Yaşının az olmasına baxmayaraq o da öz biznesini quran gənclərdəndir. 22 yaşlı Tahirə Novruzova 153 saylı orta məktəbdə və Maliyyə İqtisad Kollecində təhsil alıb. 18 yaşından təşkilatçılığa başlayan və Farfalla Organization şirkətinin təsisçisi Tahirə ilə müsahibəni sizə təqdim edirk:
– Öz işini quranlar adətən, müəyyən bir yerdə çalışdıqdan sonra bu qərara gəlirlər. Bəs sizin öz işinizi qurmağınıza səbəb nə oldu?
Məndə də elə oldu. Biznes mərkəzlərində işləmişəm. Orada öz biznesin quran gəncləri gördükdən sonra niyə mən də yox? dedim və başladım bu sektoru araşdırmağa. Hələ də öyrənirəm. Cümləm klassik olacaq amma uşaqlıqdan təşkilatçılığı sevirəm. Ad günləri olanda mən təşkil edirdim. 18 yaşımda təşkilatçılığa 21 yaşımda şəxsi biznesə başladım.
– Bu gün fərqli biznes sahələri mövcuddur. Sizin seçdiyiniz də maraqlıdır. Bəs niyə təşkilatçılıq sahəsini seçdiniz?
Nələrsə təşkil etməyi sevirəm. Mənə görə hər təşkilatçılıqda kimlərisə xoşbəxt edirsən. Toyda cütlükləri, ad günlərində gəncləri. “Bir Təbəssüm Bir Ümid” layihəsində isə balaca dostlarımızı xoşbəxt edirik.
– Nə qədər maliyyə ilə başladınız?
0 Maliyyə ilə desəm çoxu inanmaz amma elə oldu. Hətta tək başlamışdım. Amma indi komandamızda 8 nəfər var. Ən yüksək xərc dizayn işlərinə çıxa bilərdi onu da Dizayner Asif Mustafayev öz öhtəsinə aldı və hərkəs təmənnasız bizə dəstək olur. Eventdə 6 aya 0 büdcə reklam ilə 7 minə yaxın izləyicimiz oldu. 10.000 dəvət gəldi. Bir tək avtobus və digər kiçik xərclərimiz çıxdı onu da komandamız sayəsində şəxsi büdcəmiz ilə həll etdik.
– Başqa hansı layihələriniz var. Yeni bir sahədə biznes qurmağınız gözlənilirmi?
Başqa “Şar Festivalı” “Futbol flashmobu” etmişəm. Kiçik xeyriyyə işlərim də olub. Amma “Bir Təbəssüm Bir Ümid” ən çox səs gətirən layihə oldu. Biz burda övladının təhsil alması üçün kitab, dəftər və digər ləvazimatları ala bilməyən ailələrə dəstək oluruq. 1ci layihəmizdə 5.000 əşya yığıldı. 50dən çox uşağa tək ləvazimat yox geyim, oyuncaq yardımı edildi. Əşyalar isə Bakı sakinləri tərəfində könüllü olaraq aksiyamıza hədiyyə olunur. Əlavə olaraq universitet, təşkilat, məktəb və şirkətlərdən də dəstək olur. Biz də onları toplayıb Bakı və rayonlarımızda təhsil alan balaca dostlarımıza aparırıq. Bu il Qubanın Buduq kəndində qonaq olduq. Möhtəşəm dağ kəndidir. Çox gözəl qarşılandıq orada. Məktəbin baxımsız olmasına baxmayaraq uşaqlar oxumağı çox sevirlər. Hətta onların özlərinə məxsuz “Buduq dili” var idi. Uşaqlara “Bu dil sizə məktəbdə keçilmir necə öyrənirsiz?” soruşduq “özümüz öyrənirik” dedilər. Biz də bacardığımız qədər balaca dostlarımıza təhsil almaqları üçün dəstək oluruq. Az da olsa buna nail olduğumuza inanıram.
Yeni biznes sahəsində də fəaliyyətim gözlənilir. “Cakeland” adlı online şirniyyat satışı edən xidmətim var. Qısa zaman içində fəaliyyətə başlayacayıq. Şirniyyat dünyasına fərqli ləzzət gətirəcəyimə inanıram. İlk sifarişi sizdən gözləyirik(gülür)
– Biznesə başlamaqla yanaşı, davamını gətirmək də lazımdır. Heç uzaqlaşmaq istədiyiniz olub?
O qədər olub. Hərşeyi atmışam bir kənara amma 5 dəqiqə sonra gəlib eventə baxmışam ki, neçə nəfər “gedirəm” edib. Fərq etmir sosial, biznes və ya digər sektor əgər işinizi sevirsizsə ondan imtina edə bilmərsiz. “Bir Təbəssüm Bir Ümid” o qədər də asan olmadı. Çox çətinlik çəkdim amma bugün fotolara baxanda, uşaqların gülən üzlərini görəndə “yaxşıki uzaqlaşmadım” deyirəm.
– İqtisadi təhsil alan bir tələbənin təşkilatçılıq sahəsinə meyllənməyinə reaksiya necə oldu?
Evdən o qədər də yaxşı olmadı. Amma nə edə bilərəm ki mənim bacarığım və marağım təşkilatçılığadır. Sevmədiyim işi öyrənməkdənsə sevdiyim işi öyrənməyi seçirəm mən və sevdiyim işi görəndə daha çox xoşbəxt oluram.
– Öz işini qurmağın üstünlüyü nədir?
Məsələn “Oyan işə gecikirsən” deyilmir. Amma daha çox məsuliyyət tələb edir. Ən adi bir səhv illərlə əziyyət çəkdiyin biznesi bitirə bilər. Bir addım atanda özünüzdən əvvəl komandanı düşünməlisiz. Diqqət və daha çox bilik tələb edir. Amma özünüzə güvənirsizsə başlaya bilərsiz.
– Öz işini quran gənclərə nə demək istəyərdiniz?
Əgər öz bizneslərini qurmağı seçiblərsə və başlayıblarsa demək heçkəsin etmədiyi birşeyi ediblər. Ən azından cəhd ediblər. Bu özü bir cəsarətdir. Uğurunuzda bir səhv axtaranlar olacaq, uğursuzluqlar olacaq. “Boş işlər görür” deyən olacaq. Haqqınızda mənfi və müsbət danışanlar olacaq. Amma vazgeçməyin. Hamı vazgeçməyi düşünür amma hərkəs vazgeçmir. Siz bacaranda sizə inanmayanlar belə sizdən danışacaq. Hər zaman pozitiv düşünün. “Mən bacaracam” deyib davam edin.