Əsas səhifə Biznes Müsahibə Bal kimi brend yaradan balçı

Bal kimi brend yaradan balçı

188

Rəşad Rəşidov: “Komanda şəklində qazanılan uğur uzunmüddətli və sabit olur”

Deyir ki, boş vaxtı az olur. Olanda da onu arı təsərrüfatlarında keçirir, bu sektorda müəyyən yeniliklərlə tanış olur. Komanda işinə və müştəri məmnuniyyətinə böyük önəm verir. Biznesə başlamaq üçün təcrübə və investisiyanın böyük rolu olduğunu düşünür. Həmsöhbətimiz “Ballı” bal brendinin yaradıcısı Rəşad Rəşidovdur.
– Biznesin sahələri çoxdur və burada hansı sahəni seçmək önəmlidir. Nəyə görə bal sahəsini seçdiniz? 
– Bu sahəyə gələnə kimi bir çox şirkətlərdə satış rəhbərliyində çalışmışam. Balı seçmə səbəbim isə bizim ailəmizin bu işə bağlılığı olub. Mənim babam və atam da arıçı olublar. Uzun müddət bu sahə ilə bağlı beynimdə müəyyən fikirlər, strategiyalar var idi. Zaman elə gətirdi ki, 3 il əvvəl professional şəkildə bal satışına başladıq. Amma bu o demək deyil ki, biz o zamana kimi bal sahəsində deyildik. Ən azı, 50 ildən çoxdur ki, bu sahədə çalışırıq. Gözümü açandan arı təsərrüfatlarının içində böyümüşəm.
– Biznesin 3 il əvvəli – başlanğıcı necə idi?
– Həmin dövrdə məhsulun daha çox qablaşmamış formada satışını həyata keçirirdik. Amma zamanla bazara baxdıqda hiss olunurdu ki, bu işin satışında professional yanaşmaya ehtiyac var. Ona görə, bu sahəni araşdırmağa başladıq. Avropa, Amerika bazarında fəaliyyət göstərən bir çox şirkətlərin satış strategiyasını incələdik. Sonra özümüzə bir plan cızdıq ki, biz məhsullarımızı daha sanballı, yüksək səviyyədə qablaşdırılmış şəkildə təqdim etməliyik. Nəticə etibarı ilə də təqdimatımız məncə, kifayət qədər normal və uğurlu alındı. Brend olaraq artıq İqtisadiyyat Nazirliyinin xaricdə “Made in Azerbaijan” adı altında təşkil edilən qida sərgilərində iştirak etmişik. Balımızı Azərbaycan məhsulu kimi ölkə sərhədlərindən də kənarda  tanıtmışıq.
– Danışarkən “biz” deyirsiniz. Maraqlıdır, bu “bizə” kimlər daxildir? 
– Təbii ki, təbiətdən müştəriyə çatana qədər “Ballı” brendinin üzərində çalışan professional bir komanda var. İlk olaraq balın istehsalında, hazırlanmasında böyük əməyi olan arıçılarımızı qeyd etmək istəyirəm. Daha sonra mərhələli şəkildə hər kəs öz işini layiqincə yerinə yetirir.
– Bal satışı çətin olan məhsuldur. Bu məhsulla müştərini razı salmağı necə bacarırsınız?  
– Bal həqiqətən, kifayət qədər spesifik məhsuldur. Çünki balı saxtalaşdırmaq rahat, yoxlamaq isə çox çətindir. Zaman-zaman bazarlarda sui-istifadə halları olduğu üçün insanlarda bala qarşı ehtiyatlı davranış formalaşıb. Biz insanların məhsulumuza olan etibarını qazanmaq üçün bir sıra işlər gördük. Məhsulun kompleks halda təqdim olunmasına, qablaşmasına, keyfiyyətinə, saxlanmasına, doğru yerdə təqdim olunmasına kifayət qədər güc sərf etdik. Bu gün “Ballı”nın bazarda keyfiyyətli bal markası kimi tanınmasında gördüyümüz işlərin rolu böyükdür. Hazırda alıcılarımızın doxsan faizi təkrar müştərilərdir. Bir dəfə məhsulumuzu alıb dadına baxan, yenidən “Ballı”nı seçir. Həmçinin, biz satış nöqtələrimizdə müştərilərimizə balımızı laboratoriya şəraitində yoxlamağı təklif edirik. Bütün xərcləri müəssisəmiz ödəyir. Müştəri istənilən zaman məhsulun təbiiliyini laboratoriyada yoxlatdırıb əmin ola bilər. Bundan başqa, sosial şəbəkələr üzərindən də müəyyən aksiyalar keçirərək, insanlar arasında təşviqedici məlumatlar paylaşaraq markamız haqqında müsbət fikirlər yaradırıq.
– Məhsulun təbiətdən müştəriyə qədər keçdiyi proses haqqında məlumat verərdiniz.   
– Əslində, elə şüarımız da sizin sualınıza çox yaxındır. Yəni, məhsulumuz sexdə hazırlanmır, təbiətdən gəlir və həmin proses əslində, kifayət qədər zaman aparır. Bir arıçı il ərzində ortalama iki dəfə bal süzə bilər. Və həmin balı süzmək üçün bütün il ərzində təsərrüfata xidmət edir. Onun profilaktikasını aparır, doğru, vaxtında bir zonadan başqa zonaya köçürülməsini edir Əlbəttə, süzülmə ilə iş bitmir. Süzülmüş balın təbiiliyini qorumaq, tərkibindəki fermentlərin ölməməyi üçün saxlanılmasına, qablaşdırılmasına ciddi önəm vermək lazımdır. Ona görə də biz balın saxlanmasına, gigiyenasına, yeni qablaşmasına və doğru şəkildə, heç bir kənar təsir olmadan müştəriyə çatdırılmasına çox diqqət edirik.
– Müştərilərin məhsulunuz haqqındakı fikrini necə öyrənirsiniz?
– Bizim bir çox super marketlərdə satış nöqtələrimiz var. Burda satış menecerlərimiz müştərilərlə mütəmadi əlaqədə olurlar. Deyərdim ki, alıcılarımızdan kifayət qədər müsbət fikirlər alırıq. Həmçinin, sosial şəbəkələr üzərindən müəyyən sorğular keçiririk. “Facebook”da böyük izləyici sayı olan “Ballı” səhifəmiz, eyni adda onlayn mağazamız var. Bu platformalarda da müştərilərimiz balımız haqqında rəylərini qeyd edirlər.
 
– Bu sahədə rəqibləriniz çoxdur. Seçilmək, üstün olmaq üçün nə edirsiniz?
– Hazırda əsas məqsədimiz insanlara təbii balı çatdırmaq və bunu zövqverici formada etməkdir. Bunun üçün də biz hər bir elementə – qablaşdırmadan tutmuş, təqdim olunmasına, sonra müştərinin fikirlərinin öyrənilməsinə kimi bütün məqamlara çox diqqətlə yanaşırıq. Kompleks halda işləməklə müəyyən mənada bir nəticə formalaşdıra bilmişik. Amma rəqiblərlə fərq məsələsinə gəlincə isə bizim də, digər bal satan rəqiblərimizin də məhsulunun az və ya çox satılacağını biz yox, müştərilər təyin edir. Təbii ki, fərqin nə dərəcədə olub-olmadığını onlar deyə bilərlər. Amma biz, müştərilərimizin məmnuniyyəti üçün əlimizdən gələni edirik.
– Bir az da qurulan biznesi uğurlu etməyin sirlərindən danışaq.  
– İlk növbədə təcrübə olmalıdır. Daha sonra ətrafda sağlam, həqiqətən bu biznesi irəli çəkəcək insanlar  olmalı və doğru strategiya seçilməlidir. Sektor həm maddi, həm də strateji tərəfdən öyrənilməli, rəqiblər kifayət qədər araşdırılmalıdır. Rəqəmlər dəqiq hesablanmalıdır. Ən əsas da, ilkin başlanğıc – investisiyası olmalıdır. Başladıqdan sonra imkanlar açılır. Əgər iş uğurludursa hər kəs – həm fərdlər, həm dövlət orqanları lazım olan dəstəyi göstərəcəklər. Bu gün startaplara dəstək olmaq üçün daha öncəki illərə nisbətdə kifayət qədər müsbət məqamlar var. Gənclər bunlardan maliyyə baxımından faydalana bilərlər.
– Bu işdə təcrübə önəmlidirmi?  
– Əlbəttə, çox böyük önəmi var. Nəzəri biliklərə təcrübə, investisiya əlavə etdikdən sonra ortaya fərqli biznes çıxarmaq mümkündür. Hazırda gənclərin bir istəyi var. O da özlərinə kifayət qədər yaxşı gələcək qurmaq. Satışa yaxın sahələrdə çalışan gənclərin çoxundan soruşsan, gələcəkdə özlərini sahibkar kimi görürlər. Amma uğurlu nəticə almaq üçün öncə sağlam şirkətlərdə çalışmalı, təcrübə toplamalıdırlar. Universiteti bitirdikdən sonra doğru bir iş kollektivi seçib orda təcrübə toplamağa ehtiyac var. Bir müddətdən sonra təcrübə insanda yeni bir işə başlamaq üçün özünəinam yaradır. Yəni, həmin gənc yeni biznesə başlamaq üçün hazır olduğunu düşünür. Əlbəttə, zamanla müəyyən çətinliklər olacaq, amma təcrübə və özünəinamın olması onları dəf etməyə kömək edəcək.
– Dediniz ki, investisiya əsas məsələlərdən biridir. Biznesə başlamaq üçün nə qədər pul lazımdır?
– Bu, biznesin qurulduğu sahədən, qurmaq istədiyiniz işin həcmindən, məkanından asılıdır. Kifayət qədər dostlarımız var ki, simvolik investisiya ilə bu işləri başlayıblar. Həmin dövr üçün nə qədər məvacib lazım olduğunu heç vaxt hesablamamışam. Çünki biz bu işə başlayanda təsərrüfatlarımız, infrastrukturumuz var idi.
 – Bəs işə başlayarkən hansı çətinliklərlə üzləşdiniz? 
– Bütün bizneslərin başlanğıcında çətinliklər olur. Həm psixoloji, həm də maddi və texniki çətinliklər qaçılmazdır. Amma bunun gözəlliyi də ondadır ki, bütün çətinlikləri dəf edərək irəliləyirsiniz. Bütün xidmət sahələrində uğurlu olan insanlar bu çətinlikləri keçirlər. Əsas olan, bu çətinlikləri dəf etmək üçün yaxşı hazırlığa, komandaya və məhsula sahib olmaqdır. Çətinliklərdən heç vaxt qorxmasınlar. Çətinliklər olmasa, şirkət böyüməz, inkişaf etməz.
– Bu işdə dəstəkçiləriniz kim olub?
– Dəstəkçilərimiz çox olub. Biz şirkətdə “mən” yox, “biz” sözünü işlədirik. Uğur fərdlərə görə olmur. Komanda şəklində qazanılan uğur uzunmüddətli və sabit olur. “Ballı”da məhsulun ərazidən toplanmasında əməyi keçənlərdən başlayaraq,  texniki  işlərə qədər hər kəs dəstək olur. Həmçinin, dövlətimizin də bu işdə dəstəyi böyükdür. Təbii ki, ən böyük dəstəyi isə müştərilərimiz verir. Onların məhsulumuzu bəyənməsi, yenidən məhsulumuzu seçməsi bizim üçün ən böyük dəstək və motivasiyadır.
– Müsahibələrinizin birində Azərbaycanı bal brendi ilə dünyada təmsil etmək istədiyinizi deyibsiniz.
– Bəli, bir çox ölkələrin məhsullarını daddıqda, görürük ki, Azərbaycan balı tərkibinə görə çox zəngindir. Ölkəmizdə 9 iqlim qurşağının olması imkan verir ki, kifayət qədər zəngin bal istehsal edilsin. Ona görə də düşünürəm ki, bizim balın təqdimatı düzgün edilərsə, kifayət qədər ixrac potensialı var. “Ballı” olaraq keçən il Qətərə məhsul ixrac etdik. Bu il də bir neçə ölkəyə və eləcə də, Uzaq Şərqə və Körfəz ölkələrinə ixrac edəcəyimiz artıq dəqiqdir. Növbəti illər üçün də ixrac potensialımızı genişləndirməyi düşünürük.
– Bəzən ilk cəhddə alınmayanda, geri çəkilənlər olur. Onlara nə demək istəyərdiniz?  
– Təbii ki, “hər şey ilk cəhddə alınacaq” kimi bir qayda yoxdur. İlk cəhddən həvəsdən düşmək olmaz. İstək realdırsa, güclüdürsə, içdən gəlirsə, davam etdirsinlər. Əgər bir sahədə nəticə alınmırsa, sahəni dəyişsinlər. Özlərinə inandıqları, güvəndikləri sahədə irəliləsinlər.
– Biznesdə təhsilin rolundan danışaq…  
– Əlbəttə, burada təhsil də önəmlidir. Amma təhsillə bərabər bir çox fərdi keyfiyyətlər də olmalıdır. İşin 50 faizi təhsilin, qalan 50 faizi isə şəxsi keyfiyyətlərin üzərinə düşür. Təhsil ona görə önəmlidir ki, insan rəqəmlərlə işləyir və doğru analizlər etməlidir. Kompleks halda saysaq, təhsil və təhsildənkənar şəxsi fərdi və təcrübi keyfiyyətlər mütləq olmalıdır.
 
– Gənclərə məsləhətiniz nədir?      
– İlk olaraq sevdikləri işlə məşğul olmaqlarını tövsiyə edirəm. Çünki bütün işin, uğurun arxasında sevgi dayanır. İşə olan sevgi gələcəkdə uğura çevrilir. 3-5 il gec başlaması deyil, əsas sağlam başlaması önəmlidir. Əgər mən də müəyyən şirkətlərdə işləyib təcrübə toplamasaydım, “Ballı”da nəticə ala bilməzdim. Mərhələli şəkildə irəliləmək, inkişaf etmək lazımdır.
kaspi.az