Banklar ilə vergi orqanları arasında informasiya mübadiləsində yenilik

Date:

Paylaş:

Vergi orqanları ilə banklar arasında məlumat mübadiləsi vergi nəzarətinin həyata keçirilməsi üçün mühüm əhəmiyyət daşıyır. İnformasiya texnologiyalarının inkişafı bu sahəyə müəyyən yeniliklər gətirib. Bunlardan biri də banklar ilə vergi orqanları arasında elektron informasiya mübadiləsinin təşkilidir. 

Əvvəllər hər hansı bir fiziki, yaxud hüquqi şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarına müraciət etdikdən sonra qeydiyyata alınmalı, VÖEN əldə etməli, daha sonra isə bu VÖEN əsasında banklarda hesab açmaq üçün vergi orqanına müraciət etməli idi. Müəyyən müddət sonra vergi orqanının xüsusi məktubu və şəhadətnamə-dublikat sənədi əsasında banklar həmin şəxsə cari hesab açmalı idilər. Yaxud nə zamansa ikinci bir cari hesabın açılmasına ehtiyac yaranardısa, bu halda da sahibkarlıq subyekti vergi orqanlarına müraciət etməli, şəhadətnamə-dublikat almalı, bank isə həmin şəhadətnamə-dublikata əsasən sahibkarlıq subyektinə hesab açmalı idi. Bütün bu proseslər kağız formatlı məktublar üzərində həyata keçirilirdi.

Bundan başqa, vergi orqanlarına olan borclarla bağlı hər hansı sahibkarlıq subyektinin hesablarının bloklaşdırılmasına ehtiyac yarandıqda, əvvəllər vergi orqanları banklara kağız formatlı məktub göndərirdi, banklar isə bu məktub əsasında həmin hesablarda olan vəsaitlərin bloklaşdırılmasını həyata keçirirdi. Məktubun banka təqdim edilməsi müəyyən zaman aldığı üçün iş istənilən halda ləngiyirdi.

Bu tip halların qarşısının alınması məqsədilə 2008-ci ildə Mərkəzi Bank, Vergilər Nazirliyi və Azərbaycanda fəaliyyət göstərən banklar arasında kollektiv saziş imzalandı. Bank mütəxəssisi Bəxtiyar Məmmədov bu faktı şərh edərkən bildirib ki, kollektiv sazişin əsas məqsədi vergi orqanları və banklar arasında şəhadətnamə-dublikat və vergi sərəncamlarının elektron mübadiləsini təmin etmək idi: “Saziş əsasında bütün banklar və vergi orqanları arasında Mərkəzi Bankın XÖHKS sistemi vasitəsilə informasiya mübadiləsi imkanı yaradılıb. Hər hansı sahibkar istənilən bankda cari hesabın açılması üçün vergi orqanlarına elektron qaydada, yaxud birbaşa müraciət etdikdə həmin sahibkarın müraciəti əsasında vergi orqanları tərəfindən müvafiq banka bu sistem vasitəsilə elektron şəkildə şəhadətnamə-dublikat təqdim edilir. Bank isə həmin şəhadətnamə-dublikata əsasən həmin sahibkar üçün müvafiq hesabın açılmasını təmin edir, bu barədə vergi orqanlarına həmin sistem vasitəsilə elektron şəkildə məlumat göndərir. Bu isə həm banklar, həm vergi orqanları, həm də sahibkarlıq subyektlərinin hesab açmaqla bağlı işlərinin kifayət qədər azalması və asanlaşması deməkdir. Bundan başqa, vergi öhdəlikləri üzrə yaranmış borclarla əlaqədar vergi orqanları hər hansı sahibkarlıq subyektinin hesablarının bloklaşdırılması qərarına gələrsə, bu halda həmin sahibkarlıq subyektinin hesablarına qoyulacaq sərəncam elektron sistem vasitəsilə müvafiq banklara göndərilir, həmin sərəncam əsasında banklar hesabları bloklaşdırır, hesabdan vəsait çıxarılması məhdudlaşdırılır. Bu məsələlərdə isə XÖHKS sistemi üçüncü və müstəqil tərəf rolunu oynayır, sərəncam və şəhadətnamə-dublikatların göndərilməsi və alınması ilə bağlı qeydiyyat XÖHKS sistemində mövcud olur”.

Mütəxəssisin fikrincə, texnologiyaların inkişafı bu istiqamətdə növbəti tədbirlərin də həyata keçirilməsinə gətirib çıxarmalıdır: “Hazırda ölkədə müxtəlif dövlət qurumları özəl sektorla hər hansı formada elektron informasiya mübadiləsi imkanları yaradıb. Bu sistemlərin mərkəzləşdirilməsi vahid elektron hökumət tipli bir qurum üzərindən həyata keçirilsə, daha effektli nəticə verə bilər. Dövlət və vətəndaş, o cümlədən sahibkarlıq subyektləri arasında elektron informasiya mübadiləsi, elektron xidmətlərin təşkili bu gün hökumətin əsas prioritetlərindəndir. Bu məqsədlə ölkədə elektron hökumət layihəsinin funksional imkanlarının genişləndirilməsinə başlanılıb. Əminliklə demək olar ki, bu layihənin həyata keçirilməsi dövlət-vətəndaş, vətəndaş-biznes münasibətlərinin daha da yaxşılaşmasına və şəffaflığın təmin edilməsinə mühüm töhfəsini verəcək”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...