Əsas səhifə Biznes Biznes ideyalar Biznes: alt geyim mağazası

Biznes: alt geyim mağazası

423

Alt geyim mağazası o qədərdə qeyri-adi ideya deyil, lakin hələdə aktuallığını saxlayır. Marketoloqların fikrincə, qadınlar qarderobun bu elementini alarkən heç vaxt qənaət etməyəcəklər.

Alt geyim bazarında qiymət seqmentinin bir neçəsini qeyd etmək olar – aşağı, orta, yüksək və lüks. Aşağı seqmentə, əsasən, Çin və Koreya istehsalı olan geyimlər daxildir (95%). Orta seqment Avropa və Rusiya şirkətlərinin sifarişi ilə hazırlanan Çin mallarını nəzərdə tutur. Daha yüksək və lüks seqmentdə satılan mallar, əsasən, qərb şirkətlərin istehsalıdır (Daha çox italyan şirkətləri).

Alt geyim mağazasının rentabelliyi

Əgər bu biznesə başlamaq fikriniz varsa, ilk növbədə mövcud bazarı və rəqiblərinizin çeşidini araşdırmağınız lazımdır. Bir tərəfdən, siz, tendensiyaları izləməlisiniz, digər tərəfdən isə istehlakçının tələblərini nəzərə almalısınız. Heç də hər tendensiya mövcud bazara “uyğunlaşmır”.

Qeyd edək ki, alt geyim satışı biznesi kifayət qədər perspektivli olmasına baxmayaraq, burada rəqabət yüksəkdir. İri istehsalçıların bir çoxları son illərdə satışların azalmasını qeyd edirlər.

Belə bir biznesi “axın üzərində” saxlamaq üçün, siz, kadrların yetişdirilməsinə, keyfiyyətə və dizayna diqqət etməlisiniz.

Alt geyim satışında meydana gələn əsas problemlərdən biri, qiymətləri tənzim edən vahid qiymət siyasətinin olmamasıdır. Belə ki, ayrı-ayrı şəhərlərdə yerləşən mağazalar arasındakı qiymət fərqi 15 AZN-ə qədər ola bilər. İtaliyada bu problemi aradan qaldırmaq məqsədi ilə bir rayon ərazisində ticarət nöqtələrinin sayına məhdudiyyət qoyulub.

Alt geyim mağazasını açırıq

Deməli, alt geyim mağazasını açmaq üçün nə tələb olunur? İlk növbədə mağazanın  təşkilati-hüquqi forma və “ixtisaslaşma” -sını müəyyən etməlisiniz. Təşkilati – hüquqi formanın iki növü var: fərdi sahibkar və ya məhdud məsuliyyətli cəmiyyət. Orta sahəli mağazanı açmaq üçün fərdi sahibkarlıq formasını seçməyiniz tövsiyə olunur.

Eyni zamanda, siz, satacağınız malın qiymət seqmentini (aşağı, orta, yüksək və ya lüks) seçməlisiniz. Mütəxəssislər qeyd edirlər ki, başlanğıc kimi orta qiymət seqmentini seçsəniz, daha məqsədəuyğun olar. Belə geyimə hər zaman tələbat var. Alt geyimin qiyməti, adətən, 100% -a qədər artırılır, bahalı geyimlərin qiyməti isə 2-3 dəfə çox ola bilər. Nəzərə almalısınız ki, lüks seqmentinə daxil olan geyimlər, yalnız böyük şəhərlərdə satılacaq.

Növbəti mərhələdə işinizin formatını seçməlisiniz. Məsələn, işinizi internet mağaza açmaqla qura bilərsiniz. Bu halda ticarət müəssisəsinin icarəsi, satış məsləhətçilərinin əmək haqqı və digər xərclərdən azad olacaqsınız. Burada yalnız bir problem ortaya çıxa bilər. Çox vaxt qadınlar alt geyiminin “canlı-canlı” seçməyə üstünlük verirlər.

Eyni zamanda, alt geyim mağazası “ənənəvi” formada da ola bilər. Burada ən yaxşı variant, orta və yüksək qiymət sementinə daxil olan geyimin satışıdır. Mağaza insanların cəmləşdiyi bir yerdə yerləşdirilərsə, daha yaxşı olar. Belə bir mağazanın sahəsi 10 m2 -dan az olmamalıdır. Əlavə olaraq güzgülərin, manekenlərin, rəflərin və kassa aparatının yerləşdirilməsi sizin öz ixtiyarınıza buraxılır. 10-15 m2  sahəyə malik mağazanın avadanlığına 1 000-1 500 AZN xərciniz çıxacaq.

Alt geyim mağazasının gəlirliliyi

Alt geyim mağazasının rentabelliyinə çeşid, satışların həcmi və yerləşmə təsir edir. Ənənəvi olaraq çeşidin 90-100%-i qadın alt geyimlərindən təşkil olunur. Əlavə olaraq kişi və ya uşaq geyimi də nümayiş edilə bilər (10%). Hər iki variantın həm müsbət, həm də mənfi cəhətləri var. Bir tərəfdən qadınlar, adətən, yalnız özünə deyil, öz həyat yoldaşlarına və uşaqlarına da geyim alırlar. Digər tərəfdən isə heç bir kişi əsasən qadın alt geyiminə üstünlük verən mağazaya özünə nə isə almağa getməz.

Sizin mağaza yalnız qadın alt geyiminin satışı üzrə ixtisaslaşsa belə, geyim modellərini seçmək heç də asan olmayacaq. Bu sahədə təcrübəli olmağınız vacibdir. Orta qiymət seqmentində daha çox Latviyanın Rosme, Lauma, Juria, Roksa, Belorusun Milavitsa, Polşanın Atlantic və Key, İtaliyanın Comet, Lormar və Papillon, Koreyanın Rosa, Rycler, Lolita və Val brendləri sevilir. Brendi müəyyən etdikdən sonra, modelləri və ölçüləri müəyyən etməyiniz lazımdır. Ən geniş yayılmış ölçülər 75-85 B-D sayılır.

Unutmayın ki, qadınların əksəriyyəti alt geyim dəstlərinə üstünlük verirlər. Qadınların yalnız 20-30%-i alt geyim elementlərinin hər birini ayrı-ayrılıqda alır.

İlk partiyanı almaq üçün təxminən 6,500 -8 000 AZN vəsait tələb olunur.

Qənaət etmək istəyirsinizsə, malları birbaşa istehsalçının özündən ala bilərsiniz. Bu halda modellərin çeşidi o qədərdə çox olmayacaq.

Alt geyim mağazası biznesinin əsas üstün cəhəti ondan ibarətdir ki, burada malın saxlanılması və nəql edilməsinin xərci çox aşağıdır. Eyni zamanda, alt geyim satışı biznesi mövsümdən və ya müasir trendlərdən asılı deyil. Yaxşı olar ki, bir şəhərdə mağazanın bir neçə filialını açasınız. Belə halda özünüzü sığortalamış olursunuz.

İşçi heyətinin formalaşdırılmasında nüanslar

Mağazanın işçi heyətini seçərkən, diqqətli olmalısınız. Məlum səbəblərdən bu işdə qadınlara daha çox üstünlük verilir. Burada potensial işçiyə qarşı irəli sürülən əsas tələblər aşağıdakılardan ibarətdir:

  • ölçünü müəyyən etməyi bacarmalı
  • düzgün modeli seçə bilməli
  • müştəriyönümlü olmalı

Əgər mağaza ticarət mərkəzində yerləşirsə, minimum iki satıcıya ehtiyacınız olacaq.

Şəxsi biznesin digər sahələrindən biri də topdan satışdır. Pərakəndə satışdan fərqli olaraq, burada məşhur brendlərə üstünlük verməsəniz daha yaxşı olar, çünki artıq mövcud firmalarla rəqabət apara bilməyəcəksiniz. Topdan satışı həyata keçirmək  üçün çəkdiyiniz xərc daha çox ola bilər.

Alt geyim mağazası biznesində müştəriləri cəlb etmək üçün müxtəlif vasitələrdən istifadə edə bilərsiniz. Bunlara açıq reklam, radioda reklam, KİV-lər və s. aiddir. Reklama ayrılan vəsait, adətən, ümumi dövriyyənin 10%-ni təşkil edir.

Biznesin bu növünü açmağı planlayırsınızsa, təxminən 10,000AZN  maliyyə vəsaitiniz olmalıdır. Bura otağın icarəsi, avadanlıq, mallar və reklam xərcləri daxildir. 6-7 aydan sonra, yatırdığınız pulu geri götürəcəksiniz.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here