım yerə hansı dəyəri qata bilərəm” sualını da özlərinə verməlidirlər.
Mənim misalıma gəlincə, BP-də ilk 8 ili vergi müşaviri vəzifəsində olmuşam. Sonra artıq vəzifə dəyişikliyi gedib. 1998-ci ildə universiteti bitirdim, kifayət qədər maraqlı istiqamətə getdim, iqtisadiyyat təhsili olmadan vergi sahəsində kifayət qədər uğurlu karyeram oldu. Eyni zamanda, paralel olaraq, ali təhsil aldığım ixtisas üzrə pedaqoji fəaliyyətlə məşğul oldum. 17 il sonra bu iş həyatımda da xarici əlaqələrlə bağlı sahə mənə etibar olundu.
– Bu gün gənclər 8 il bir işdə və eyni vəzifədə çalışmağa qəribə baxarlar. Hətta bir müsahibim deyirdi ki, 3 ildən sonra bəsdir, çünki iş avtomatikləşir, öyrənəcəyin nəsə qalmır.
– Mən öz işimdən zövq alırdım. 8 il niyə eyni vəzifədə qaldım? Çünki Bakı-Tbilisi-Ceyhan layihəsinin tikintisi və fəaliyyətinin ilk illəri idi. Fərqli ölkələrdə fəaliyyət göstərirdim, fərqli insanlarla təmasda olurdum, bir-birindən maraqlı fərqli problemlərlə üzləşirdim. Bir sözlə, gördüyüm iş mənim üçün çox maraqlı idi. 3 il yanaşmasını mən də düzgün hesab edirəm. 8 il eyni işi görməyim, hamıya bunu tövsiyə etməyim kimi başa düşülməməlidir. Sadəcə, səbrli olmağın vacibliyini vurğulamaq istədim. İndi geri qayıtsaydım, bəlkə də 8 il eyni işlə məşğul olmazdım. O zaman komfort zonasında idim, bildiyim işlə məşğul olurdum və mənə maraqlı idi. Yalnız 8 il sonra başqa bir işə keçdikdə, komfort zonasından uzaqlaşmağın, bilmədiyin məsələlərlə üzləşməyin və onları öyrənməyin əhəmiyyətini gördüm. Komfort zonasında nə qədər çox qalsaq, inkişafımız daha zəif gedir. Uzun müddət bir yerdə qalmaq yaxşı deyil, amma işi dəyişmək naminə də dəyişmək olmaz. Komfort zonasından çıxmaq naminə, kor-koranə işi dəyişmək də düzgün yanaşma deyil.
Son vaxtlar çox müşahidə etdiyim məqamlardan biri də “özünə arxayın olmaq” şüarıdır. Düzdür, özünə arxayın olmaq, inanmaq lazımdır. Ancaq sadəcə inamlı və arxayın olmaq kifayət deyil. O özünəinamın bazası, əsası – savad, bilik, bacarıq olmalıdır. Tutaq ki, mənim hekayə yazmaq bacarığım müəyyən qədər var. Həvəskar kimi özüm üçün cızma-qara edə bilərəm, ancaq mən bu işi peşəkar görmək bacarığını özümdə görmürəm, ona görə də yazıçı olmaq xülyasından uzağam. Həvəskar başqadır, peşəkar ayrı. İstək başqadır, reallıq başqa. Realist olmaq lazımdır. Bəzən deyirlər ki, realizm imkanları məhdudlaşdırır, hardasa düzdür, hardasa yox. Amma realist olub özünü inkişafdan saxlamaq yox, biliyini, bacarığını, atacağın addımları düzgün dəyərləndirmək çox vacibdir.
– Vəzifəli adamların həyatına baxanda kənardan adama elə gəlir ki, daim rəsmi abı-havada olur. Gününüzün neçə faizi qeyri-rəsmi abı-havada keçir?
– İş həftəsindən danışsaq, mənim təcrübəm bəlkə də, yaxşı nümunə deyil (Gülür – A.Asimqızı). İşdə kifayət qədər çox vaxt keçirirəm. Səhər 8:30-dan axşam 9.00-a qədər işdə oluram. Amma işdən sonra ailəyə, dostlara, hobbilərimə vaxt ayırmağa çalışıram. Kitab oxumağa, filmə baxmağa da vaxt tapıram.
– Həyat yoldaşınız, dostlar başa düşə bilər, amma uşaqlar bir az çətindir. 9-da işdən çıxırsınızsa, evə getməyiniz də bir az gec olur, uşaqların yatmaq vaxtı gəlir. Bəs onlara nə vaxt zaman ayırırsız?
– İndi saat 9-da yatan uşaq qalıb ki? Adətən, ən humanist yanaşma onlarda olur. Nə qədər gec gəlsən də, 15-20 dəqiqə vaxt sərf etməklə könüllərini ala bilirsən. 3 övladım var, hər birinin öz maraq dairəsi var. O maraq dairələrinə uyğun hər biri ilə söhbət etmək müsbət münasibət qurmağa kömək edir. Düzdür, bəzən mən bundan su-istifadə edirəm, ancaq fərqinə varıram və günü daha düzgün planlaşdırmağa çalışıram.
– Neçə yaşlardadırlar? Maraq dairələrində istiqamətləndirmə olurmu siz tərəfdən?
– Böyük qızım Ayladır, 15 yaşı var. Banunun 11, Hüseynin isə 9 yaşı var. Maraq dairələrinə və gələcək ixtisas seçimlərinə müdaxilə etməməyə çalışıram. Maraqlanıram, fikrimi bildirirəm. Böyük qızımın artıq öz ixtisas seçimini edib – təhsil menecmenti, təhsil inzibatçılığı üzrə təhsil almaq istəyir. Bizim ölkə üçün çox aktual ixtisasdır. Bu ixtisasın seçilməyi ilə bağlı hansısa məsləhət verməyim yadıma gəlmir, sırf öz seçimidir. Banu yaradıcı təbiətə malikdir. Musiqi ilə məşğul olur, gözəl musiqi duyumu var. Dərslərini də kifayət qədər yaxşı oxuyur. Hüseyn uşaq yaşlarında “yeni maşın ixtira edən mühəndis” olmaq istəyirdi, indi futbola maraq göstərir. Hər bir oğlan uşaq vaxtı futbolçu olmaq istəyir, bu, çox təbiidir.
Dərslərinə gündəlik nəzarət etməməyə çalışırıq. Çünki bu davamlı olmur. Uşaqlarda müstəqil dərs oxumaq vərdişləri formalaşdırmaq daha önəmlidir ki, nəzarət və məcburiyyət olmadan özləri dərslərini oxusunlar. Ən vacibi isə çalışırıq ki, doğru dəyərlərə sahib düzgün insan və vicdanlı vətəndaş olsunlar.
Kaspi.az