Bu gün səhər bitkoinin dəyəri əsas iri oyunçuların bazara geri qayıtması səbəbindən 15%-dən çox artıb.
Bunu sövdələşmələrin detalları və ekspertlərin şərhləri də sübut edir.
İyirmidən çox birja üzrə orta qiyməti hesablayan “CoinMarketCap” portalının məlumatına əsasən, Bakı vaxtı ilə saat 09:27-yə olan vəziyyətə görə, bitkoin 16,68% bahalaşaraq 4,817 min dollara çatıb. Kriptovalyuta torqlarının həcminə görə ən böyük birja olan “Binance” birjasında bitkoinin dəyəri 15,94% artaraq 4,793 min dollara çatıb.
Digər məşhur kriptovalyutaların qiyməti də artmaqdadır: “Ethereum” 7,11% artaraq 152,46 dollara çatıb, “Ripple” 8,24% artaraq 0,3636 dollara çatıb, “Bitcoin Cash” 9,75% artaraq 185,17 dollara çatıb.
“CoinMarketCap”ın məlumatına görə, kriptovalyuta bazarının kapitallaşması hazırda 163,242 milyard dollar təşkil edir. Ümumi bazarın təxminən 52%-i bitkoinin payına düşür.
“Cryptolife.World” beynəlxalq şəbəkənin investisiya üzrə direktoru Mansur Hüseynov bu dinamikanı iri oyunçuların bazara qayıdışı ilə izah edir.
“Hesab edirəm ki, “ayı bazarı” bitdi. İndi bitkoin ya 3,2-5,6 min dollar aralığında torq olunacaq, ya da yalnız dəyər qazanacaq. Bazarda böyük xəbər yoxdur. Artım əhval-ruhiyyənin dəyişməsi və iri oyunçuların bazara qayıtması ilə əlaqələndirilə bilər”, – o deyib.