“Biz fikirləşdik ki, mağaza açaq və burada yerli sənətkarların əl işləri satılsın”

Date:

Paylaş:

-Necə oldu ki, bu mağazanı yaratmaq ideyası ağlınıza gəldi və bu sahədə hansı uğurları qazanmısınız?

-2009-cu ildə mən Norveç Humanitar təşkilatının işçisi olmuşam. Və bu təşkilatın regionlarda yaşayan sənətkarlara dəstək məqsədilə bir layihəsi oldu. Regionlara gedib sənətkarlar, ustalarla ünsiyyətdə olurduq. Maraqlanırdıq ki, onların əsas problemi nədir. Belə məlum oldu ki, ən böyük problem realizasiyadır. Bakıya turist gəlsə belə, regionlarda turizm çox inkişaf etməyib. Biz fikirləşdik ki, mağaza açaq və burada yerli sənətkarların əl işləri satılsın. Dükanın tarixi belə başlayıb. Biz bunu pul qazanmaq üçün yox, sırf sənətkarlara dəstək üçün edirik. Biz Şəkidə, Bərdədə məskunlaşmış Qarabağdan olan qaçqınlar, məcburi köçkünlərlə də işləyirik. Onların da əl işləri bizdə var. Sonra əlil insanlarla da iş birliyimiz var.

-Elə bir dizayn olub ki düşünəsiniz, amma onu həyata keçirmək uğurlu alınmayıb?

-Əlbəttə, elə bir şeylər olur. Bir neçə dəfə olub, biz düşünmüşük ki, bu insanlara maraqlı olacaq, amma bizim insanlar bunlara o qədər də hazır olmadıqlarına görə effektli olmayıb. Çünki mən tendensiyalara fikir verirəm ki, dünyada trenddə olan hansı əl işləri, suvenirlər var. Amma bizim insanlara bu hələ tam aydın deyil. Ona görə də, bizim alıcıların 80%-i turistlərdir. Bir də Bakıda yaşayıb, işləyən xaricilər.

-Milli ornamentlərlə hazırlanan əl işləri daha çox hansı ölkədən gələn turistlərin diqqətini çəkir?

-Bizim dükan 8 ildir fəaliyyət göstərir. Əvvəllər ən çox  alıcılarımız Amerika və Avropadan olan turistlər idi. Hazırda Rusiyadan çox turistlər  var və onlar da çox bəyənib, alırlar. Təəssüf ki, İrandan və Ərəb ölkələrindən gələn qonaqlar almırlar. Ola bilsin ki, mədəniyyətlərimiz yaxındır deyə bu əl işləri onlarda maraq oyatmır.

-Ümumilikdə mağazada neçə çeşid əl işləri var?

-Bizimlə yüz nəfərə yaxın sənətkar işləyir. Çeşid çoxdur. Dükan balaca olduğuna görə hər şeyi sərgiləyə bilmirik. Amma ümumiyyətlə sayını demək çətindir mənə. Bizdə gümüşdən hazırlanan zinət əşyaları, kuklalar və çoxlu digər çeşidlər var.

-Dizaynda daimi istifadə etdiyiniz xüsusi bir element var?

-Dükanın rəhbəri olsam da, mənim də hobbim var. Mən özüm vitrajla məşğulam, yəni şüşə üzərində rəssamlıq. Diametrik ornamentlər var, məsələn xalça ornamentlərindən də istifadə edirəm. Mənim ən sevdiyim isə butadır. Ən çox butadan istifadə edirəm. Dükanda olan hər bir əl işində də milli ornamentlər var. Bir də regionlarla işləyirik deyə Şəkidən, Lahıcdan, Qubadan olan sənətkarlar əl işlərində milli ənənəni saxlayırlar.

-Ən çox vaxt sərf etdiyiniz hansı əl işiniz olub və nə qədər müddətə tamamlamısınız?

-Böyük ölçüdə olan dekorativ boşqablar olub. Təxminən 1 aya yaxın vaxt aparıb, çünki orada xırda ornamentlər var idi. Böyük ölçüdə şəkillər də çox vaxt tələb edir.

-Dükanda ən ucuz və bahalı olan əl işləri hansılardır və neçəyədir?

-Ən ucuz açıqcalar, maqnitlər, breloklar var və xırda suvenirlər. Onların qiyməti 1-2 manatdan başlayır. Hətta açıqcalar 50 qəpikdir. Milli geyimdə kuklalar isə bahalı əl işləridir. Çünki onların hazırlanmasına 1 aydan çox vaxt gedir və peşəkar hazırlanır. Şəkidən şəbəkələr var. Onlar da kifayət qədər bahadır. Bundan başqa gümüş əşyalar da bahadır. Bahadır deyəndə, o əşyanın öz qiymətidir. Bizdə  400-500 manata əşyalar da var.

-Gənclərin marağı necədir bu sahəyə? Əl işlərinizi görüb, yanınıza gəlib öyrənmək istədiklərini təklif edirlərmi?

-Mən həmişə İncəsənət Universitetinin tələbələrinə deyirəm ki, öyrənirsiz, amma pul da qazana bilərsiz. Marağınız varsa buyurun, qapılarımız həmişə açıqdır. İşlərinizi götürə bilərik. Amma milli üslubda, milli ornamentlərlə bəzədilməli və keyfiyyətli olmalıdır. Çünki alıcılar turistlərdir. Maraqlanan, almaq istəyən gənclər də çoxdur.  Sadəcə onlar üçün biraz baha olur. Əl işidir. Dünyanın hər yerində belədir. Əl işi yaxşı qiymətləndirilir. Bizdə master klasslar olub. Həmçinin mühazirələr. Sənətkarı dəvət etmişik, elan vermişik insanlar gəlib. Sənətkar alətlərini göstərib, əl işlərinin nədən, necə hazırlandığını nümayiş etdirib.

-Bir çox insanlar boş vaxtlarında bacardıqları hər hansı əl işləriylə məşğul olurlar. Bəs siz boş vaxtlarınızı necə keçirməyi xoşlayırsınız?

-Mənim boş vaxtım demək olar ki yoxdur. Bu dükandan başqa mən fotoqrafiya ilə məşğulam. Səyahət etməyi xoşlayıram. Boş vaxt olanda çalışıram səmərəli keçirdim. Hobbilərim çoxdur.

-Fotoqrafiya sahəsinə necə gəlmisiniz?

-Mən qrafik və dizayn fakültəsində oxumuşam. Bu sahədə davam edə bilmədim. Həm vaxta, həm də bəzi problemlərə görə. O zaman fotoqrafiya mənə daha uyğun gəldi. Həvəskar fotoqraf kimi başlamışdım. Sonradan daha dərindən öyrəndim. Azərbaycan Fotoqraflar Birliyinin üzvü oldum. Bir neçə sərgilərdə iştirak etmişəm. Mənə elə gəlir ki, fotoqrafiya insanın öz düşüncələrini, fikirlərini göstərmək üçün bir üsuldur.

-Dükan üçün gələcək planlarınız nədir?

-Tək turistlər yox, xanımlarımız da milli üsluba üstünlük verirlər. Əvvəllər mən kəlağayı istifadə edəndə hamı fikirləşirdi ki, mən xariciyəm. İndi isə dəbdədir. Xanımlar sevə-sevə istifadə edirlər. Kəlağayı ilə bir yerdə zinət əşyaları da çox dəbdədir. Yaxın günlərdə planlarımız var ki, iş birliyimiz olan bir neçə sənətkarla milli zərgərlik işləri hazırlayaq. Qolbaqlar, sırğalar, üzüklər. Çoxu şəbəkə texnikası ilə işlənir. Amma təbii daşlarla bəzədilir. Yaxın vaxtlarda dükanda sərgilənəcək.

©interview.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...