“Bitcoin” 7 800 dollara qədər ucuzlaşa bilər

0
607

“Bitcoin” kriptovalyutasının qiyməti ötən həftə ərzində maksimal səviyyə – 20 089 dollardan 40%-ə yaxın azalaraq 11 883 dollara qədər geriləyib. “Report” xəbər verir ki, geriləmə səbəblərindən biri investorların il ərzində 20 dəfə bahalaşan “bitcoin”də mənfəətlərini reallaşdırmaq istəkləri olsa da, digər səbəb də var.

Analitiklərin fikrincə, “bitcoin”in ucuzlaşması həmçinin noyabrın 8-də onun “SegWit2x” hardforkunun baş tutmaması ilə bağlıdır. Hardfork baş tutana qədər “bitcoin”in qiyməti 7 800 dollar təşkil edib. “SegWit2x” hardforku “bitcoin”in 1 MB olan blokçeyn ölçüsünü artıracaqdı. Belə ki, ilin əvvəlində “bitcoin”ə yaranan tələb, onun blokçeyn ölçüsünə uyğun gəlmir. Saniyədə 3-5 tranzaksiya həyata keçirən “bitcoin” tələbin artması nəticəsində “donmağa” başlayıb. Başqa sözlə, “SegWit2x” hardforkunun baş tutmaması, “bitcoin”in genişlənmə problemini aradan qaldırmayıb. Bu səbəbdən analitiklər “bitcoin”in 7 800 dollar səviyyəsinə qədər geriləyə biləcəyini istisna etmirlər.

Bununla yanaşı, ucuzlaşmaya daha bir səbəb kimi ABŞ hökumətinin kriptovalyuta birjalarına təzyiqi artırması amili göstərilir. Belə ki, ABŞ-ın əsas kroptovalyuta birjaları son zamanlar müştərilərdən müxtəlif sənədlər istəməyə başlayıb. Buna misal kimi Honq-Konqda yerləşən “Bitfinex” birjasının ABŞ vətəndaşları ilə əməkdaşlığı dayandırması göstərilir.